BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahir Abbaszadə: “Radikal müxalifət mənəviyyatsızlıq edərək şəhidlərimizin qəhrəmanlığına dil uzadır, onların ruhunu incidirlər”

“Ermənistanda revanşizm əhval-ruhiyyəsinin hələ də mövcud olması Cənubi Qafqazda dayanıqlı sülhün və əmin-amanlığın təmin edilməsinə çox ciddi maneə törədir, onun birdəfəlik aradan qaldırılması üçün isə Azərbaycanın “dəmir yumruğu” ilə yanaşı beynəlxalq qurumlar və aparıcı dünya dövlətləri də qətiyyətli mövqe ortaya qoymalıdırlar. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla nisbi sərhədboyu istiqamətlərdə törətdiyi, hərbçilər arasında çoxsaylı tələfata gətirib çıxaran genişmiqyaslı təxribat erməni cəmiyyətinin xroniki xəstəliyinə çevrilməkdə olan bu əhval-ruhiyyənin nə qədər təhlükəli olduğun və hər an ağır fəsadlar verə biləcəyini bir daha göstərdi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, “dəmir yumruq” yerindədir və düşmənə öz çirkin niyyətlərinin heç bir vaxt gerçəkləşdirmək imkanı verilməyəcəkdir. Bununla yanaşı, Azərbaycan regionda sülhə nail olmaq istəyindən dönmür, beynəlxalq vasitəçilərin bütün təşəbbüslərini dəstəkləyir, işğaldan azad edilmiş ərazilərdə apardığı dinc quruculuq işləri ilə həm də özünün sülhpərvərliyini bütün dünyaya nümyiş etdirir. Bizə müharibə lazım deyil, otuz ilə yaxın müddətdə məcburi köçkünlüyün ağrı-acısını çəkmiş yüz minlərlə həmvətənimizin yenidən öz ata-baba yurduna qaytarmaq, ermənilərin viran qoyduğu kəndlərimizi, şəhərlərimizi qısa müddətdə bərpa edib dirçəltmək istəyirik. Xalqımız erməni faşizmi üzərində qələbəni monolit milli birlik, ölkə rəhbərliyinə və rəşadətli ordumuza sarsılmaz inamı ilə qazandığı kimi dinc quruculuq işlərinin də səbrlə, təmkinlə, müasir dövrün tələbləri əsasında aparılmasına, ilk növbədə, təhlükəsizlik üçün möhkəm təminatlar yaradılmasına tərəfdardır. Təəssüf ki, ölkəmizin daxilində və xaricində düşmən dəyirmanına su tökənlər, milli mənafelərə zidd, xəyanətkar mövqe tutaraq, ölkəni hərtərəfli islahatlar və dinamik inkişaf yolu ilə irəliyə aparan siyasi hakimiyyətə, mövcud iqtidara qarşı hər cür iftiraya əl atanlar, xalqımıza qarşı aşkar düşmənçilik edənlər də var. Üzərində “sapı özümüzdən olan balta” kimi həmişəlik yarlığı olan belə ziyankar və xəyanətkar şəxslər ölkəmiz, xalqımız, onun rəhbərləri, dövlət idarəçiliyi sistemi, ayrı-ayrı nüfuzlu şəxslər haqqında şər, iftira, böhtan xarakterli söhbətlər aparır, çıxışlar edirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

 

M.Abbaszadənin sözlərinə görə, Əli Kərimli, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Altay Göyüşov və başqaları kimi ermənipərəst dairələrin əlində oyuncaq olan yaramazlar  cəmiyyətdə çaşqınlıq yaratmaq, milli birliyi pozmaq üçün “dəridən-qabıqdan çıxırlar”: “Müxtəlif internet platformalarındakı audiovizual çıxışlarında onların ağızlarından tökülən üfunət və çirkab cəmiyyətin bütün təbəqələrində ikrah doğurur. Belələri abır-həya gözləmədən aşkarca Azərbaycanın haqlı  mübarizəsinin üzərinə kölgə salmağa, bir çox hallarda “ermənidən betər erməni olmağa” cəhd göstərirlər. Onlar sosial şəbəkə hesablarında paylaşdıqları cızma-qaralarda nəinki dövlət və milli maraqlarımıza zidd fikirlərlə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır, hətta mənəviyyatsızlıq edərək müqəddəs şəhidlərimizin munis vətənpərvərliyinə, şücaət və qəhrəmanlığına da dil uzadır, onların ruhunu incidirlər. Bu gün biz torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi, üzçrəngli bayrağımızın tarixi torpaqlarımızın hər bir guşəsində dalğalanması uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, sağlamlığını itirən qazilərimizə tez şəfa tapmağı diləməklə yanaşı, milli birliyimizin yenilməzliyini və müqəddəs amallarımız uğrunda hər cür fədakarlığa hazır olduğumuzu da nümayiş etdiririk. Bu gün Azərbaycan dövlətinin gücü onun qətiyyətli liderinin müdrik siyasətində, getdikcə artan iqtisadi potensialında, hərbi-müdafiə imkanlarının sürətlə genişlənməsində və təbii ki, ilk növbədə, xalqın heç bir qüvvə qarşısında əyilməyən qüdrətli birliyindədir. Milli ideallarımıza xəyanət edənlər isə Allahın qəzəbi və qanunlarımızın gücü ilə mütləq öz cəzalarını alacaqlar”.

Tarix: 15 Sentyabr 2022, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin