BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadını intim videoları ilə şantaj edərək 54 min alan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İsgəndər Fərhadovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib.

 

Belə ki, İsgəndər Fərhadov özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə zərərçəkmiş Fəridə Qafarovanı (ad, soyadı şərti) intim videoları yayacağı ilə hədələyib.

 

O, 2021-ci ilin fevral ayından 04 noyabr 2021-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş şəxsdən 54 000 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib. İsgəndər qadından ilk dəfə 2021-ci ilin fevral ayında həmin dövrün məzənnəsinə görə, 25 500 manat təşkil edən 15 000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində həmin dövrün məzənnəsinə görə 11 900 manat təşkil edən 7 000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında 3 600 manat olmaqla ümumilikdə 41 000 manat pulu şantaj yolu ilə ələ keçirib.

 

Daha sonra Fəridə Qafarova bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib. Müraciət əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixdə, saat 13:35-də əməliyyat-axtarış tədbiri həyata keçirilib.

 

DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla qadına verilib. Daha sonra İsgəndər Fəridə ilə görüşüb. İsgəndər həmin günün məzənnəsinə görə 11 900 manat təşkil edən 7 000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib hadisə yerindən uzaqlaşarkən saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət olunub. Şəxsi axtarış keçirilərkən qeyd olunan pul vəsaiti onun şalvarının sol yan cibindən aşkar edilərək götürülüb.

 

Məhkəmənin qərarı ilə İsgəndər Fərhadovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 16 Sentyabr 2022, 07:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin