BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovnik: “Azərbaycanda elə bir komandir heyəti yetişib ki, nisbətən gənc əsgərləri heç vaxt irəliyə buraxmırlar”

“Ermənistanın hərbi təxribatı nəticəsində şəhid olan əsgərlərimizin çoxu müddətdən artıq xidmət edən, müqavilə əsasında hərbidə qalan əsgərlərdir. Bilməyənlərə başa salmaq istəyirəm ki, hərbi hissələrdə gənc əsgər kursu olur. Əsgərliyə çağrılanlar iki həftəlik gənc əsgər kursu keçirlər. İki həftədən sonra onlar qanunla tam hüquqi əsgər sayılırlar. Andiçmə mərasimi olur, əsgərlər öz borclarını yerinə yetirəcəklərinə dair and içirlər. Ondan sonra bizim Ordumuzda digər ordulardan fərqli olaraq, 3 ay müddətində əsgərlərə ixtisas üzrə təlimlər keçilir. Həmin 3 ay müddətində əsgər səngərdə olmur. Yerinə yetirəcəkləri gələcək vəzifələri üzrə toplam şəkildə müəyyən məşğələlər keçirlər. Sonra əsgərlər bölünürlər. Əsgər ali savadlıdırsa, 1 il, ali savadı yoxdursa, 1 il 6 ay xidmət edir. 18 yaşı olub, artıq hərbi xidmətə gedirsə, o, xidmət zamanı bütün tapşırıqları yerinə yetirə biləcək əsgərdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

 

Onun sözlərinə görə, 77 nəfərin şəhid olması təhlil edilsə, aydın olar ki, çox az faiz 18-19 yaşlılardır: “Ola bilsin ki, onlar səngərin özündə yox, arxa tərəfdə olublar. Çünki artilleriya atəşi açanda mərmi 15 kilometrə qədər hara olsa, gəlib düşə bilər. Məsələ səngərdə, ya ön xətdə olmaqla bağlı deyil. Belə söz-söhbətlərə, ümumiyyətlə, yer yoxdur. Gənc əsgərlərimiz elə vətənpərvər ruhda tərbiyələniblər ki, inanın, belə vəziyyət olanda arxada heç kim qalmaq istəmir, hamısı qabağa getmək istəyir. Bu, vətənpərvərlik ruhundan irəli gəlir. Cəbhədə heç kim özünü bölmür, gənc əsgərdir, ya deyil. Hər kəs can atır ki, əməliyyatda iştirak etsin, vətənini qorusun. 18 yaşla 19 yaş arasında fərq böyükdürmü? Əsgərlərimiz xidmətə çağrılanda birdən-birə silah görmürlər ki. Onlar hələ məktəbdə hərbi dərsləri keçirlər. Bütün silahlar haqqında müəyyən qədər məlumatlı şəkildə Orduya gedirlər. Orduda da 3 ay ixtisas üzrə dərs keçəndə, o, artıq hazırlıqlı əsgərdir. Ordumuz peşəkar ordu kimi inkişaf edir. Tankda, topda, rabitədə və s. kəşfiyyatçı, xüsusi təyinatlı, onlar hamısı müddətdən artıq xidmət edən, müqavilə əsasında gələn şəxsi heyətdir. Bəzən əsgərlərimiz xidmətdən qayıdır, 1 ay keçməmiş müraciət edirlər, müddətdən artıq müqavilə əsasında xidmətə gedirlər. Belə əsgərlər çoxdur”.

 

Ekspert deyib ki, düşmən təxribatı nəticəsində təkcə əsgərlər deyil, döyüş bölgəsindən aralıda mülki şəxslər də yaralanıblar: “Minaatan 5 kilometrə kimi atır. İndi də vəziyyət barədə danışanda deyirik ki, “düşmən tərəfi D-30, D-20 və minaatanlardan mövqelərimizə atəş açır”. Bu, o demək deyil ki, onlar dəqiq səngərin içini görürlər. Məsələn, düşmənin hərbi təxribatı nəticəsində iki gün əvvəl kənd təsərrüfatı ilə məşğul olan mülki şəxslər də döyüş bölgəsindən aralıda yaralandılar. Onlar döyüşdə iştirak etmirdilər. Ola bilsin ki, 18-19 yaşlı əsgərlərimiz də arxa hissədə hansısa tapşırığı yerinə yetirərkən şəhid olublar. Azərbaycanda elə bir komandir heyəti yetişib ki, onlar özləri gənc əsgərləri, nisbətən yaşda cavan olanları heç vaxt irəliyə buraxmırlar. Hətta müddətdən artıq xidmət edən kiçik komandir vəzifəsində olanlar da çalışırlar ki, bunu müəyyən şəkildə gözləsinlər. İndi belə söhbətlərə yer yoxdur. Bu saat hamımız bir olmalıyıq, bir yumruq kimi məhz təxribatların qarşısını alaraq bir daha düşmənə öz gücümüzü göstərməliyik, göstərməyə də davam edirik. Bu söhbətləri edənlər gedib cəbhədə döyüşənlər arasında etsəydilər, cavabını əsgərlərimiz verərdilər”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Sentyabr 2022, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin