BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya Qarabağın tam nəzarətə götürülməsinə imkan verməyəcək" - ŞƏRH

"Ermənilər hələ də Rusiyanın əlində alət olaraq qalır.İstənilən an sərhəddə və Qarabağda erməni tərəfinin əli ilə provokasiyalar törətmək Rusiya üçün çox asan işdir".


Pravda.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.


Ş.Cəfərli qeyd edib ki, Azərbaycanın lokal əks tədbirlər görməsi də Rusiyanın marağına uyğundur: "Məlum olduğu kimi, ötən müddətdə bir neçə dəfə bizim əks zərbələrimizə göz yumublar, əngəl olmayıblar. Aydındır ki, Rusiya Azərbaycanın vəziyyəti strateji baxımdan dəyişəcək addımlarına, məsələn, Qarabağın tam nəzarətə götürülməsi və bu məsələnin bitirilməsinə imkan vermək istəməyəcək. Ermənilərin provokativ davranışları - burda şəxsən Paşinyanın rolu olduğuna şübhəm var və bizim buna cavablarımız konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir".


Politoloq əlavə edib ki, belə bir vəziyyətdə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması və hər iki tərəfin belini bükmüş bu uzunmüddətli düşmənçiliyə son qoyulması mümkün olmur, yaralar qaysaq bağlamır və qanamağa davam edir, Avropa Birliyinin vasitəçiliyi də iflasa uğrayır: "Qarabağda Rusiya hərbi kontingentinin sülhməramlı adı ilə mövcudiyyəti legitimlik qazanır və onların yaxın gələcəkdə oranı tərk etməsi ehtimalı aradan qalxır. Bütün dünya görür ki, ermənilər və azərbaycanlılar bir-birini qırmağa davam edir və heç cür anlaşa bilmirlər. Qərb qorxuya düşür və fikirləşir ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə Ermənistan dövlətini və Qarabağ ermənilərini məhv edə bilər, Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayışı imkansızdır, ona görə də Rusiya elə orda qalsa yaxşıdır, sonrasına baxarıq... Çox təəssüf ki, imperiyanın "dovşana qaç, tazıya tut" siyasəti hələ də effektivdir və ermənilərlə biz bir-birimizi ittiham edə-edə, didişə-didişə, vuruşa-vuruşa qapalı dairənin içində vurnuxmağa davam edirik. Və bunun sonu hələ ki görünmür..."


Kənan

Tarix: 13 Sentyabr 2022, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin