BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar gedir?

Azərbaycan Yazıçılar Birliyi (AYB) növbəti qurultaya hazırlaşır. Sentyabrın 30-na planlaşdırılan qurultayda AYB-nin sədr postuna yeni seçki də keçiriləcək. Hələ ki AYB-də tufanqabağı sakitlik hökm sürür. AYB üzvlərinin çoxları Anarın sədr vəzifəsində qalacağını düşündüyündən qurultay barədə hansısa mülahizə irəli sürməkdə maraqlı deyil. Amma sədrin dəyişməsini istəyənlər də var. Hətta bəziləri seçkidə AYB rəhbərliyinin dəyişəcəyinə inanır. Bu arada belə fikirlər dolaşır ki, sentyabr qurultayında Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək. AYB-dən bildiriblər ki, qurultayda əksəriyyət hazırkı sədr Anarı dəstəkləyəcək, ancaq alternativ namizəd olmaq da qadağan edilməyib. Hələ ki Anardan  başqa namizədliyini irəli sürən yoxdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a mövzu ilə bağlı bunları dedi: “Qurultay öncəsi belə söhbətlər həmişə olur. Mən bunun dəfələrlə şahidi olmuşam. Amma həlledici məqama gələndə qurultayda heç kəs durub öz sözünü demir. Onların əksəriyyəti qurultaydan əvvəl saytlara, qəzetlərə bol-bol açıqlamalar verirlər. Burada iki tərəf var - ya pisləyir, ya da tərifləyirlər. Qurultayın öz qaydası var, seçkili orqandır. Dəfələrlə iştirak etmişəm, sədr seçkisində zala müraciət olunur, ”kimin əlavə namizədi var desin"- deyə müraciət edilir. Bu danışanların heç biri durub orada namizəd adını çəkməyə cəsarəti çatmır. Amma saytlara şərafətli, ürəkli müsahibələr verirlər. Düzdür, bunu onlara sual etsəniz, deyəcəklər ki, seçilməyəcəksə, namizədi verməyə lüzum yoxdur. Yaxşı seçilməyəcəkdə də, sən bunu de, qoy tarixdə qalsın. Bir dəfə son qurultayın birində rəhmətlik dostum Akif Səməd qırmızı köynək geyinmişdi. Qalxdı dedi ki, mən öz namizədliyimi verirəm. İnanın ki, bu söz tarixdə qaldı, hamı ondan danışdı. Akif Səmədin namizədliyi qəbul olunmasa da, bu cəsarəti ilə yadda qaldı. Bu qədər saytlarda müsahibələr verməkdənsə, qurultayda namizədliyini irəli sürsünlər.

 

Qaldı ki, mənim fikrimə, bayaq saytlardan birində fikir oxudum, “Anar müəllim getsə, Yazıçılar Birliyi parçalanacaq, AYB Anarın ətrafında formalaşıb”. Bunda  həqiqət var. Yazıçılar Birliyinin saxlanılması, onun maliyyəsi, orada müəyyən adamların maaş alması - bunlar hamısı Anar müəllimin şəxsi nüfuzunun sayəsindədir. AYB ətrafında ən çox AYB-yə üzv olmayanlar danışır. Hələ ilk olaraq üzv olsunlar, qurultayda iştirak etsinlər, öz sözlərini desinlər. Orada heç birinin səsi çıxmayıb, Anar yekdilliklə qəbul olunub. Sən qəbul etsən də, etməsən də həqiqət  budur".

 

Yazıçı Cəlil Cavanşir də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Seçkili orqandırsa, kimsə namizədliyini verməlidir, normal seçki ilə həmin şəxs sədr seçilə bilər, ya da seçilməz. Bizdə isə məsələ fərqlidir. 30 ildir hörmətli Anar müəllim o vəzifəni öz atasının əmlakı kimi mənimsəyib və qətiyyən o postdan getməyi düşünmür. Düşünürəm ki, növbəti seçkiyə kimi Anar yenə postunda qalacaq. Çünki namizədliyini verməyi düşünürsə, bu o deməkdir ki, Anar seçiləcək. Azərbaycan Yazıçılar Birliyi elə ovqatdadır ki, Anarın ”kəsdiyi başa sorğu-sual yoxdur". Bu baxımdan düşünürəm ki, Anarın sədrlikdən getməsi qeyri-mümkün məsələdir. Böyük ehtimalla bir neçə əlavə namizədlər də olacaq. Onlar da Anarın namizədliyini legitimləşdirmək üçün qurultay şousu yaradacaqlar. Hesab edirəm ki, dəyişiklik olmayacaq.

 

Yazıçı AYB sədrliyinə iddialı olanların adlarını çəkdi: “Anar getsə, qarışıqlıq olacaq” söhbəti isə olduqca cəfəngdir. Yazıçılar Birliyinin daxilində də, ondan kənarda da onlarla gənc, müasir düşüncəli insan var ki, AYB-ni irəli apara bilər. Biz zamanında bunları demişik, hər dəfə biz Anarı tənqid edəndə ona qarşı kampaniya apardığımızı düşünürlər. Amma bir adam 30 ildən sonra getməlidir və yerinə gənc, çevik düşünə bilən, beynəlxalq əlaqələri qurmağı bacaran bir insan gəlməlidir və AYB ətalətdən çıxmalıdır. AYB-də sədr seçilməyə layiq insanlar var. Misal üçün, Səlim Babullaoğlunun beynəlxalq təcrübəsi yaxşıdır, seçilərsə, AYB üçün çox böyük faydası olar. Rəşad Məcidi deyə bilərəm, gənclərlə münasibəti yaxşıdır, həm də işdən məlumatı olan bir insandır.  AYB-dən kənarda da kifayət qədər bacarıqlı insanlar var. Məsələn, Qismət Rüstəmov kimi çox ciddi bir adam AYB-dən uzaqlaşıb. Həm dünya təcrübəsi baxımından, həm çevik təfəkkürü baxımdan Qismət daha faydalı ola bilər".

 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Qurultay ərəfəsində həmişə söz-söhbətlər olur.  AYB-yə başçılıq etməyə iddialı adamlar çoxdur. AYB-nin rəhbərliyi də tək bir adamdan ibarət deyil. Anar yaşlıdır, birliyə rəhbərlıik edir, amma onun yanında cavan olan Çingiz Abdullayev, Rəşad Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəli və digər cavan katiblər də var. Ona görə bu birliyin işinin pozula biləcəyi, qarışıq düşəcəyi iddiası yanlışdır. AYB  zavod, neftçıxarma müəssisəsi deyil, hər gün bazara məhsul buraxan təşkilat deyil. Bu yaradacılıq təşkilatıdır, ədəbi-bədii jurnallar, dərgilər ora bağlıdır. Ədəbi mühiti qoruyan, yazıçıların təşkilatlanmasına imkan verən ocaqdır. Ora kimin başçılıq etməyi əslində heç nəyi dəyişmir. Əlbəttə, AYB-yə sədrlik üçün iddialı olan adamlar var. 15 il əvvəl mənə də demişdilər. Bəlkə də həvəslə gedərdim, gənclər o vaxt çox təkid etdilər. Amma sonra gördüm Anar işləmək istəyir, onda dedim ki, Anar qalırsa, mən iddialı deyiləm. Bu məsələyə görə Anarla münasibətimizi pozmaq niyyətim də yoxdur. İndi də elə bir niyyətim yoxdur, çünki hər işin müəyyən bir dövrü var. Anarın sağlamlığı imkan verirsə, həvəsi varsa, bu işi davam etdirirsə, problem yaranmırsa, işləsin də. Adam istəyir ki, AYB-də ömrünün sonuna kimi işləsin. Əgər AYB-də istəmirlərsə, kimsə çıxsın, namizədliyini versin, qurultayda müzakirə edilsin. AYB-də kimi istəyərlərsə, onu da seçə bilərlər. Düşünmürəm ki, Anar buna etiraz edər”.

 

Hər zaman AYB-yə qarşı sərt fikirlər səsləndirən yazıçı Şərif Ağayar da mediaya açıqlamasında bu mövzu ilə bağlı fikirlərini açıqlayıb: “AYB müasir dövrlə uyğunlaşmayan kolxoz təfəkkürlü yerdir. Bu dünyada bir-biri ilə axıracan razılaşan iki yazıçı ola bilməz. Sartr və Kamyu kimi ən yaxın dostaırn arasına da mübahisə düşdü və yolları ayrıldı. Yaradıcılıq yalquzaqlıqdır. Amma AYB-nin qurultayları olur, yüzlərlə adam hamısı bir nəfər kimi Anara səs verir. Və bu proses 35 ildir ki davam edir. Təsəvvür edirsiniz? Dünyanın heç bir sivil yazıçısına bu komediyanı izah edə bilməzsiniz. Bu təfəkkürdə olan insanlar nə yazacaqlar? AYB 1934-cü ildə Stalin tərəfindən ədəbiyyatı idarə eləmək üçün yaradılmış bir təşkilatdır. SSRİ-də ədəbiyyat partiyanın beşillik planları ilə idarə olunurdu. Hüseyn Cavidə deyirdilər, niyə traktor, pambıqdan yox, iblisdən yazırsan. Doğrudur, indi həmin dövr deyil, lakin ən vacib məsələlərə münasibətdə AYB heç dəyişməyib. Eyni totalitar düşüncədədir. Üstəlik ədəbiyyat sahəsini tamamilə öz monopoliyasına alıb. AYB-yə görə Azərbaycanda heç bir ədəbiyyatla bağlı sivil ictimai təşkilat qeydiyyatdan keçib dövlətlə işləyə bilmir. Qeyri-hökumət təşkilatına dövlət büdcəsindən niyə vəsait ayrılmalıdır? Bizim qanunvericilikdə belə bir prosedura yoxdur. Mən demirəm, ayrılmasın, ayrılsın, lakin sivil qaydalarla. Qanunvericiliyə uyğun olaraq. AYB-yə ayrılan pullar azad və gerçək ədəbiyyatın yaranmamasına sərf olunur, çünki sistem əvvəldən belə qurulub. Azərbaycanda yaxşı əsərlərin yaranmamasının əsas səbəbi ya yazıçının iqtisadi cəhətdən azad olmaması, ya da azad yazıçının nəinki yaradıcılıq, hətta yaşamaq imkanlarından məhrum qalmasıdır.

 

Bu gün AYB nəinki lazım deyil, hətta zərərlidir. Ədəbiyyat o zaman inkişaf edər ki, dövlət kolxoz kimi saxladığı təşkilatı buraxır, konkret layihələrlə işləyir. Azərbaycanda 50 nəfər ciddi funksional imza yoxdur. AYB-də oturan, danışanda ağzından dovğa tökülən yüzlərlə “qələm adamı”nı öz işlərinin ardınca göndərmək lazımdır. Əgər bir adamın əvvəl iki uğurlu romanı çap olunub, yaxşı iyirmi hekayəsi varsa, deməli, yaza bilir. Həmin adama normal qonorar və zaman verirsən, o da sənə yaxşı əsər yaradır. Arxasınca həmin romanın dünyada təbliğatı ilə məşğul olursan. Yoxsa ətək öpməyə alışmış istedadsız, mənəviyyatsız adamlara qarşı bir tək sən nə edə bilərsən? Biz dövlətdən heç nə istəmirik".

Tarix: 26 Avqust 2022, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin