BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Siyasi partiyanın Azərbaycanda 20 il daimi yaşayan azı 200 vətəndaş tərəfindən təsis edilməsi tələbi mənasızdır”

““Siyasi partiyalar haqqında” qanuna kompleks yanaşma çox müsbət bir haldır. Mövcud qanun Azərbaycanda 1992-ci ildə qəbul olunub. Sonradan müəyyən düzəliş və əlavələr olsa da, “Siyasi partiyalar haqqında” qanundan sonra Azərbaycanda Konstitusiya, bunun ardından Seçki Məcəlləsi qəbul edilib. Siyasi partiyaların funksiyalarından biri də seçkidə iştirakdır. Ona görə də siyasi partiyaların bir sıra fəaliyyətləri Seçki Məcəlləsi ilə tənzimlənir. Bütün bu funksiyalar “Siyasi partiyalar haqqında” qanunda əksini tapmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

Deputat hesab edir ki, mövcud qanunda beş prinsipial məsələ qoyulmalıdır: “Siyasi partiyaların yaradılması qaydaları dünya praktikasına, həm də Azərbaycanın öz təcrübəsinə uyğun şəkildə qurulmalı, Konstitusiyaya, o cümlədən Seçki Məcəlləsinə uyğun şəkildə olmalıdır. Digər məsələlər siyasi partiyaların seçkilərdə iştirakı, maliyyələşməsi, ləğvi və əmlakı məsələlərdir. Bunların hərəsi bir blokdur. Bu blokların hər biri ciddi şəkildə ictimai müzakirələrdən keçib qəbul oluna bilər ki, uzun müddət Azərbaycanın siyasi sistemində özünü doğrultsun. Bu baxımdan yeni qanun layihəsi hazılanır. Bir sıra siyasi partiyalar təkliflər veriblər. Ümumilikdə, Milli Məclisə daxil olub, həm ictimai müzakirələrdə müzakirə ediləcək, həm komitədə, ondan sonra Milli Məclisin plenar iclasında üç oxunuşdan sonra qəbul olunacaq. Biz də konkret olaraq öz təkliflərimizi irəli sürəcəyik”.

 

S.Novruzov iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi məsələsinə də toxunub: “Adətən dünyada, Avropa İttifaqına daxil olan ölkələrin bir çoxunda siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, avtomatik fəaliyyəti ləğv edilir. Bir sıra ölkələrdə partiya seçkilərdə bir neçə dəfə iştirak etmirsə, ləğv olunur. Müxtəlif yanaşmalar var. Siyasi partiyaların bir neçə funskiyası mövcuddur. Onlardan biri də seçkilərdə iştirakdır. Cəmiyyətlə dövlət arasında münasibətlərin qurulması, kadrların yetişdirilib hazırlanması, ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi və s. Əgər siyasi partiya bununla məşğul olmursa, öz Nizamnaməsində yazdığı hüquq və vəzifələrini yerinə yetirmirsə, avtomatik olaraq belə partiyalar ləğv olunacaq”.

 

Deputat siyasi partiyaları son 20 ildə Azərbaycanda yaşayan vətəndaşların təsis edə biləcəkləri ilə bağlı məsələyə isə belə cavab verib: “Seçki Məcəlləsində elə müddəalar var ki, qanun ona uyğunlaşdırılmalıdır. Məsələn, Məcəllədə göstərilən şərtlərdən biri odur ki, Azərbaycanda prezidentliyə namizəd olan şəxs 10 il müddətində daim Azərbaycanda yaşamalıdır. Belə bir böyük titula, vəzifəyə namizədliyini irəli sürən adam 10 il yaşayırsa, hər hansı bir siyasi partiyanın yaradılmasına qoşulmaq üçün 20 il tələb edilməsi, təbii ki, mənasız bir şeydir. Ümumiyyətlə, hesab edirəm, bu rəqəmə bir də baxılsa, yaxşı olar. Bunun başqa optimal variantını təklif etmişəm. Təsdiq də edirəm. İstəyiriksə siyasi partiya Azərbaycanın bütün ərazisində fəaliyyət göstərsin, hər hansı regional və ya məhəlli partiya olmasın, bu da Seçki Məcəlləsində özünü göstərir. Siyasi partiyalara lazım olan imza müəyyənləşməlidir. Bu imza da havadan götürülməməlidir. Azərbaycanda olan seçicilərin 0,1%-i götürülə bilər. Məsələn, bu gün, təxminən, 5 milyon 900 minə yaxın seçici varsa, hardasa 600 nəfər yığışıb 0,1% imza atırsa, söhbət sırf Azərbaycan vətəndaşından gedir, onda avtomatik olaraq siyasi partiyanın qeydiyyata alınması mümkündür. Bu, bizdə bələdiyyə seçkilərində var, o cümlədən prezident seçkilərində də nəzərdə tutulur. 60 dairənin hərəsindən, məsələn, 50 imzadırsa, burda 30, yaxud 10 imzadan az olmamaq şərtilə qoyulsa, bütün dairələri əhatə edəcək. Bunun nəticəsində partiyanı qeydiyyata almaq olar. Bilmirəm, bu rəqəm hansı ölkədən götürülüb. Siyasi partiyalar mənim elmi işimin mövzusudur. Belə praktikaya hələ rast gəlməmişəm ki, oturaqlıq senzi qoyulsun, 20 il gərək bu ölkənin ərazisində yaşayasan. Əgər vətəndaşlığı olmayanlara, o cümlədən xarici vətəndaşlara bələdiyyə seçkilərində seçim hüququ veririksə, partiya yaratmaq nədir ki, buna hər hansı hüquq verilməsin”.

 

Deputat üzvlərinin sayını 10 minə çatdırmayan partiyaların ləğv olunacağı məsələsinin də məntiqsiz olduğunu deyib: “Bu, düzgün deyil. Partiyanın 5 min, 7 min, 700 min üzvü ola bilər. Bu, partiyanın apardığı təbliğatdan asılı olmalıdır axı. Əgər vətəndaş bunu dəstəkləmirsə, təbii ki, seçkilərdə yer qazanmayacaq, avtomatik olaraq da partiya kimi sıradan çıxacaq. Bu, ancaq seçimlə müəyyənləşə bilər. Bu gün kim müəyyənləşdirə bilər ki, ABŞ-da respublikaçılarla demokratların sayı nə qədərdir? Bunu seçki ilə müəyyənləşdirirlər. Keçmiş sistemlərdə var idi, indi də var ki, partiyalar konkretləşdirilir, partiya bileti verilir, üzvlük haqqı yığılır. Ordan müəyyən olunur ki, partiyanın dəqiq nə qədər üzvü var? Bəzi hallarda isə müəyyən ölkələrdə bu üzvlərin sayı ancaq seçkidə qazanılan yerlərin sayı ilə müəyyən olunur. Tutaq ki, bu seçkidə iştirak edən seçicilərin 50+1-nin səsi alınıb, bunun tərəfdarlarının sayı 2 milyondur. Bu cür konkretləşdirilir. Yəni seçki ilə bağlı ola bilər, heç də üzvün sayının 10 min, 20 min olması ilə bağlı deyil. Bu da absurd məsələdir”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Sentyabr 2022, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin