BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sevgi bu qədər “qruppavoy” olmur...” - Şərif Ağayar

“Anarın Təhminə obrazı belə ürəkbulandıran deyil. Təhminə azad yaşamaq, sevmək-sevilmək, xoşbəxt olmaq istəyən bir qadındır. Sizin dediyiniz məntiqlə yanaşsaq Yusifi sevdiyi üçün Züleyxanı qınamalıyıq, yaxud Anna Kareninaya əxlaqsız kimi baxmalıyıq. Cəfər Cabbarlının Almazını isə daş-qalaq etməliyik. O, kənddə atasız doğulmuş uşağı öz boynuna götürüb ölümü gözə alaraq dini-mental cəmiyyətə qarşı çıxmışdı”.

 

Bu sözləri Yenisabah.az-a yazıçı Şərif Ağayar FHN polkovniki Zaur Mirzəyevlə Xalq Yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin qəhrəmanı Zaurun eyniləşdirilməsi ilə bağlı verilən suala cavab olaraq deyib. O, daha sonra əlavə edib:

 

“Anarın əsəri doğurdan da, qadınlara azad sevməyi, azad yaşamağı öyrədibsə, mən bunu alqışlayıram. Burada mənfi heç nə yoxdur. Ədəbiyyatın işi elə budur. İnsana azad olmağı, azad yaşamağa öyrədir. Amma FHN-lə bağlı videolarda məsələ başqadır. Burda sevgidən söhbət gedə bilməz. Əvvəla sevgi bu qədər “qruppavoy” olmur.

 

İkincisi, sevgi olsa belə bunu dövlət binasındakı iş otağında dövlətin uniformasında yaşamağa ehtiyac yoxdur. Hələ üstəlik çəkiliş məsələsi və bu çəkilişin yayılması... 

 

Əlbəttə, mən də o qadınların bu şəkildə kütləvi təhqir və linç olunmasının tərəfdarı deyiləm. Heç bir halda özəl həyatın ictimailəşməsi doğru deyil. Problem kimin harada nə etməsində də deyil, sosial zülmün və ədalətsizliyin bizi gətirib bu həddə çatmasındadır. Görün, bizi kimlər idarə edir? Taleyimiz kimlərdən asılıdır?”

 

Yazıçı fikirlərinə bu cür davam edib:

 

“Mən bu videolarda heç bir ədəbiyyat təsiri görmürəm. Konkret şantaj məsələsidir və Azərbaycanda dövlətin çox ciddi böhran yaşamasının göstəricisidir. Ədəbiyyat azadlığı təbliğ edir. Hər bir istiqamətdə. Lakin kimsə bu azadlıqdan istifadə edib, şəxsi maraqları üçün rəisinin qabağında soyunursa, bu onun öz problemlidir. Yüksək vəzifə sahibinin isə bütün bunları çəkib bu və ya digər şəkildə yayması isə artıq, dediyim kimi, dövlətin içindəki mənəvi metastazın əlamətidir.

 

Ümumilikdə qadın bədəni ilə bağlı bu kimi halların tez-tez baş verməsi cəmiyyətimizin azad olmaması ilə bağlıdır. Ədəbiyyatın təbliğ etdiyi azad cəmiyyət olarsa, heç kim qadını çəkərək şantaj edə bilməz. Qapalı və geri zəkalı cəmiyyətdə sevgi yaşamaq, yatağa girmək dəhşətli biabırçılıq sayıldığı üçün kiminsə əlində kəsərli silaha çevrilir”.

Tarix: 19 Avqust 2022, 23:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin