BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamilə Əliyeva: “Dünya birliyi Azərbaycanla Ermənistan arasında seçim etməlidir”

“Sentyabrın 13-də Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları istiqamətində Ermənistanın törətdiyi irimiqyaslı hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, revanşist siyasət yürütdüyünü sübuta yetirdi. Cənubi Qafqazda, ümumilikdə regionda sülhün, əmin-amanlığın bərqərar olması  bir sıra xarici ölkələrdə fəaliyyət göstərən qüvvələrin marağında deyil. Xarici qüvvələr regionda gərginliyin artması üçün hər zaman Ermənistandan istifadə edib və bu gün də bu proseslər davam etdirilir. Sadə erməni xalqı illərdir bu çirkin siyasətin qurbanına çevrilib. Ermənistanın törətdiyi təxribatlar və revanşist cəhdlər insanların sülh, əmin-amanlıq şəraitində yaşamalarına, beynəlxalq hüquq normalarına böyük zərbədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Ermənistan rəhbərliyini qınamalı və onlardan bu qeyri-insani hərəkətlərə son qoymağı tələb etməlidirlər: “Cənab Prezident İlham Əliyevin regionda sülhün yaradılması istiqamətində həyata keçirdiyi işlər,  etdiyi çıxışlar,  Ermənistanda isə, əksinə, revanşizmin dəstəklənməsi, yeni təxribatlar törədilməsi fikirləri önə çəkilir. Dünya dövlətləri, beynəlxalq təşkilatlar sülhə, əmin-amanlığa, tərəqqiyə çalışan Azərbaycanla terrora, millətçiliyə, təxribatlara, münaqişəyə rəvac verən Ermənistan arasında seçim etməlidir. Azərbaycanın tərəfində duran dövlətlərin sayı nə qədər çox olarsa, dünyamızda daimi olaraq sülh və əmin-amanlıq hökm sürər. Son təxribat bir daha onu göstərir ki, ermənilər minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək fikrində deyillər. Bu isə gələcəkdə Ermənistanın yeni təxribatlar törədə biləcəyini asanlaşdıracaq, Azərbaycan tərəfinin isə özünümüdafiə etməsini çətinləşdirəcək. İşğaldan azad edilmiş ərazilərdə basdırılmış və yeri müəyyənləşdirilməmiş minlərlə mina hələ də qalmaqdadır. Bu da mülki şəxslərin xəsarət almasına, ölümünə səbəb olur. Bu səbəbdən Ermənistan terrorçu dövlət kimi tanınmalıdır. Beynəlxalq təşkilatlar mina xəritələrinin verilməsi üçün Ermənistana təsirli təzyiqlər göstərməlidilər”.

 

K.Əliyeva deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “13 sentyabr təxribatı Azərbaycanın Avropadakı nüfuzuna xələl gətirilməsinə hesablanmış bir addımdır. Dünyada Ermənistana dəstək verən dövlətlər regionun inkişafını istəmirlər.  Azərbaycan kimi güclü bir dövlətin inkişafı regionun tərəqqisinə böyük töhfə verər. 13 sentyabr təxribatı tək Azərbaycanın deyil, regionun digər ölkələrinin də iqtisadi, siyasi inkişafına bir zərbədir. Gələcəkdə hərbi təxribatların törədilməsi müharibəyə də səbəb ola bilər. Ölkə başçımız cənab İlham Əliyevin “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir” deməsi artıq sübut olunmuş bir həqiqətdir. Prezident cənab İlham Əliyevin ordu quruculuğunda atdığı addımlar ölkəmizin təhlükəsizliyində müstəsna rol oynayır. 13 sentyabr təxribatı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasına yönəldilib. Ermənistan və onun havadarları bilməlidirlər ki, Minsk qrupu artıq tarixin arxivinə göndərilmiş bir təşkilatdır. Bu gün bütün dünya Ermənistanda baş alıb gedən hərc-mərcliyin, özbaşınalığın, Azərbaycanda isə xalq-iqtidar birliyinin sarsılmazlığının şahidi oldu”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Sentyabr 2022, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin