BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Pelosi separatizmə, ekstremizmə dəstək verən “vaxtı keçmiş” siyasətçi kimi yadda qalıb”

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, orada Azərbaycana qarşı növbəti dəfə qərəzli ittihamlarla çıxış etməsi təxribatdan başqa bir şey deyil. Əvvəlcədən Azərbaycana bəlli idi ki, Pelosinin Ermənistan səfəri birbaşa bu yaxınlarda ABŞ Konqresində baş tutacaq aralıq seçkilərində erməni lobbisindən dəstək almağa hesablanıb. Ümumiyyətlə, Pelosi hər zaman anti-Azərbaycan mövqeyi ilə yadda qalıb, Azərbaycana qarşı həmişə əsassız ittihamlarla çıxış edib, Ermənistana açıq dəstəyini ifadə edib. Səfər çərçivəsində o, 12-14 sentyabr tarixlərində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatı ölkəmizin üzərinə atmağa çalışdı. Guya Azərbaycan Ermənistan ərazisinə qanunsuz, ölümcül hücumlar təşkil edir. Pelosi belə bir ifadə işlətməklə ölkəmizi əsassız ittiham edib. Yaşı ötmüş bu qocaman siyasətçinin belə addım atması çox böyük təəssüf doğurur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat vurğulayıb ki, Pelosinin bu mövqeyi bölgədə yaranmış yeni reallığın ruhuna uyğun deyil: “Eyni zamanda bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına istiqamətlənməyib. Tam əksinə, Ermənistanın revanşist siyasətini daha da qızışdırır, beləliklə, bölgədə kövrək sülhə çox böyük təhdid yaradır. Pelosi separatizmə, ekstremizmə dəstək verən “vaxtı keçmiş” siyasətçi kimi yadda qalıb. O, bunu Tayvana səfəri ilə də bir daha göstərmiş oldu. Pelosi ədalətli addım atmaq niyyətindədirsə, onda nəyə görə Ermənistan 30 il Azərbaycanın 20% torpağını işğal altında saxlayanda heç vaxt ölkəmizə dəstəyini nümayiş etdirməyib? Bunun bağlı heç Ermənistanı qınamayıb. Ermənistanın işğalçılıq siyasətinin nəticəsində 1 milyondan çox məcburi köçkün və qaçqınımız yaranmışdı. Onların da 30 il müddətində öz torpaqlarına qayıtmaq imkanı olmayıb. Ermənilərin vandalizm aktlarını, xalqımıza qarşı törətdikləri etnik təmizləməni, misli görünməmiş vəhşiliklərdən ibarət Xocalı, Qaradağlı, Meşəli və digər ərazilərimizdəki soyqırımlarını Pelosi heç vaxt qınamayıb. Ermənilər şəhər, kənd, qəsəbələrimizi tamamilə yerlə-yeksan edib, dünya coğrafiyasından silməyə çalışıblar. Dini, tarixi, mədəni abidələri tamamilə məhv ediblər. Nədənsə Pelosi bütün bunları görməzdən gəlir, Ermənistana dəstəyini açıq göstərir. Əlbəttə, bu, qəbuledilməz haldır. Pelosinin bu cür açıqlamaları əldə olunmuş razılıqların hər birinə qarşı çıxmaq deməkdir. Onun bu addımları Azərbaycan cəmiyyətində ciddi qınanır. Ermənistan revanş düşüncəsi ilə bundan güc alıb növbəti təxribatları törətməyə cəhd edərsə, qarşısı Silahlı Qüvvələrimiz tərəfindən yenə də qətiyyətlə alınacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Sentyabr 2022, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin