BURADA REKLAMINIZ OLA
BİLƏR

Abutalıb Səmədov: “Çox istərdik, Ukrayna qalib gəlsin, amma bu, həddindən artıq çətindir”

“Rusiya-Ukrayna müharibəsi başlayanda böyük əksəriyyət düşünürdü ki, qüvvələr nisbəti dəfələrlə Rusiyanın xeyrinə olduğuna görə müharibə qısa müddətdə Rusiyanın qələbəsi ilə başa çatacaq. Ancaq bu cür proqnoz verənlər Ukrayna xalqının döyüş əzmini, qəhrəmanlığını nəzərə almamışdılar. Nə qədər böyük hərbi gücə malik olmasından asılı olmayaraq, son illər heç bir dövlət küçə, şəhər döyüşlərinə girib tək başına qələbə qazanmayıb. ABŞ Yuqoslaviyaya qarşı böyük bir kaolisiya təşkil etdi və yalnız hava döyüşləri apardı, 78 gün bombaladı. İraqa qarşı da eyni kaolisiya təşkil olundu. İraq da havadan darmadağın ediləndən sonra quru qoşunları hərəkətə keçdi. Özündən müştəbeh davranan Rusiya bunları nəzərə almadı və Kiyevin yaxınlığına qədər gedib çıxdı. Sonradan səhvini anlayıb taktikanı dəyişdi, ancaq artıq hərbi əməliyyatlar meydanında vəziyyət dəyişmişdi. Ukrayna çox ciddi yardım alaraq əks hücuma keçmək imkanı qazanmışdı…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

O bildirib ki, artıq təşəbbüs müəyyən qədər Ukraynanın əlindədir: “Bunu qələbə kimi qiymətləndirmək olarmı? Təbii ki, yox. Müharibənin ən əsas və ən qanlı mərhələsi başlayır. Rusiya dəfələrlə bəyanat verib ki, nüvə dövləti məğlub ola bilməz. ABŞ kəşfiyyatı da dəfələrlə xəbərdarlıq edib ki, təşəbbüs Ukraynanın əlinə keçərsə, Rusiya taktiki nüvə silahlarından istifadə edə bilər. Dünyada ən çox taktiki nüvə silahı Rusiyadadır. Rəsmi Moskvanın bu silahlardan istifadə etmək ehtimalı çox yüksəkdir”.

 

A.Səmədov deyib ki, Rusiya müharibədə çox böyük zərbə, yara alıb: “Bu, təbii ki, hamımızın maraqlarına cavab verir. Rusiyanın hərbi gücünün zəifləməsi işğalçılıq niyyətlərinin azalmasına gətirib çıxara bilər və biz bunu çox istəyirik. Ancaq Ukraynanın mütləq qalib gələcəyini iddia etmək çox tezdir. Əsas döyüşlər indi başlayır. Rusiya açıq şəkildə bəyan edib ki, onun əsas hədəfi Donetsk və Luqanskdır, digərlərindən imtina edə bilər. Bu gün Xarkovda müəyyən ərazilərinin itirilməsini bu səbəbdən o qədər də ciddi itki hesab etmir. Ancaq əsas döyüşlər Donetsk və Luqansk istiqamətində və Xerson vilayətində gedəcək. Çox istərdik, Ukrayna qalib gəlsin. Amma etiraf etməliyik ki, bu, həddindən artıq çətindir”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Sentyabr 2022, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin