BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid Səbuhi Əhmədovla bağlı diqqətsizliyə görə qınanılan icra hakimiyyətlərindən açıqlama - VİDEO

Ötən gün İkinci Fəxri Xiyabanda dəfn edilən SOS uşaq evində böyümüş şəhidimiz, gizir Səbuhi Əhmədovun vida mərasimi ilə bağlı yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Şəhidin həyətində tabutun başlı-başına buraxılmasına görə Nəsimi və Xətai rayon icra hakimiyyətləri ciddi tənqid edilir, qınanılır.

 

Şəhidin dəfnində iştirak edənlər Pravda.az-a bildiriblər ki, icra hakimiyyətlərinin məsələyə biganə yanaşmasına görə şəhidlə vida mərasimi normal təşkil olunmayıb.

 

Səslənən iddialarla bağlı hər iki icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq.

 

Nəsimi Rayon İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada bildirildi ki, Xətai rayonunda qeydiyyatda olan şəhidimiz Səbuhi Fuad oğlu Əhmədovun nəşi Xətai RİH tərəfindən dəfn olunub: “Xətai RİH-nin rəhbərliyi ilə yanaşı, Nəsimi rayon icra başçısı, rayon aktivləri şəhidin dəfn mərasimində iştirak ediblər. Vida mərasimindən sonra Xətai RİH tərəfindən Xətai rayonu ərazisində yerləşən “Cənnət” mərasim evində şəhidin adına ehsan verilib. Şəhidin 3, 7 və 40 mərasimləri də sözügedən məkanda təşkil olunacaq”.

 

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə mətbuatın, sosial şəbəkə istifadəçilərinin səsləndirdiyi fikirlərə təəssüfləndiyini deyib: “Məsələnin mahiyyətini bilməmiş danışırlar. Əvvəla, videoda görüntülənən həyət şəhidin deyil. O həyət şəhid Səbuhi Əhmədovun qardaşının 3 ay bundan əvvəl kirayə yerləşdiyi həyətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən S.Əhmədovun Kəlbəcərdə şəhid olması xəbərini aldığımız andan, səhər tezdən biz bu məsələ ilə maraqlanmışıq. Təcili yardıma qədər şöbə müdirimiz və digər işçilər təşkil ediblər, gedib nəşi götürüb gəliblər. Bütün gecəni Administrasiya ilə birgə izləmişik ki, təcili yardım nə vaxt Bakıya çatacaq. Şəhidin qardaşı əvvəlcə bizə dedi ki, mənim heç kimim yoxdur, o evə də cəmi 3 aydır köçmüşəm, heç kimi tanımıram. Belə razılaşdıq ki, onda şəhidin tabutunu birbaşa İkinci Fəxri Xiyabana gətirək. Belə danışıldı. Şəxsən mən gecə saat 3-də, 4-də hər dəqiqə təcili yardımla əlaqə saxlamışam, maraqlanmışam. Demişəm ki, tez gəlsəniz, Müdafiə Nazirliyinin də, Xətai rayonunun da morqunu danışmışam. Axı şəhidin nəşini gətirib küçədə saxlamaq doğru deyil. Dedim ki, 1-2 saatlıq morqda saxlayarıq. Ondan sonra götürüb apararıq İkinci Fəxri Xiyabana. Əvvəl bu cür razılaşdıq. Sonra şöbə müdirimiz zəng etdi ki, şəhidin qardaşı nəşi kirayə yaşadığı evə aparmaq istəyir, çünki qohum-əqrəbası ora gəlib. Razılaşdıq ki, nəşi ordan götürək. Xətai RİH olaraq Nəsimi rayonu ərazisində nəsə təşkil etmək bizim səlahiyyətimizdə deyil axı. Bunu etmək ayıb olar. Bu məsələ anidən olduğuna, şəhidin nəşi səhər tezdən çatdığına görə heç Nəsimi RİH-nin də xəbəri yox idi. Sadəcə, tabutu gətirib həyətə qoydular. Əvvəla, orada izdiham da oldu. Şəhidin dəfnini, yas mərasimini təşkil etmişik. Nəsimi RİH də şəhidin qardaşının müvəqqəti yaşadığı həyətdə ehsan süfrəsi açıb. Paralel olaraq da Xətai rayonu ərazisində SOS Uşaq Kəndinə yaxın “Cənnət” mərasim evində böyük məclis təşkil etdik. Ombudsman da, digər dövlət adamları da gəlib iştirak etdilər. Xətai rayon icra başçısı da, bütün kollektivimiz, məktəblərimiz gün ərzində mərasimdə oldular. Yayılan görüntülərə görə, əksinə, qonşular qınanılmalıdır. O qonşular ki, deyirlər “icra hakimiyyəti baxmadı, heç nə etmədi”. Ay qonşular, gənc oğlan orada sizə yalvarır ki, meyit qalıb ortada, gəlin, heç olmasa başına yığışın. Bəs niyə hamısı əlini qoyub qoynuna, ancaq tamaşa edir, telefonla çəkirdilər? Xahiş edirəm, dəqiqləşdirməmiş bu cür məlumatları yaymasınlar. Ayıbdır, dövlət orqanı var, biz varıq, Nəsimi RİH var. Soruşub sonra fikirlərini yazsınlar”.

 

Aytəkin Qardaşova

 

Tarix: 15 Sentyabr 2022, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin