BURADA REKLAMINIZ OLA
BİLƏR

Media Reyestri jurnalistlərə nə verəcək? – Baş redaktorlar DANIŞIR

“Media haqqında qanun”da nəzərdə tutulan Media Reyestrinin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq Medianın İnkişafı Agentliyi qanunla bağlı maarifləndirmənin gücləndirilməsi, onlayn media subyektlərinin peşəkarlığının artırılması istiqamətində önəmli addımlar atmaqdadır.

 

Bununla bağlı Modern.az-a danışan onlayn media rəhbərləri düşünür ki, Media Reyestrinin aktivləşdirilməsi, onlayn media subyektlərindən gündəlik minimum 20 özəl xəbər istehsal etmək tələbi, saytların əlaqə bölməsində məlumatların şəffaflaşdırılması və bu kimi məqamlar onlayn medianın peşəkarlaşdırılmasına müsbət təsir göstərəcək

 

Kimin əsl jurnalist olduğu üzə çıxacaq

 

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə hesab edir ki, Media Reyestrinin fəaliyyətə başlaması nəticəsində kimin əsl jurnalist və kimin jurnalist adından istifadə edən dələduz olduğu ortaya çıxacaq:

“Media Reyestrinin yaradılmasını müsbət hal kimi qiymətləndirirəm. Nəhayət, kimin əsl jurnalist və kimin jurnalist adından istifadə edən dələduz olduğuna qərar veriləcək. Bu gün Azərbaycan mediasında jurnalist az olsa da, jurnalist olmaq istəyənlər çoxdur. Bu baxımdan, Media Reyestrinin fəaliyyəti süzgəc rolunu oynayacaq. Süzgəcdən keçənlər jurnalist kimi fəaliyyətlərini davam etdirə biləcəklər.

 

Medianın İnkişafı Agentliyinin saytlardan günlük 20 özəl yazı tələbinə gəlincə, əslində, xəbərin kriteriyalarını tam aydın bilmirəm. Lakin bütün hallarda “copy-paste” sistemindən əl çəkməyin vaxtıdır. Ən azından istinad mədəniyyətinə əməl edilməlidir. Hər bir sayt öz məhsulunu ortaya qoymalıdır. Azərbaycan öz imkanları daxilində medianın inkişafına töhfə verə bilər. Əsas odur ki, peşəkar saytlarla qeyri-peşəkar saytlar arasındakı fərqlər dəqiq müəyyənləşdirilsin. Azərbaycan mediası uzun müddət Əli Həsənov-Vüqar Səfərli cütlüyünün rəhbərliyi altında olub və bu cütlükdən xeyli sayda mənfi tendensiyalar yadigar qalıb. Artıq ölkəmizdə yeni dönəm yaranıb. Mətbuat daha azaddır və ictimai rəyə təsir etməyi bacarır. Bu baxımdan, köhnə, pis vərdişlərdən imtina etmək və yeni dövrün tələblərinə uyğun davranmaq lazımdır. Fikrimcə, bundan sonra Azərbaycan mətbuatı daha peşəkar mövqedən çıxış etməyə başlayacaq. Mətbuatın ayrı-ayrı məmur oliqarxların nəzarətindən çıxmasına kömək etməliyik”.

 

Bu, təşviqedici bir alətdir...

 

“Media haqqında” qanunun qəbulundan sonra bu sahədə səsləndirilən ideyaların, nəzəri fikirlərin tədricən praktikaya keçirilməsi mərhələsinin başlandığını diqqətə çatdıran “Türküstan” qəzetinin və turkustan.az xəbər saytının rəhbəri Aqil Camal söyləyib ki, MEDİA Agentliyi sentyabr ayından bu yöndə konkret addımlar atmağa hazırlaşır:

“Buraya, istər jurnalistlərin akkreditasiyası ilə bağlı, istərsə, media subyetklərinə yönəlik meyarların tətbiqi aiddir. Onlayn media subyektləri ilə bağlı meyarlara gəlincə, ilk baxışdan, hesab edirəm ki, burada məqsəd media adına ortada olan böyük bir “dərya”da tədrici aydınlıq və şəffaflıq yaratmaq, gerçək medianın və mediaçılığın sərhədlərini müəyyən etməkdir. Məsələn, onlayn media subyektinin minimum 20 özəl xəbər istehsalı meyar kimi götürülür. Bu, bütün zamanlarda monitorinq ediləcək meyar deyil. Amma, müəyyən dövr lazım olacaq. Ola bilsin, ciddi monitorinq şəraitində bu tələb sui-istifadələrə, “pripiskalara” yol aça bilər. Amma, əsasən, özəl xəbər istehsalına töhfə verəcək. MEDİA Agentliyinin layihəsi olan METRİX də bu sahədə etimadlı platforma kimi inkişaf etdirilməlidir. Mən son dövrlərdə diqqət edirəm, media camiəsində METRİX-ə istinadlar, buradakı reytinqlərə diqqət edən, fəaliyyətini ona uyğun qurmaq istəyən media qurumları çoxdur. Bu da, təşviqedici bir alətdir”.

 

Media Reyestri mediada şəffaflıq yaradacaq

 

Bakivaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlu xatırladıb ki, Prezident İlham Əliyevin 8 fevral tarixli Fərmanında altı ay ərzində Media Reyestrinin yaradılması ilə bağlı tapşırıq nəzərdə tutulub. Bu sahədə görülən işlər artıq yekunlaşmaq üzrədir və verilən rəsmi məlumatlara görə, Media Reyestrinin yaradılması normativ hüquqi bazanın və texniki təminatın formalaşdırılması olmaqla iki istiqamətdə həyata keçilir:

“Belə ki, normativ hüquqi bazanın yaradılması ilə əlaqədar Medianın İnkişafı Agentliyi tərəfindən Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Müvafiq Fərmana uyğun olaraq Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində isə tədbirlər görülməkdədir. Öncə qeyd edim ki, bəzilərinin düşündüyü kimi, Reyestrdə jurnalistlərin qeydiyyatı məcburi deyil, hər kəs orada olub-olmamaqla bağlı qərarı özü verəcək. Yəni, Media Reyestrində həm media subyektləri, həm də könüllülük əsasında jurnalistlər qeydiyyata alına bilərlər. Media Reyestri media sahəsində sistemli yanaşmanın tətbiqini məqsəd kimi qarşıya qoyur.

 

Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Haqlı olaraq hər birimiz “Media Reyestri jurnalistlərə nə verəcək” sualına cavab axtarırıq. Bu reyestrə daxil olacaq jurnalistlərə vəsiqələrin verilməsi, onlar üçün müəyyən imtiyazların müəyyən edilməsi media sahəsindəki çatışmazlıqları, problemləri daha tez aradan qaldırmağa kömək edəcək. Reyestrdən keçən mətbuat orqanları üçün gələcəkdə həm reklam bazarında, həm də digər məsələlərdə müsbət istiqamətlər açılacaq. Reyestrdən keçən mətbuat orqanlarının jurnalist əməkdaşları da reyestrdən keçəcək.

 

Məlumdur ki, dövlət başçısı güzəştli ipoteka haqqında sərəncam imzalayıb və reyestrə adı düşən mətbuat orqanları, jurnalistlər güzəştli ipotekanın şərtlərindən də istifadə edə bilər. Bu isə jurnalistlərin sosial problemlərinin həllində də öz köməyini göstərəcək. Bir sözlə, Media Reyestrinin fəaliyyətə başlaması media sahəsində şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bəlli olduğu kimi, MEDİA tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində maliyyə vəsaiti ayrılır. MEDİA-nın tələblərindən biri də həmin saytların gündəlik 20 özəl material tələbidir.

 

Qeyd edim ki, 20 özəl material tələbini yerinə yetirmək jurnalistlər üçün gündəlik iş normasına çevrilib. Bu tələb əksər saytların “copy-paste” hallarının qarşısına sədd çəkir. Artıq mətbuat nümayəndələri başqa agentlik və saytlarda xəbərləri “copy-paste” etməkdənsə, özəl yazılara üstünlük verirlər. Bunun özü isə jurnalistlərin peşəkarlığına kömək edir. Yəni, jurnalistin fikri kimdənsə, belə deyək, yazı oğurlamağa yox, özünün yeni mövzular axtarışına çıxmasına təkan verir. Belə olanda isə jurnalist ekspertlərlə ünsiyyət yaradır, yeni bilgilər əldə edir, yazı yazmaq qabiliyyətini formalaşdırır”.

 

Hər KİV özünün məhsulu ilə seçilməlidir...

 

Azpost.info saytının baş redaktoru Xəqani Səfəroğlunun sözlərinə görə, həmkarları tərəfindən sadalanan tələblər Azərbaycanda KİV-lərin hüquqi statusunun möhkəmləndirilməsi üçün vacibdir:

 

 

“Media reysteri KİV-lərin sənədləşdirilməsi üçün vahid mənbə rolunu oynayacaq. Hazırda media fəaliyyəti ilə məşğul olan qurumlar müxtəlif strukturlarda qeydiyyatdadırlar. Vergi Xidməti, DSMF, notariat, “ASAN Xidmət” və digər qurumlarda müxtəlif sənədləşmələr qeydiyyatdan keçir. Reyestr bütün bu sənədləşməni bir resursda cəmləyəcək. Rəsmi açıqlamalarda vurğulanır ki, bu, heç bir halda jurnalistin yaradıcı fəaliyyətinə müdaxiləni nəzərdə tutmur. Media həm də biznes strukturudur. Əgər sən hansısa media layihəsini ərsəyə gətirmək istəyirsənsə o zaman orada əmək hüquqlarını, işçilərin qanunla tələb olunan statuslarını, hüquqi öhdəliklərini icra etməlisən. Bu baxımdan Reyestr həm də jurnalistlərin öz rəhbərlərindən hüquqlarını tələb etmək, media rəhbərlərinin isə öz öhdəliklərini icra etmək baxımından bir baza ola bilər. Jurnalist isə öz yazılarında azaddır və onu inzibati metodlarla yönəltmək məqbul sayılmır.

 

Xəbər istehsalına gəlincə, hər bir KİV özünün məhsulu ilə seçilməlidir. Bu, həm mediada peşəkar rəqabəti ortaya qoyur, oxucularda fərqlilik yaradır, bütövlükdə KİV-də rəngarənglik deməkdir. Hamının kopi-past edib köçürdüyü eyni xəbər, yazı jurnalist əməyini ucuzlaşdırır, peşəkarlığı aşağı salır, medianı reklam bazarı üçün əhəmiyyətsiz edir. Saytlarda hökmən ünvan və rəhbərlik qeyd olunmalıdır. Bu tələb çox vacib və mühümdür. Media anonim ola bilməz. Yeri-yurdu, rəhbəri, əməkdaşı bilinməyən virtual redaksiyalar ciddi problemdir. Hüquqi ünvan və fəaliyyətdə olan redaksiya oxucu-KİV etimadı üçün vacib məsələdir. Bu, həm də hüquqi məsuliyyətdir. Gözə görünmədən necə jurnalist fəaliyyəti ilə məşğul olmaq olar? Odur ki, bu tələbləri dəstəkləyirəm və ümid edirəm ki, bu addımlar Azərbaycanda peşəkar, müstəqil, dövlət üçün mühüm informasiya platforması olan jurnalistikanın formalaşmasına kömək edəcək. Bu gün intenetin informasiya üzərində hökm etdiyi, media üçün xaotik sayılan dönəmdə peşəkar mühitin qorunması çox vacibdir”.

 

Biz bu qanuna sərtləşdirmə kimi baxmamalıyıq...

 

Pravda.az saytının baş redaktoru İlkin Pirəli isə vurğulayıb ki, “Media haqqında” qanun zamanın tələbidir:

Şəkilin açıqlaması yoxdur.

“Bütün sahələri tənzimləyən qanun olduğu kimi, media sahəsi ilə də bağlı qanunun olması vacibdir. Bu reallıq nəzərə alınaraq “Media haqqında” qanun meydana gəldi. Doğrudur, əvvəllər “Kütləvi informasiya vasitələri haqqında” qanun mövcud idi. Xeyli dəyişiklik edilsə də, müasir tələblərə cavab vermirdi. Həmin qanun 1999-cu ildə qəbul edilmişdi, 20 illik bir mərhələdə media sahəsində inqilabi dəyişiklik olub, onlayn media subyektləri yaranıb, inkişaf edib. “Media haqqında” qanun bu baxımdan mükəmməl hazırlanıb, bütün məsələlər burada əksini tapıb. Təbii ki, zaman keçdikcə dəyişiklik də edilə bilər, amma hazırki mərhələ üçün dolğun qanunlardan biridir. Yaxın vaxtlarda işə düşəcək Media Reyestri şəffaflığı təmin edəcək. Çünki müəyyən tələblər var, buraya gündəlik minimum 20 özəl xəbər istehsal etmək, əlaqə bölməsində məlumatların ətraflı göstərilməsi və s. daxildir. Bu tələblərə əməl etmək media subyektlərinin inkişafına təkan verir. Hər bir sayt, qəzet gündəlik ən azı 20 xəbər verirsə, deməli, fəaliyyət göstərir, müəyyən oxucu auditoriyası var. Media subyektinin işi nədən ibarətdir? İş xəbər istehsal etməkdir. Qanun da bunu tənzimləyir. Bu, əslində peşəkar medianın inkişafına təkan verəcək. Doğrudur, qanundan sonra ələnmə prosesi ola bilər. Amma qəti şəkildə peşəkar medianın fəaliyyətinə əngəl yaratmayacaq.

 

Media Reyestrinin işə düşməsi ilə dövlət də, vətəndaş da ölkədə neçə media subyektinin, o cümlədən jurnalistin olduğunu biləcək. Qanunda dövlətin jurnalistə diqqəti hiss olunur. Media nümayəndəsinə güzəştli ipotekadan yararlanmaq imkanı yaratmaq mühüm addımdır. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ipoteka formatı ən düzgünüdür. Digər güzəştlərin də olması mümkündür, mərhələli şəkildə, zamanın tələbinə uyğun addımlar atıla bilər. Yəni biz bu qanuna sərtləşdirmə kimi baxmamalıyıq. Təbii ki, hər bir yenilik cəmiyyətdə müzakirə olunur. Media Agentliyi qanun qəbul edilməzdən öncə peşəkarlığın artırılması üçün müxtəlif təlimlər, treninqlər, görüşlər keçirib, əsas tələbin şəffaflıq olduğu bildirilib. Bu baxımdan, düşünürəm, media da, cəmiyyət də Media Reyestrinin işə düşməsini normal qarşılayacaq”.

Tarix: 2 Sentyabr 2022, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin