BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “İranın vasitəçiliyinə ehtiyac yoxdur, vasitəçi tərəfsiz olmalıdır”

“Əvvəla, Birinci Qarabağ müharibəsində, hətta 44 günlük Vətən Müharibəsi dövründə belə Azərbaycan Ordusu tərəfindən dinc, mülki erməni sakinlərinə qarşı heç bir addım atılmayıb. 2020-ci ilin noyabr ayının 10-dan sonra üçtərəfli bəyanat pozulduğu müddət ərzində bütün anlarda Ermənistan tərəfindən bu cür addımlar atılır. Nəinki Ordumuza, Sərhəd Qoşunlarımıza, eyni zamanda dinc sakinlərə qarşı da ermənilər təxribat həyata keçirir. Vətən Müharibəsində bunu Gəncədə də gördük, Tərtərdə qəbiristanlığın artilleriya atəşinə tutulmasında da. Naftalanın, hətta Şuşanın özünə raket atəşi açmışdılar. Xızıya qədər raket atılmışdı, halbuki Xızıda müharibə getmirdi. İndi ermənilərin yaydığı dezinformasiyalar da onların növbəti təxribatlarıdır və bağlana biləcək sülh müqaviləsi ilə əlaqədar dünya ictimaiyyətinin fikirlərini çaşdırmağa yönəlib. Əsas məqsəd budur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

Deputat Ermənistanın Azərbaycan sərhəd nöqtələrində təxribat addımları atmasına diqqət çəkib: “Təxribat törədilən ərazilərə fikir verirsinizsə, Kəlbəcər, Daşkəsən, Laçın, Gədəbəy. Ermənistan məsələ qaldırmışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərini bu məsələyə qoşsun. Lakin onlar qeyd etdilər ki, Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycan öz ərazisində anti-terror əməliyyatı aparır. Bu dəfə isə ermənilər sərhəddə təxribatlar törətməklə həmin qüvvələri, xüsusilə Rusiyanı və digər dövlətləri bu məsələyə cəlb etmək istəyirlər. Amma başa düşmürlər ki, KTMT üzvü olan dövlətlərlə Azərbaycan arasında ikitərəfli dostluq müqavilələri var. Elə KTMT üzvü olan Qazaxıstanın Prezidenti bir neçə gün bundan öncə Azərbaycanda oldu. Digər ölkə başçıları ilə də çox gözəl münasibətlər var. Onlar Azərbaycanla hər hansı bir qarşıdurmaya getməyəcəklər. Eyni zamanda fevral ayında Rusiya ilə imzalanmış ikitərəfli müqaviləmiz var. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir məsələ olduqda rəsmi Moskva Azərbaycana dəstək verməyi üzərinə götürüb. Bütün bunlar erməni siyasətinin asılılığının sübutudur”.

 

S.Novruzov Rusiya Qarabağda qaldığı müddət ərzində sabitliyin olmayacağı barədə səslənən fikirlərə də münasibət bildirib: “Əslində burada ikibaşlı oyun aparılırdı. Paşinyan istəyir ki, bu məsələni ortaya atmaqla həm də Ermənistanın daxilindəki qüvvələrə qarşı planını həyata keçirsin. Daxildə Rusiyapərəst qüvvələr var. Onlar vaxtilə Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyətdə olublar. İndi də müxalifət kimi fəaliyyət göstərməyə davam edirlər, halbuki hər biri hərbi cinayətkarladır, Xocalı hadisəsini törədənlər, azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərdir. Bunlar məhkəmlər qarşısında cavab verməlidirlər. Paşinyan bunların qarşılarını almaqdan ötrü ordakı əhaliyə müraciət edərək yaxın vaxtlarda göstərəcək ki, baxın, mən KTMT-yə müraciət etdim, lakin heç biri dəstək vermədilər. Paşinyan eyni zamanda Rusiya Prezidenti Vladimir Putinə və Fransa Prezidenti Emmanuel Makrona da müraciət etmişdi. Burada əsas məqsəd Rusiya idi. Paşinyan “Rusiyaya müraciət etdim, lakin Rusiya tərəfindən də hər hansı addım atılmadı” fikrini irəli sürməklə ruspərəst qüvvələri Ermənistan siyasi sistemindən birdəfəlik tamamilə sıradan çıxarmaq istəyir. Paşinyan bu addımları gələcəkdə də atacaq, rəqiblərini bununla neytrallaşdıracaq”.

 

Deputat Ermənsitan-Azərbaycan arasında yaranmış mübahisəli məsələlərin həlli üçün rəsmi Tehranın vasitəçilik etməyə hazır olduğu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı son bəyanatına da fikir bildirib: “İranın vasitəçiliyinə gərək yoxdur. Hər həftə bir bəyanat yayan dövlətin vasitəçiliyi lazım deyil. İndiyə qədər vasitəçiləri gördük. 30 il ATƏT-in Mink Qrupunun həmsədrləri vasitəçi oldu. Bir qarış torpaq alınmadı, bir məsələyə siyasi-diplomatik qiymət verilmədi, nəticədə Azərbaycanın ərazisi 30 ildən artıq işğal altında qaldı. Azərbaycanın mədəni abidləri, təbiəti darmadağın edildi. İşğal edilən rayonlarda azərbaycanlıların evləri, muzeyləri, təbii sərvətləri hamısı talan oldu, satıldı. Bu məsələdə indiyə qədər İranın bir dəfə səsini eşitmədik. Baxmayaraq  islam dövlətidir, özünü islamın himayəçisi kimi təqdim edir. Ermənilər Azərbaycan məscidlərində donuz saxlayanda, təhqir edəndə, 67 məsciddən 65-i darmadağın olanda bir dəfə rəsmi Tehranın bəyanatını eşitmədik. İndi hansı vasitəçilikdən söhbət gedə bilər? Yaxud da İran tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistandan da kəskin mövqe sərgilənməsinin şahidi olduq. Bu cür vasitəçi olmur. Vasitəçi tərəfsiz olmalıdır, tərəfli yox!”

 

Aytəkin Qardaşova

Tarix: 13 Sentyabr 2022, 16:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin