BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağır xəstəlikdən əziyyət çəkən aktrisa: “Dərmanlarımı aptekdən nisyə alıram”

"Müalicələrimi evdə davam edirəm. Üç aydan sonra yenidən "UZİ"dən keçəcəm. Daha əvvəl "control"dan keçmək üçün xəstəxanaya getdim. Həkimlərin yazdığı dərmanları qəbul edirəm. Hər gün sakitləşdirici və ağrıkəsici dərmanlar qəbul edirəm. Xəstə özünü necə hiss edə bilər? Qolumun altımda, çiynimdə, sinəmin içində şiddətli ağrılarım olur".


Pravda.az xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib. 


Şəkərlə yanaşı, onkoloji xəstəlikdən əziyyət çəkən sənətkar aldığı pensiyasını dərmanlara xərclədiyini çox zaman isə həyatı əhəmiyyətli preparatları aptekdən nisyə götürdüyünü açıqlayıb.  


"Şəkər xəstəliyimlə bağlı dövlətdən insulin dərmanını alıram. Həb içmirəm, iynə vururam. Şükür ki, şəkərimi həmin dərman vasitəsi ilə aşağı salıb, tənzimləyə bilirəm. Hər gün aparatla da şəkərimi yoxlayıram.


Hazırda da şəkərim normadadır. Onkoloji dərmanlarımı isə özüm alıram. Həmin dərmanlar olduqca bahalıdır. 300 manat pensiya alıram. Elə aldığım pensiyanı dərmanlarıma xərcləyirəm. Çox zaman isə heç o 300 manat çatmır, məcbur olub aptekdən nisyə götürürəm" 
M.Babayeva bildirib ki, nə həmkarları, nə də ki, Mədəniyyət Nazirliyi onun səhhəti ilə maraqlanır.  


"Əvvələr zəng edib, maraqlanırdılar. İndi tətildə olduqları üçün hal-əhvalımı tutmurlar. Bir sözlə, hərənin başı özünə qarışıb. Mədəniyyət Nazirliyi də mənimlə maraqlanmır. Heç kim o qurumdan zəng etmir. Hərə özü üçün çalışır, vuruşur". 


Qeyd edək ki, Məsumə Babayeva daha əvvəl redaksiyamıza açıqlamasında sinəsində şiş aşkar olunduğundan iyunun 15-i Tibb Universitetinin Onkoloji Klinikasında əməliyyat olunduğunu bildirmişdi. 

Tarix: 8 Sentyabr 2022, 21:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin