BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat məhkəmə sədrindən narazıdır: "Get, hara istəyirsən, şikayət et”

Azərbaycanda deputat məhkəmə sədrindən narazıdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisinin deputatı Jalə Əhmədova sosial şəbəkədə məlumat paylaşılıb.

 

O bildirib ki, seçicilərindən Salyan Rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı şikayətlər daxil olub:

 

"Ədalət mühakiməsinin hakimindən ədalət gözləyən vətəndaşların çarəsizliyi...

 

İstər ətrafımdakı insanlar, istərsə də seçicilərim çox gözəl bilirlər ki, vətəndaşı səbirlə dinləmək, onlara həssaslıq, qayğı nümayiş etdirmək və problemlərinin həllinə çalışmaq mənim fəaliyyətimdə prioritetdir. Bu mənim iş prinsipimdir!

 

Lakin bəzən elə şikayətlərlə üzləşirəm ki, həllində çarəsiz qalıram.

 

Ədalət mühakiməsinin hakimindən ədalət gözləyən vətəndaşların çarəsizliyi kimi.

 

Hər birimiz bilirik ki, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan həyata keçirilir. Yəni, məhkəmənin işinə müdaxilə etmək yolverilməzdir. Amma bu o demək deyil ki, bəzi məhkəmə sədrləri vəzifələrindən sui-istifadə etməli, məhkəmə prosesləri zamanı vətəndaşa aşağılayıcı münasibət sərgiləməli, yüksək tonla danışmalı və ya işi araşdırmadan birtərəfli mövqedən çıxış edərək qərar qəbul etməlidir. Məhkəmə-hüquq sisteminin inkişafı üçün aparılan uğurlu islahatlara kölgə salmalıdır!

 

Məhkəmələrin müstəqil olması onlara bu hüququ verirmi ki, vətəndaşa bu cür davranış nümayiş etdirsin, ən əsası da qeyri-obyektiv qərarlar qəbul etsin və vətəndaşın konstitusion hüquqlarını pozsun?!

 

Qəbul zamanı seçicilərimin Salyan Rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlər də məhz bu istiqamətdədir – Muradağa müəllim məhkəmə-hüquq sistemini özününküləşdirib!

 

Deyəsən M.Qasımov ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirildiyini və məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını unudub.  Bəs, görəsən vətəndaşa “get, hara istəyisən şikayət et”, deyən Muradağa müəllim, bununla dövlətimizin nüfuzuna xələl gətirdiyini bilirmi? Yoxsa şəxsi mənafeyini daha üstün hesab edir?!

 

Salyan Rayon Məhkəməsinin sədri Muradağa Qasımov unutmasın ki, hər bir məmur xalqın xidmətçisidir!

 

Bu gün Dövlətimizin, xalqımızın, Prezidentimizin qarşısında hesabat veririk, sonra isə Allahımıza hesabat verəcəyik. Bunu unutmuyaq!".

 

Kamal Məmmədov

Tarix: 19 Sentyabr 2022, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin