BURADA REKLAMINIZ OLA
BİLƏR

Polislə sürücü arasında insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, mayor Araz Əsgərli Bakıda gecə saatlarında yol polisi ilə sürücü arasındakı mübahisənin görüntülərinin sosial şəbəkələrdə yayılmasına münasibət bildirib.

 

A.Əsgərli Pravda.az-a açıqlamasında deyib ki, yol polisinin xüsusən gecə saatlarında istirahət və əyləncə mərkəzləri, o cümlədən sürücülərin sərxoş halda avtomobil idarə etməsi ehtimal olunan yerlərdə seçmə üsulu ilə nəzarət profilaktiki qaydada sərxoşluq müayinəsi aparması tam qanunidir:

 

“Beynəlxalq praktikada da bu proses eyni formada icra olunur. Hər bir yol polisi əməkdaşı da bilməlidir ki, vətəndaşa “Sizin avtomobilinizi sərxoşluğun yoxlanılması üçün saxlamışıq” deməsi kifayətdir. Əgər kiməsə günün günorta çağı universitet önündə və ya cümə günü namaz vaxtı məscid önündə saxlayıb, belə bir tədbir keçirdirik desələr, bax, bu, təəccüb yaradan hal kimi qiymətləndirilə bilər. Qaldı ki sürücünün video çəkliş etməsinə burada heç bir qəbahət yoxdur. Yol polisi də xidmətdə bu cür avadanlıqlardan istifadə edir və tam qanunidir. DİN fəaliyyətini aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun şəkildə təmin edir, lakin kiminsə xidməti prosesdə çəkilən video və foto materiallarını, yəni şəxsi məlumatlarını çəkib ictimailəşdirmir. Çünki bu, artıq qanun pozuntusu olmaqla yanaşı, etik olmayan və sivil cəmiyyətə xələl gətirən addım kimi qiyməyləndirilir”.

 

A.Əsgərli sözügedən görüntülərdə polis əməkdaşlarının sürücü ilə danışıqlarında lüzumsuz dialoq olduğunu da deyib:

 

“Bəli, buna görə də aidiyyatı üzrə xidməti araşdırma aparılır və həmin əməkdaşlar barəsində də qanuni tədbir görüləcək. Lakin ümumilikdə cəmiyyətimizdə yanlış olan və davam edən mənfi bir tendensiya da formalaşıb. Hamı hamıya nəyisə sübut etməyə çalışır və hesab edir ki, özü hər kəsdən ağıllıdır, hər şeyi daha yaxşı bilir və etdikləri düzdür. Gəlin hamımız hüquqlarımızı və vəzifələrimizi düzgün şəkildə qiymətləndirək qaydalara hörmətlə yanaşaq, etik çərçivədən uzaqlaşmayaq. Bir-birimizin qarşısındakı üstünlüyümüz məsuliyyətli olmağımızla, qanunların aliliyi prinsiplərinə əməl etməyimizlə ölçülsə, cəmiyyət üçün daha faydalı olar”.

 

Aytəkin Qardaşova

Tarix: 30 Avqust 2022, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin