BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətbuat Şurasının İdarə Heyətinə gənc namizədlər danışdılar, gözləntilər açıqlandı

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək. Mətbuat Şurasının İdarə Heyətinə namizədliyini irəli sürənlər arasında gənc jurnalistlər üstünlük təşkil edir.

 

Pravda.az-ın əməkdaşı gənc namizədlərin qurultay barədə fikirlərini öyrənib.

 

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, qurultaydan böyük gözləntilər var:

Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi  mətbuata ən böyük diqqət və qayğıdır"

“Bu, təkcə Azərbaycan jurnalistikasının deyil, bütövlükdə cəmiyyətimizin gözləntiləridir. Son illər Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaradılması, Mətbuat Şurasının yenidən qurulması istiqamətində atılan addımlar sabahkı qurultaya olan gözləntiləri artırır. Mənim də qurultaydan gözləntilərim çoxdur. Çünki Mətbuat Şurası son illər, demək olar, fəaliyyətsiz bir quruma çevrilmişdi. İstər sosial şəbəkələrə inteqrasiya, istər İdarə Heyətində gənclərin təmsil olunması, cəmiyyətdə baş verən proseslərə adekvatlıq baxımından Şura heç də missiyasına uyğun şəkildə fəaliyyət göstərmirdi. Sabahkı qurultaydan cəmiyyətimizin gözləntiləri Mətbuat Şurasının İdarə Heyətinin yenilənməsi, ora yeni gənc nəfəs gəlməsi, gənclərin innovativ layihələrinə yer verilməsidir. Əlbəttə, heç bir halda dana bilmərik ki, peşəkar, qocaman jurnalistlərin təcrübəsi ilə gənclərin enerjisi ortaq məxrəcə gəlməzsə, hansısa  uğurdan söhbət gedə bilməz. Şəffaflığa gəlincə, Azərbaycanda islahatların keçirilməsi birbaşa cənab Prezidentin əməli idarəsi ilədir. Ümid edirəm, qurultayda tam şəffaflıq təmin ediləcək. Qurultayda cəmiyyət tərəfindən tanınan, hörmət edilən jurnalistlər də iştirak edəcəklər. Səslərin hesablanması prosesinə şəffaflıq baxımından, arzu edirəm ki, həmin jurnalistlər də qoşulsunlar, şəffaflıq tam qorunsun. Jurnalistlər qurultaylarını şəffaf keçirə bilmirlərsə, cəmiyyətdən nəsə gözləyə bilmərik. Bu baxımdan Mətbuat Şurasının üzərinə çox böyük vəzifə düşür. Qurultay tam ədalətli, şəffaf keçirilməlidir ki, cəmiyyətin Mətbuat Şurasına, Azərbaycan mətbuatına, jurnalistlərinə olan inamı bərpa olunsun. Sosial şəbəkələrdə jurnalistlərin toplaşdığı qruplarda soğular keçirildi, adekvatlıq qorundu. İlk 6-7-ci sıralarda yer tutdum. Mənə səs verən 63 media orqanının hər birinə təşəkkür edirəm, çox böyük fəxarət hissi oldu”.

 

“Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli deyib ki, seçkinin şəffaf keçiriləcəyini düşünür:

“Çünki bu, mediadır, hər kəs diqqət mərkəzindədir. Burada hər hansı bir saxtakarlıq etmək mümkün deyil. Namizədlərin sırasında kifayət qədər yeni adlar, gənclər var. Bunun özü göstərir ki, seçki rəqabət şəraitində, şəffaf keçiriləcək. Mən də namizədliyimi irəli sürmüşəm, yer tutmaq önəmli deyil. İdarə Heyətinə mən də, hansısa həmkarımız da seçilə bilər. Əsas mediamızın inkişafıdır. Bu baxımdan, sabahkı qurultayın şəffaf olacağına əminəm. Bütün həmkarlarımıza uğurlar arzulayıram”.

 

“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı da qurultaydan böyük gözləntiləri olduğunu deyib:

Fərid Şahbazlı: “Mətbuat Şurası media və ictimaiyyət tərəfindən qəbul  edilmək istəyirsə…” - Editor.az

“Azərbaycan jurnalistlərinin özünütənzimləmə qurumu olan Mətbuat Şurasının qurultayı media cəmiyyətində böyük diqqət və marağa səbəb olub. Bu, tam təbiidir. Uzun davam edən səsvermədən sonra İdarə Heyətinə namizədliyini irəli sürənlərin siyahısında olduqca maraqlı, innovativ, ümidverici adları görə bilirəm. Qurultaydan gözləntilərimiz böyükdür. Düşünürük ki, bu, təkcə səsvermə prosesindən ibarət olmayacaq, eyni zamanda Azərbaycan mətbuatının fundamental problemlərinin dilə gətirildiyi, dövlətimizin müxtəlif strukturları qarşısında qaldırıldığı mühüm toplantı olacaq. Qurultayla bağlı çox fərqli fikirlər, yanaşmalar var. Tanınmış jurnalistlər müxtəlif məsələlər barədə sosial şəbəkələrdə dəstəklərini, iradlarını bildirir, problemləri qaldırırlar. Hesab edirəm, bütün bunlar zəruridir. Həqiqətən Mətbuat Şurasını yeniləmək, təşkilatı jurnalistlərin etimad göstərdikləri bir quruma çevirmək istəyiriksə, əlbəttə, burada dəyişikliklər qaçılmaz olmalı, yeni ruh gəlməlidir. Qurumun köhnə tərkibi böyük əksəriyyətlə qalacaqsa, ya da adlar dəyişsə də, eyni düşüncələri, yanaşmaları, geriçi düşüncəni təmsil edən şəxslər İdarə Heyətində olacaqlarsa, hesab edirəm, bu, qurumla bağlı gözləntiləri növbəti dəfə, bəlkə də, bundan sonra uzun müddətlik məhv edəcək. Çünki bu prosesə Azərbaycan jurnalistləri çox fəal, böyük ümidlərlə qoşuldu. İnanmaq istəyirik ki, bu, nəticəsini göstərəcək. Əks halda, şübhəsiz ki, itirən jurnalistlərdən daha çox Mətbuat Şurasının özü olacaq. Şura bundan 2-3 il əvvəlki statusuna, səssiz, ruhsuz vəziyyətinə qayıdacaq. Görürəm ki, namizədlər arasında təmsil olunan gənclər Azərbaycan media ictimaiyyəti arasından çox yüksək sayda səs toplayıblar. Bu da gənclərə olan inamın, Şurada gənclərin təmsil olunmasına verilən dəstəyin bir nümunəsidir. İnanıram ki, qurultayda da bu nümunəni açıq-aşkar görəcəyik”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2022, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin