BURADA REKLAMINIZ OLA
BİLƏR

İşığa tətbiq edilən limit artırıla bilər

Dünya iqtisadiyyatını gözlənilmədən qlobal böhranın ağuşuna atmış koronavirus infeksiyası hər ötən gün sərhədlərini genişləndirir. Hər kəsi öz evinə çəkilməyə məcbur edən infeksiya dövlətlərin əhaliyə tibbi, sosial, kommunal baxımdan ciddi dəstəyini gərəkli edir.

 

Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar xüsusi qərargah yaradılıb, preventiv tədbirlər görülür, müvafiq addımlar atılmaqdadır. İnfeksiyaya yoluxmaq təhlükəsi qarşında evlərindən çıxmayan vətəndaşlar müvafiq olaraq qaz, elektrik enerjisini daha çox istifadə edirlər. Azərbaycandan qaz və elektrik enerjisi limitlə olduğundan faktiki olaraq işləməyən, gəlirləri də sıfıra yaxınlaşan vətəndaşlar çıxılmaz duruma düşəcəklər.

 

Günəmuzd işləyənlərin əksəriyyəti indidən çətin durumdadır. Son günlər sosial şəbəkələrdə təbii qazın limitinin ləğv edilməsi məsələsi yenidən ciddi müzakirə olunur. Ölkə əhalisi üçün indi ən böyük müjdə elektrik və qaz limitinin aradan qaldırılması olardı. Çünki insanların gəlirlərinin əhəmiyyətli bir hissəsi elektrik və qaz ödənişinə gedir. Limiti keçən ailələr ikiqat ödəniş etməli olurlar. İndiki durumda isə bu ailələr üçün olduqca çətin, müşkül məsələyə çevrilib. Ən azından iki variantı nəzərdən keçirmək olardı: ya limitin ləğvi, ya da artırılması. Bir neçə dəfə bu məsələ gündəmə gəlib. Ekspertlər və bəzi deputatlar təkliflərlə çıxış ediblər ki, limit ləğv olunsun, bu məbləğ büdcə üçün o qədər böyük rəqəm deyil. Bir çox ailələr artıq güzəştli qiymətlə bağlı tətbiq olunan limiti tükədib, təbii qazı yüksək qiymətlə almağa başlayıb. Bu da maddi vəziyyəti elə də yüksək olmayan, koronavirus infeksiyasına yoluxmamaq üçün evlərini tərk etməyən insanlar üçün çətinlik yaradır. Xüsusən də bölgələrdə, mərkəzləşdirilmiş istilik sistemi olmayan Bakı kəndlərində əhali təbii qazdan istifadə edə bilmir. Ölkə iqtisadiyyatının kifayət qədər potensialı var ki, bu limitlər ləğv olunsun. O zaman büdcəyə də problem yaratmayacaq. Çünki elektrik enerjisi və təbii qazla bağlı infrastrukturun qurtulmasında büdcə vəsaitlərindən istifadə olunur.

 

 İqtisadçı-ekspert  Natiq Cəfərli  “Yeni Müsavat”a  deyib ki, artıq bir çox dünya ölkələri qaz, elektrik enerjisi, su, hətta internetlə də bağlı qərarlar qəbul ediblər: “Qaz, elektrik enerjisi, su qiymətlərinin endirilməsi, hətta internetin pulsuz verilməsi ilə bağlı qərar verən ölkələr var. 2 gün öncə İtaliya və Fransada mobil operatorlar pulsuz internet paketləri açıblar. Bu ay insanların evdə çox olması təbii ki, Azərbaycanda da kommunal xərclərin daha çox artmasına səbəb olacaq. Belə bir şəraitdə limitlə bağlı məsələnin həlli xeyli dərəcədə aktuallaşır. Müəyyən dərəcədə qiymət endirimlərinin olması da vacibdir. Elektrik enerjisinin istehsalında mazutdan istifadə olunur. Neftin qiymətinin düşməsi də şərait yaradır ki, endirimə getsinlər. Qazın qiymətləri də neftin qiymətlərinə bağlı olduğundan daxili bazarda qazın qiymətində endirimə getmək mümkündür. Heç olmasa qazın qiymətində endirimə gedilməsə belə, limitin aradan qaldırılması kommunal xərclərin şişməsinin qarşısını ala bilər”.

 

Natiq Cəfərli deyir ki, bu gün Azərbaycanın əmək bazarında 1.6 milyon insan əmək müqaviləsi ilə çalışır: “Təqribən 2.5 milyon insan isə heç bir müqaviləsi olmadan günəmuzd çalışır. Rəsmi əmək müqaviləsinin olmaması da bu insanlara əlavə problemlər yaradır. Yaxın həftələrdə bu insanlar çox ciddi problemlərlə üzləşəcəklər. Bundan başqa, insanların kreditlərinin ödənilməsində də problemlər olacaq. Bütün bu məsələlər nəzərə alınmalı və önləyici tədbirlər görülməlidir”.

 

Natiq Cəfərli deyib ki, limit  məsələsi dəfələrlə gündəmə gəlib. Hökumət bu istiqamətdə müəyyən addımlar atsa da, limit məsələsi əhalinin böyük bir kəsiminin maddi durumuna çox ciddi zərbə vurur: “Azərbaycanda bu limiti ləğv etmək üçün yetərincə imkanlar var. Elektrik enerjisi və qaza tətbiq olunan limit ilk gündən narazılığa səbəb oldu. Çünki həm fəlsəfi, həm də iqtisadi mənada bunun tətbiqi üçün əsas yox idi. Azərbaycanda elektrik və qazla bağlı infrastrukturun qurulmasında elektrik enerjisi önəmli rol oynayır, bu yatırımlar dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan vətəndaşları da dövlət büdcəsinin formalaşmasında önəmli rol oynadıqları üçün  belə məhdudiyyətlərin tətbiqi iqtisadi yox, sosial-siyasi anlamda da doğru deyil. Qazla bağlı tətbiq olunan limit ümumiyyətlə anlaşılmır. Çünki Azərbaycana səmt qazı pulsuz verilir. BP-nin operatoru olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 90-cı illərdən bəri səmt qazı pulsuz verilir. Bu da ildə təxminən 2,5-3 milyard kubmetrə yaxın qaz edir. Azərbaycan əhalisinin illik istehlak etdiyi qaz da təxminən bu qədərdir”.

 

İqtisadçının sözlərinə görə, qazın Azərbaycan əhalisinə baha satılması və limitin qoyulması doğru yanaşma deyil: “Ölkə iqtisadiyyatının kifayət qədər potensialı var ki, limitlər ləğv olunsun. Büdcəyə də problem yaratmayacaq. Çünki elektrik enerjisi və təbii qazla bağlı infrastrukturun qurtulmasında büdcə vəsaitlərindən istifadə olunur. Dolayısı ilə bu prosesdə Azərbaycan vətəndaşları da iştirak edir. Hökumətin bu məsələyə iqtisadi, siyasi və fəlsəfi olaraq yenidən baxmasında fayda var. Qənaət məsələsi ilə bağlı sosial çarxlar çəkilə bilər, maarifləndirmə işləri aparıla bilər. Bunu bahalaşdırmaqla tənzimləmək olmaz. Elə çoxuşaqlı ailələr var ki, orada istər-istəməz qaz da, işıq da çox işlənir, bunun qənaətlə əlaqəsi yoxdur. Koronavirus təhlükəsi qarşısında insanların evlərində olması da kommunal xərclərin artmasını labüd edir. Hökumət bu məsələyə ciddi yanaşmalı və tədbir görməlidir”.

Tarix: 20 Mart 2020, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin