BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəhruz Məhərrəmov: “Dərnək tipli qruplaşmalar “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı pozuculuq fəaliyyətinə başlayıblar”

“Məlumdur ki, Azərbaycanda islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamış və həm konseptual, həm də struktur xarakteri daşıyan və hələ də davam edən bu islahatlar bütün sahələri, o cümlədən, hakimiyyətin hər üç qolunu əhatələməkdədir. Son 4 il ərzində Prezident Administrasiyası və Nazirlər Kabineti demək olar ki, tam yeni tərkibdə formalaşmış və bütövlükdə hakimiyyətin İcra qolunun daha operativ və çevik fəaliyyət modelinə nail olunub. Eyni zamanda məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılmış, struktur yenilənmələrlə yanaşı, müasir dövrün ən yeni innovativ texnoloji vasitələri tətbiq olunmaqla daha şəffaf, daha inklüziv və çatımlı ədalət mühakiməsi sistemi yolunda əhəmiyyətli nəaliyyətlər əldə edilmiş və bu prosesin davamlılığı təmin olunub. Habelə, cənab İlham Əliyevin çox ciddi siyasi qətiyyət ortaya qoyması ilə siyasi islahatları dərinləşdirmək və bunun üçün vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək məqsədi ilə 2020-ci ildə bütün siyasi qüvvələrin iştirak etdiyi növbədənkənar seçkilərə gedildi. Yeni formalaşan Parlamentdə isə Yeni Azərbaycan Partiyasının üstün çoxluğuna baxmayaraq məhz cənab Prezidentin təşəbbüsü və tövsiyyəsi ilə  digər partiyaların nümayəndələri Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunmağa başladılar ki, bu da çoxpartiyalı siyasi sistemin güclənməsi demokratiyanın inkişafında önəmli addım oldu. Həqiqətən də genişmiqyaslı islahatlar dövründə hərtərəfli nəticələr əldə etmək və reformların əsl məqsədinə nail olmaq üçün siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək məqsədi ilə siyasi islahatlara ehtiyac var idi. Lakin 30 il öncə qəbul edilmiş mövcud qanunvericilik siyasi partiyaların fəaliyyəti, o cümlədən, partiyalararası dialoq üçün tam mənada sağlam mühit yaratmaq üçün yetərli deyildi. 1995-ci ildən etibarən 70-ə yaxın düzəlşin istənilən nəticəni verməməsi məzmunca yeni normativ hüquqi aktın qəbul ediməsini zərurətə çevirmişdi. Əslində cənab Prezident özü də VI çağırış Milli Məclisin ilk iclasında bu zərurətin anonsunu vermiş və Milli Məclisin gündəliyində duran məsələlərdən biri kimi Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədi ilə qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Parlament tərəfindən lazımi addımlar atılacağına inamını ifadə etmişdi. Həqiqətən də mövcud qanunvericiliyin bütövlükdə yeni dövrün tələblərinə cavab verməməsi, məsələn, siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyarın tətbiq olunmaması bu illər ərzində sui-istifadələrə yol açmış, siyasi partiyaları heç bir ümumilli mənafeyə xidmət etməyən şəxsi alətə döndərmiş, nəticədə Azərbaycan vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək hüququ faktiki olaraq formal bir meyara çevrilməsinə səbəb olmuşdu. Belə ki, hər hansı partiya liderinin şəxsi məqsədlər zəminində verdiyi səbatsız qərarla seçkidən kənar qalan minlərlə vətəndaş özünün təməl siyasi hüqiqlarından biri olan seçib-seçilməkdən məhrum olurdu ki, bu isə öz növbəsində Konstitusiyanın preambulasında ifadə olunan demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi ali niyyətlərlə daban-dabana zidd durum yaradır. Cənab İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq mövcud praktikaya son qoyulmalı olduğunu bəyan edərək bildirmişdi ki,  "siyasi sistemin təkmilləşdirilməsi işində VI çağırış Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır." Əlbəttə, cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan islahatların dərinləşməsi prosesi, o cümlədən, dövlət başçısının Parlamentdən bu istiqamətdə gözləntiləri  VI çağırış Milli Məclis üçün  bir çağırış idi. Xüsusən Vətən müharibəsi və postmünaqişə dövründə meydana çıxan yeni ictimai siyasi reallıq siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektrinin mövcud olmasını tələb edirdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, bu mənada Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin Sədrinə müraciəti, cənab İlham Əliyevin Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması siyasətinə sağlam dəstək hesab olunmalıdır: “Sevindirici haldır ki, hazırlanan qanun layihəsinə dair 39 siyasi partiya öz təkliflərini Milli Məclisə təqdim etməklə Vətən müharibəsi dövründə olduğu kimi hazırkı siyasi islahatlar periodunda da birlik nümayiş etdirərək siyasi sistemin sağlamlaşdırılması prosesində hərəkətverici qüvvə kimi çıxış edirlər. Beləliklə, nəticədə ortaya 20-dən artıq ölkənin təcrübəsini, habelə Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri əhatə edən, habelə siyasi qüvvələrin mövqelərinin əks olunduğu ciddi bir sənəd çıxmışdır. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunun 9-cu maddəsinə müvafiq olaraq  normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin olunması məqsədi ilə “Siyasi partiyalar haqqında” qanunun layihəsi Parlamentin internet informasiya ehtiyatında yerləşdirilmiş, normativ hüquqi aktın layihəsi açıq formada ictimai və peşəkar müzakirəyə çıxarılmışdır. Təbii ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsini və  normayaratma fəaliyyətinin əsas prinsiplərini rəhbər tutmaqla istər Milli Məclisdə deputatların müzakirəsi, istərsə də sağlam və qərəzsiz ictimai fikir mübadilələri qanunun daha da cilalanmasına, daha da təkmilləşdirilməsinə səbəb olacaq. Maraqlıdır ki, aşkarlıq şəraitində müzakirələrin yenicə başlanmasına və layihə mətninin bütün ağlabatan və səmərəli təkliflərə açıq olmasına baxmayaraq marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşmalar artıq proseslə bağlı sosial şəbəkələrdə pozuculuq fəaliyyətinə başlayıblar. Onları qorxudan səbəb isə çox sadədir, islahatların dərinləşməsi və bu yolla siyasi sistemdə sağlamlaşma ölkədə bütün taleyüklü proseslərdən kənarda qalan, üzvləri isə daha çox qeyri-real profilərdən, eyni İP-dən idarə olunan xəyali sosial şəbəkə trollarından ibarət olan bu dərnəklərin əsl  simasını və potensialını üzə çıxaracaq. Əksinə, Azərbaycan hakimiyyəti isə açıq müzakirələrə start verməklə digər sahələrdə oluduğu kimi bu istiqamətdə də məqsəd və hədəflərinin dəqiq, siyasi partiyaların fəaliyyətinin daha səmərəli təşkili, vətəndaşların dövlətin idarə olunası, cəmiyyətin siyasi həyatında rolunun daha səmərəli formulunun tapılması yönündə islahatların dərinləşməsi niyyətinin isə səmimi olduğunu ortaya qoyur”.

Tarix: 8 Sentyabr 2022, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin