BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Qadınlar hicabda gəzməsələr, onlara heç bir zərər dəymir, zərər yalnız kişilərə dəyir”

“Hicabla bağlı məsələlər çox ciddi və gərgin məsələlərdir. Hələ bunun həllini heç bir ölkədə tapmayıblar. Şiəlik özü birbaşa hicabla bağlı idisə, şiəlikdən hicabı çıxarsan, şiəlik olmur. Şiəliyin əsas mənası, məzmunu imamlarla, xüsusilə İmam Hüseyn, İmam Əli ilə bağlıdır. Hicab onların bir atributudur. İranda bu atributu çıxarsan, İranın gözlə görünəcək atributları olmayacaq. İranda xaricdən gələn insanların şiəliyi tam görə bilməsi mənasında hicab taxılır. Hicablı qadın görəndə onlar hiss edirlər ki, İrandadırlar. Başqa ərəb ölkələrində, məsələn, Misir, Tunis, Əlcəzair, Mərakeşdə belə çox da hicablı qadın görmürsünüz. O ölkələrdə kim hicab taxır, ya yox, bu, hər kəsin öz işidir”.

 

Bu sözləri Pravda.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev son günlər İranda qadınların hicabla bağlı etirazları ilə bağlı danışarkən deyib.

 

O bildirib ki, “Qurani-Kərim”də hicabın vacib olması ilə bağlı  qəti sürətdə heç nə deyilməyib: “Bu, sonradan ortaya çıxmış məsələlərdən biridir. İndi bunu bir atribut kimi qəbul edirlər, etsinlər. Kim necə istəyir, elə də edir. Hətta belə deyirlər ki, guya İslam dini meydana gələndə qadınlar bazarda gəzərkən yəhudilər, xristianlar da orda olublar. Onda hansısa bir qadının şalı kiminsə ayağının altında qalır, paltarı aşağı düşür. Ona görə də müsəlman qadınlara deyirlər ki, hicab geyinin, sizi yəhudi və xristianlardan fərqləndirsinlər. Məhəmməd Peyğəmbərin əshabından olan qadınlar hicab taxıblar ki, onları başqa müsəlman qadınlardan fərqləndirsinlər. Mən müsəlman aləmində gördüklərimə əsasən deyirəm ki, qadınların hicablı gəzməsi zəruri, mütləq deyil. Hicabda gəzməsələr, onlara heç bir zərər dəymir. Bu zərər ancaq kişilərə dəyir. Kişilər göz zinası edirlər. Bütün səhvləri etmişik, qanunları pozmuşuq, amma göz zinasının mənası barədə xəbərimiz yoxdur. Müsəlmanlar arasında ən ciddi zinalardan biri göz zinasıdır. Qadınlar açıq-saçıq gəzsələr, biz onlara baxanda göz zinası etmiş oluruq. Kişilər göz zinası etməsinlər deyə məcbur edirlər ki, qadınlar çarşab geyinsinlər, kişilər də onların üzlərini, əllərini, qollarını, ayaqlarını görməsinlər, ürəklərindən nəsə keçməsin. Kişilər öz nəfslərini saxlasınlar, şəhvət hislərini boğsunlar, özlərinə hakim olsunlar. O zaman qadınlar lap hicabsız da gəzsələr, onlar üçün heç bir ziyanı yoxdur”.

 

R.Əliyev hicaba qarşı şəxsi münasibətini də bölüşüb: “Hicablı gəzənlərə heç bir iradım yoxdur. Çox gözəl geyinirlər. Bizdə İslamdan da qabaq şal bağlayırdılar. Qadının başı bizdə heç vaxt açıq olmayıb. “Kələğayı” bağlayıblar. İndi bunu hicabla əvəz ediblər, bəziləri üzlərini də, başlarını da örtürlər. Bunu qəbahət hesab edirəm. İranda olan hicab, tam üzün bağlanması mənim üçün məqbul deyil. Kimsə geyinirsə, öz şəxsi işidir, şəxsi məsələlərə qarışmayaq”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Sentyabr 2022, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin