BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Regionda baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”

“Şanxay Əməkdaşlıq Təşkilatı siyasi və hərbi təşkilat olmasa da, iqtisadi sahədə formalaşmış böyük bir platformadır. Rusiya, Çin, Hindistan və Pakistan kimi böyük dövlətlərin üzv olduğu ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir. Bu ilin sentyabr ayının 15 və 16-da ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitinə Prezident cənab İlham Əliyevin mötəbər qonaq kimi dəvət olunması Azərbaycan dövlətinin dünyada artan nüfuzundan xəbər verir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Asiya qitəsində yerləşən dövlətlərin iqtisadi cəhətdən inkişaf etməsində müstəsna rol oynayır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, ŞƏT-ə üzv dövlətlərin, xüsusən, iqtisadi cəhətdən də dünyanın ən öndə gedən dövlətlərindən biri olan Çinin istər Şərq-Qərb,  istərsə də Şimal-Cənub marşrutları ilə quru yolla Avropaya çıxışı Azərbaycan ərazisindən keçir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağı istiqamətlərində və dəmir yolu, avtomobil magistrallarında hərəkətin asanlaşdırılması üçün böyük nəqliyyat infrastrukturu yaradıb. ŞƏT-ə üzv dövlətlər Azərbaycanın təklif etdiyi nəqliyyat marşrutlarına və ölkə daxilində yaratdığı nəqliyyat qovşağına böyük üstünlük verirlər. Ölkəmiz dəniz yükdaşımaları sahəsində də bütün dünya üçün əhəmiyyətli layihələr həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır. ŞƏT-in Səmərqənddə keçirilən Sammitində cənab İlham Əliyev çıxış etdi. Ölkə başçımız çıxışında Azərbaycanda yaradılmış böyük nəqliyyat infrastrukturunun hazırkı vəziyyətindən, ölkəmizin Şərq-Qərb  və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə böyük töhfə verməsindən, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı hərbi təxribatlar barədə ətraflı məlumat verdi. Bu gün Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Azərbaycanda ən böyük və müasir texnologiyalara malik Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal etmək gücündədir. Son 20 ildə Azərbaycanda 20 min km-ə yaxın avtomobil yolu, 1400 km dəmir yolu xətti çəkilib. İşğaldan azad edilmiş ərazilərdə hal-hazırda da avtomobil və dəmir yollarının çəkilişi davam etdirilir”.

 

K.Əliyeva deyib ki, ölkə başçımız çıxışında Ermənistanın 13 sentyabr tarixində Azərbaycana qarşı törətdiyi təxribata da toxunub: “Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar  bilməlidirlər ki, regionda baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan rəhbərliyi bütün dünyaya baş vermiş hərbi təxribatın məhz Ermənistan tərəfindən başlanılması barədə sübut və dəlillər təqdim edib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin təcili və qeyri-şərtsiz Azərbaycan ərazisindən çıxarılması barədə 4 qətnaməsi kağız üzərində qalmayıb icra olunsaydı, Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsəydi, bölgədə müharibə baş verməzdi. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasını özü yerinə yetirdi, torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququ da bərpa etdi. Azərbaycan tərəfi Azərbaycan və Ermənistanın bir-birinin suverenliyini və ərazi bütövlüyünün toxunulmazlığı nəzərə alınmaqla 5 bənddən ibarət prinsip təqdim edib. Azərbaycan Ermənistanla bu prinsiplər əsasında sülh sazişinin bağlanması barədə öz fikrini bütün beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırıb. Bu 5 prinsip beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb”.

Tarix: 21 Sentyabr 2022, 11:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin