BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nazirlikdə məmurlar arasında ciddi qruplaşma var” - Kamran Əsədov

Bir neçə gün əvvəl təhsil eksperti Kamran Əsədovun Feysbuk profilində elm və təhsil naziri Emin Əmrullayev, müavini Muxtar Məmmədov və nazirliyin aparat rəhbəri Həsən Həsənlinin birgə fotosunu paylaşıb. O, şəkli “Əhməd haradadır?” filmindəki obrazlarla uyğunlaşdıraraq “Saqqal Ramiz və Uzundraz Oqtay. Elə bığ və saqqal məsələsidir” yazaraq paylaşım edib.

 

K. Əsədovun bu hərəkəti birmənalı qarşılanmayıb və təhsil ekspertinin nazirlik nümayəndələrinin şəxsiyyətini təhqir etdiyini yazanlar da az olmayıb.

 

Bununla bağlı Yenisabah.az-a danışan Kamran Əsədov bildirib ki, onun bu hərəkətində heç bir təhqir yoxdur, sadəcə, səmimi bir zarafatdır:

 

“Mən heç bir halda insanın şəxsiyyətini təhqir etmirəm və bu hərəkətimdə də təhqir yoxdur. Bəli, mübaliğə var və bu, sadəcə, səmimi bir zarafatdır. İstər nazirin özünə, istərsə nazirin müavininə, istərsə də aparat rəhbərinə sonsuz hörmətim var. Onlar kifayət qədər işlək cavan kadrlardır. Əsas odur ki, Azərbaycanın Elm və Təhsil Nazirliyində rüşvət yoxdur. Bu da nazirin yanında yer alan məsul şəxslərin enerjisinin və qətiyyətli mövqeyinin nəticəsidir 

 

Bir daha vurğulayıram ki, paylaşımımda şəxsiyyətə təhqir yoxdur. Sadəcə, istər-istəməz o obrazları görəndə insanın şüurunda avtomatik olaraq “Əhməd haradadır” filmindən epizod yada düşür”.

 

K. Əsədov əlavə edib: “Bir məqam var. Məsələn, bir ali təhsil müəssisəsində tələbələr saqqallı gəldiyinə görə cəzalanıblar. Tələbə gələ bilməz, amma nazirliyin aparat rəhbəri saqqallı gələ bilər?! Bu necə olur?! Dövlət qulluqçusu, kifayət qədər məsul vəzifədə olan şəxs bu tələbə riayət eləmir?!

 

Kimsə özünə, atalarımızın dediyi kimi, hamam suyu ilə dost tutmağa çalışır, nazirlikdən görsünlər ki, o da şərhdə nəsə yazdı. Yəni nazirliyə işləyən adamlar lazımdır. Mənim Feysbukda yazdığım təhlilləri yaza bilən adam varmı?! Əslində, mən paylaşımımda “Əhməd haradadır?” yox, “Təhsil haradadır?” da yaza bilərdim. Bu paylaşımım da xüsusi maraq doğurdu”.

 

Təhsil eksperti Elm və Təhsil Nazirliyində məmurlar arasında qruplaşma olduğunu da dedi:

 

“Məncə, Elm və Təhsil Nazirliyi daxilində artıq komanda ruhu yoxdur. Nazirlikdəki məmurlar arasında ciddi qruplaşma var. Bunu açıq şəkildə görə bilirik. Müavin Muxtar Məmmədov daha çox söz sahibi və idarəetməyə, kadr məsələlərinə ciddi müdaxilə edə bilir. Hətta bəzən nazirdən də çox müdaxilə edə bilir. Yəni nazirlikdə bütün məsələlərdə söz sahibi Muxtar Məmmədovdur”.

Tarix: 12 Sentyabr 2022, 23:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin