BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Əylisli: “Ayağımı ölkədən kənara qoysam, tənqidi söz deyə bilmərəm”

“Axı əbədi düşmənçilik ola bilməz. İngilislərlə fransızlar arasında düz 100 il qarşıdurma olub. İndi fikir verin hansı münasibətlər yaranıb, nə qədər fərq əmələ gəlib. Yəni belə şeylərə ümidsiz baxmağın mənası yoxdur. Qonşuyuq. Heç birimiz bu bölgədən köçüb gedəsi deyilik. Başa düşürsünüz? Ona görə də dil tapıb, müəyyən dərəcədə münasibətləri normallaşdırmaq lazımdır. Düşmənçilik şəraitində yaşamağın nə mənası var ki? Düşmənçilik şəraitində yaşayanda inkişafdan da qalırıq, daim narahatlıq olur, qonşuluqda vəziyyət ağır olanda bu, sənin də evində vəziyyətə təsir edir. Bütün bunlar nəzərə alınmalıdır. Düşünmürəm ki, Ermənistanla Azərbaycan arasında əbədi düşmənçilik olmalıdır, mən bu fikirdə deyiləm”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində yazıçı Əkrəm Əylisli deyib.

 

Yazıçı bildirib ki, Ermənistanda da sülhdən danışan tərəflər var: “Çətin vaxtdır. Bilirsiniz, elə bir vəziyyət yaranıb ki, axı insanlar müxtəlifdir... Biri istəyər səninlə dost olsun, digəri o yandan bir güllə ata bilər. İnsanların hamısını müəyyən çərçivəyə salmaq mümkün deyil axı. Müxtəlif cür düşünənlər ola bilər. Ona görə də düşmən münasibətlərin gələcəyi yoxdur. Bunu bilmək lazımdır. Biz Sovet dövründə ermənilərlə bir yerdə yaşaya bilirdik. Qonşuluq münasibətlərinin yaxşı olması hər iki tərəf üçün yaxşı idi. Qədimdən elə dünyada aran olub, dağ olub. Məsələn, yay vaxtlarında bizimkilər öz sürülərini Ermənistanda otara bilirdilər. Onlar da qış vaxtlarında qışlaq üçün Azərbaycan ərazisindən istifadə edirdilər. Tarix boyu belə münasibətlər olub. Bunun xeyir-bərəkəti olub, ziyanı yox. Ona görə də çox ümidsiz olmaq lazım deyil. İndi onsuz da konfliktlər bütün dünyanı bürüyüb. Elə bir az əvvəl baxdım. Tacikistanla Qırğızıstanın sərhədində dəhşətli hadisələr baş verir. Təsəvvür edin, Qırğızıstan tərəfdən 121 adam zərər çəkib. Götürək Ukrayna-Rusiya münasibətlərini. Bu cür konfliktlərlə dolu olan dünyada o millət qalib çıxacaq ki, özünün ədalətli, geniş ürəkli, öz gələcəyinə ümidli olduğunu sübut etsin. İndiki vaxtda onsuz da düşmənçilik dünyanı götürüb”.

 

Ə.Əylisli Ermənistanın törətdiyi təxribatda Azərbaycanı “təcavüzkar” adlandıran qüvvələr barədə də fikir bildirib: “Mənim onlardan heç xəbərim yoxdur. Bu cür adamları mən başa düşmürəm. Çıxıb ölkədən gedib hardasa oturub Azərbaycanın əleyhinə danışmağı, ümumiyyətlə, prinsip kimi qəbul etmirəm. Mənim nə vaxt nə sözüm olubsa, lap hökuməti tənqid etmək istəyəndə içəridə etmişəm. Mənə bəzən heç inanmayıblar. Bəzən deyiblər ki, xaricə getməsin, getsə, bizim əleyhimizə danışa bilər. Xaricə çıxsam, ayağımı ölkədən kənara qoyandan 1 saat sonra Azərbaycan haqqında bir kəlimə tənqidi söz deyə bilmərəm. Çünki insan bunu öz şəxsiyyətinə sığışdırmamalıdır. Ancaq Vətən daxilində tənqidi fikirlərimi bildirirəm. Mən uzaqdan-uzağa Azərbaycanı tənqid etməyi, ümumiyyətlə, prinsipcə qəbul etmirəm”.

 

Yazıçı Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda dünya liderləri ilə çəkdirdiyi fotoya görə qınanmasına da münasibət bildirib: “Bunlar hamısı ara söhbətlərdir, ciddi adamın söhbəti deyil. Kim necə oturub, harda oturub, sifətində nə var… Adam var elə nöqsan tapmağa zaman axtarır. İstəyir nöqsan tapsın ki, özünü göstərsin, o barədə fikir desin. Qeyri-ciddi söhbətlərdir, əhəmiyyəti də yoxdur. Bu, heç kimə də təsir etmir. İnsanların xasiyyəti müxtəlifdir. Eləsi var, gözü götürmür. Hər halda bu, mədəni səviyyə deyil. Birinin şəxsiyyətinə toxunmaq və s. Ümumiyyətlə, şəxsiyyətə toxunmaq mənim üçün heç vaxt məqbul sayılmayıb”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Sentyabr 2022, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin