BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Əli Kərimliyə səsləndi: “Dövlət başçısı bu gün vaxtilə sizin yaratdığınız problemləri aradan qaldırır”

“Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz düşmən təxribatlarının qarşısını alaraq dövlət sərhədimizdə vəziyyətə tam nəzarət edir.  Silahlı Qüvvələrimiz düşmənin legitim hərbi hədəflərini məhv edərək düşməni böyük canlı itki ilə üzləşdirib. Dövlət müstəqilliyi üçün mühüm əhəmiyyət daşıyan həssas məqamlarda sapı özümüzdən olan baltalar həmişə olduğu kimi düşmən dəyirmanına su tökməyə başlayırlar.  Xaricdə oturub düşmənlərimizdən sifariş alaraq Azərbaycanın haqq işinə kölgə gətirmək istəyənlər əslində erməninin özündən də qorxuludur. Onların bütün hərəkətləri xalqa və vətənə xəyanət üzərində qurulub. Dövlət başçımız başqasının torpağında gözümüz olmadığını dəfələrlə bəyan edib, düşmənə sülh əlimizi uzatmışıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, ermənilər regionda sabitliyin yaranmasına xidmət edəcək addımların atılması əvəzinə, Azərbaycana qarşı geniş hərbi təxribata başlayıb: “Silahlı Qüvvələrimiz tərəfindən bu günlərdə aparılan əks həmlə əməliyyatlarını da öz ərazimizdə aparırıq. Bu, təxribatın qarşısını almağa və düşmənin yenidən təxribatların aparılması imkanlarını məhdudlaşdırmaq üçün təhlükəsiz zonanın yaradılmasına xidmət edir. Ermənilər mütəmadi olaraq təxribatlara əl ataraq ölkəmiz üçün təhlükə yaratmasaydı, öz öhdəliklərini icra etsəydi, indi əksinə, əməliyyatımıza da ehtiyac olmazdı. Xaricdə oturan sapı özümüzdən olan baltalar Tural Sadıqlı, Sevinc Osmanqızı, Qənimət Zahid və digərləri ermənilərin sifarişlərini icra edərək xalqı yanlış yola çəkməyə cəhd edir, sərsəm çağırışlar səsləndirirlər. Bunlar üçün “vətən” məfhumu yoxdur. Azərbaycan dövləti haqq işi görür və beynəlxalq normalara söykənir. Xalq isə milli maraqlarımıza əks olan belə çağırışlar edən xainlərə inanmır və Ordunun yanında düşmənə qarşı “dəmir yumruq”a çevrilib”.

 

A.Badamov qeyd edib ki, xalqın milli maraqları üçün böyük əhəmiyyət daşıyan belə bir həssas zamanda radikal müxalifət şəhidlərin adından  istifadə edərək hakimiyyətə qarşı ittihamlar səsləndirməklə  özünü yenidən reklam etməyə çalışır: “Xalq böyük ürək ağrısı ilə qəhrəmancasına Vətən uğrunda canından keçmiş şəhidləri dəfn etdiyi bir vaxtda bu mövzudan istifadə edib reytinq qazanmaq niyyəti ilə dövlətin milli maraqlarına qarşı çıxmaq düşmənlərimizin mənafelərinə xidmət etməkdən başqa bir şey deyil. Belə ki, AXCP sədri Əli Kərimli özünün sosial şəbəkə hesabında məsləhətlər verməyə başlayıb. Əli Kərimlidən soruşmaq istəyirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında 44 gün Vətən Müharibəsində azad etdiyimiz ərazilərin satılması və bu gün yaşadığımız problemləri AXC və Müsavatın hakimiyyəti illərində baş verməyibmi? Məhz sizin hakimiyyəti qorumaq üçün torpaqlarımızı ermənilərə verməyinizdən xalqımız 30 il əziyyət çəkməyibmi? Bəli, tarix heç nəyi unutmur. Azərbaycanın dövlət başçısı xalqın dəstəyi ilə bu gün vaxtilə sizin yaratdığınız problemləri aradan qaldırır. Sizin və ətrafınızda dolaşanların xalqın adından danışmağa haqqı yoxdur. Xalq ölkə başçısının yanında birləşib və Azərbaycanı daima qələbələrə aparacaqdır”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2022, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin