BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana “təcavüzkar” deyən Altay Göyüşova deputatdan CAVAB: “Obraz olaraq tək deyil ki..”

Milli Məclisin deputatı Fazil Mustafa ictimai fəal Altay Göyüşovun “Şəxsən mənə İrəvan, Zəngəzur filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” fikirlərinə münasibət bildirib.

 

F.Mustafa Pravda.az-a müsahibəsində deyib ki, daxildəki belə şəxslərə qarşı qanunun tələblərinə görə davranmaq lazımdır.

 

Deputat eyni zamanda bildirib ki, burada söhbət təkcə kimisə qanuna uyğun cəzalandırmaqdan getmir: “Altay Göyüşov obraz olaraq tək deyil ki. “Niyə Laçını qoyub, ancaq Zəngəzurdan danışırsınız”, “Xankəndinə niyə girmirik” deyənlərin, yaxud da Ordumuzu bölücülük alətinə çevirənlərin, “niyə kasıb balaları ölür” deyə hay-küy salan, xaricdən, ordan-burdan bölücülük yaradanların Altay Göyüşovla bir fərqi varmı? Mahiyyətcə eynidir, eyni anlayışdır. Altay Göyüşov tək deyil ki. Onu bəyənən, onunla həmfikir olanlar, hələ səsini çıxartmayanlar, müəyyən dərəcədə pərt olanalar, “hə, bu torpağı aldılar, deməli, hələ ki Azərbaycan hakimiyyəti möhkəmdir, Azərbaycan dövləti ayaqdadır” deyib Azərbaycanın aldığı hər qarış torpağa görə içində narahatlıq keçirənlər, xaricdə erməninin pulu ilə Azərbaycanın tanınmış insanlarını təhqir edən, söyən şərəfsizlər fərqlidirmi? Eyni cinah, eyni cəbhədir, sadəcə leksikonlar fərqlidir. Yaxud da bir feminist adı ilə küçələrə tökülən və diqqəti bütün bu istiqamətə çəkmək istəyən müəyyən ünsürlər fərqlidirmi? Bunların hamısı eyni mərkəzdən eyni xətti aparırlar. Yaxud din adı ilə başqa ölkənin agenturasına çevrilən, onun təbliğatını aparan, bu gün də həmin ölkəni Ermənistanın yanında görərkən səsini çıxartmayanlar fəqlidirlər? Eyni xətt, eyni anlayış, eyni zehniyyətdir. Ona görə də bunların hamısı ilə mübarizə aparmaq üçün ideoloji təbliğata, cəmiyyətdə sağlam insanların təmərküzləşməsinə ehtiyac var. Biz bunu yaratmalıyıq ki, müqavimət olsun. “Oldu, bitdi” ilə bitməsin”.

 

F.Mustafa bildirib ki, dövlətin bu tarixi anlarda əldə edə biləcəyinin qarşısına müəyyən tir itələmək istəyən, ona maneə olmaq istəyən hər bir kəsin qınanmasına ehtiyac var: “Altay Göyüşovun sözləri fərqli fikir deyil ki. Fərqli fikir başqa bir şeydir. Kimsə sülhə çağıra bilər, əla, çağırsın. Kimsə deyər ki, hə, yollar tapıb ermənilərlə müəyyən münasibətlər qurmalıyıq. Bu da əla. Amma Azərbaycana “təcavüzkar” demək nə deməkdir? Xaricdə oturub “Azərbaycana qarşı niyə sanksiyalar tətbiq etmirsiniz?” demək satqınlıq deyilmi? Narazılığın ola bilər, hüququn pozula bilər, ola bilər ki, hakimiyyət sənə arzuladığın hər şeyi verməsin, amma öz ölkənə sanksiya tətbiq etmək nə deməkdir? Məgər sanksiya bircə hakimiyyətə tətbiq olunur? Həmin sanksiyanın əziyyətini kim çəkəcək? Bunlar xaricdə kiminlə görüşürlərsə, “demokratiya üçün Azərbaycana müəyyən təzyiq göstərin” deyirlər. Azərbaycandan demokratiya istəyən var? Həmin ölkələr Azərbaycandan demokratiya istəyir, ya torpaq istəyir ki, alıb versin erməniyə? Nə oldu, ABŞ Azərbaycandan demokratiya istəyir? Demək istədiyim budur ki, hələ heç bir şey yoxdur, sərhəd dəyişməyib. İran sərhədi ilə işimiz yoxdur, İran ordan deyir ki, sərhədin dəyişməsi "qırmızı xətt"imizdir. Kimdir sərhədi dəyişən? Siz kimsiniz bizə ağıl öyrədəsiniz ki, sərhədi necə dəyişmək olar. 30 il təcavüzkarla bir yerdə torpaqlarımızı, evlərimizi dağıdanlar indi gəlib bizim ölkədə az qala söz sahibidirlər. Fikir verin, deyir ki, “cəhənnəm türklərindir, türklər cəhənnəmə düşəcəklər”. Adı “din xadimi” olandan sorşurlar, deyir “mən bu məsələni araşdırmamışam, məlumatım yoxdur”. Cavab vermir, çünki ruhca hamısı oradadır. Ruhca Azərbaycanda olanların müəyyən dərəcədə toparlanmasına ehtiyac var. Biz tək-tək, fərdi qaydada bunun mübarizəsini aparmamalıyıq. Necə ki mübarizə aparanda böyük bir sürü ilə üstünə gəlirlər. Bu gün Azərbaycana ən açıq dəstəyi verən, “yanındayıq” deyən Türkiyənin əleyhinə kampaniya aparan ünsürlər də eyni Göyüşovlar deyilmi? Onun qorxusundan çoxlarının hələ gizləndiyini gördüyümüz bir durumda hər fürsətdə Türkiyə əleyhinə kampaniya aparanlar da eyni düşüncənin sahibi deyillər? Ona görə də bu məsələlər cəmiyyətimizdə həm ciddi ictimai qınaqla qarşılanmalıdır, həm də müəyyən dərəcədə sağlam insanları birləşdirməlidir. Biz bu tarixi anlarda daha çox nəyi əldə edə biləcəyiksə, onu edəcəyik. Buna maneə olan ünsürlərə qarşı sərt mövqe ifadə etməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Sentyabr 2022, 18:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin