BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xüsusi formalar təsis edib üzərinə qazilər, şəhidlərlə bağlı yazılar yazıb küçələrdə gəzmək yolverilməzdir”

Üzərinə “Çəkilin qazi gəlir” şüarı yazılan köynəklərin fotosu sosial şəbəkələrdə müzakirə yaradıb. Qazi adından sui-istifadə edərək bu cür geyimlərin satışa çıxarılmasının doğru olmadığı bildirilir.

 

Milli Məclisin deputatı Vüqar İskəndərov Pravda.az-a məsələni şərh edərək deyib ki, belə hallar yolverilməzdir.

 

Deputat qeyd edib ki, bu sahədə problemlərin olduğu danılmazdır: “Bir çoxları qazi, şəhid ailəsi adından sui-istifadə edərək hansısa mənfəət güdür, insanları aldatmağa çalışırlar. Bu, hər birimizi incidir, məyus edir. Belə hallar yolverilməzdir. Qazi adından istifadə edib hərbi forma geyinərək idarə və müəssisələrdə qeyri-qanuni tələblər irəli sürülür. Bununla bağlı faktlar da mövcuddur. Dövlət orqanları ilə bərabər hər birimiz ictimai nəzarət formasında bu hallara qarşı mübarizə aparmalıyıq. Hərbi geyimin daimi şəkildə mülki həyatda geyinilib istifadə olunması, o cümlədən xüsusi formalar təsis edərək üzərinə qazilər, şəhid ailələri ilə bağlı yazılar yazıb küçələrdə nümayiş etdirilməsi, avtomobillərin şüşələrinə onların şəkillərinin vurulması düzgün deyil. Çünki zaman keçdikcə bu şəkillərin rəngi saralır, eroziya, korroziyaya uğrayır. Bu da həmin şəhidimizin, qazimizin adına layiq deyil, şəhidlərimizin adına, ruhuna hörmətsizlik əlamətidir. Bütün bunların qarşısı alınmalıdır”.

 

V. İskəndərov vurğulayıb ki, şəhidlərimizin, qazilərimizin adlarının əbədiləşdirilməsi üçün lazımi işlər görülür: “Adlarına küçələr, məktəblər verilir, siniflər təsis olunur, dövlət tərəfindən orden və medallar verilir. Bütün bunlar davamlı olacaq. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, digər qayğılarla əhatə olunmaları üçün həm dövlət orqanları, həm əhali, iş adamları bu sahədə səfərbər olublar. Bu statusda olan insanların adından istifadə etmək qəbuledilməzdir, qanunla da qadağandır. Vətən Müharibəsi bir daha Azərbaycan dövlətinin həm iqtisadi, həm hərbi gücünü göstərdi. Biz Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük mübarizəmizin sonunda qazandığımız zəfərimizlə müzəffər xalq olduq. Azərbaycanın şanlı Ordusu, qəhrəman əsgər və zabitlərimiz qətiyyət, mübarizlik nümayiş etdirdilər. Bütün dünya Azərbaycanın igid oğullarının Vətəni necə sevmələrinin, onun üçün canlarından keçmələrinin, son nəfəslərinə qədər Vətən üçün vuruşduqlarının şahidi oldu. Təbii ki post-müharibə dövründə şəhid ailələrinə, qazilərimizə dövlətin birbaşa dəstəyi, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti dediklərimizin bariz nümunəsidir. Ölkə başçısı hər dəfə görüşlərində dövlətin bu cür həssas statusda olan insanların yanında olduğunu qeyd edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun xətti ilə bu insanlara lazımi yardımlar göstərir. Onlar dövlət tərəfindən təqaüdlərlə, digər qayğılarla əhatə olunurlar. Hətta insanlarımız da YAŞAT Fondunun xətti ilə bir yumruq halında bu insanların yanındadırlar, dəstək göstərirlər. Təbii ki, belə də olmalıdır. Bu, həm dövlət siyasətidir, həm də xalqın yekdil rəyidir”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 8 Sentyabr 2022, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin