BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm üçün kifayət qədər şərait var - RƏY

Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm inkişaf edir. Ölkə söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Kütləvi İnformasiya Vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, fikir, söz və məlumat azadlığı, plüralizm üçün kifayət qədər şərait var.

Deputatın sözlərinə görə, vətəndaşlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər: "Ölkəmizdə mətbuat azadlığı mövcuddur. Vətəndaşların bununla bağlı münasibətlərini bildirmələri üçün heç bir problem yoxdur. Düzdür, zaman-zaman müxtəlif iddialar səslədirilib. Əminliklə deyə bilərik ki, dövlət mətbuatın azadlığı üçün lazım olan hər cür şəraiti yaradıb, bu gün də yaradır. Azərbaycan bu sahədə irəlidədir. Sadəcə olaraq, mətbuatın bir hissəsi plüralizmi, mətbuat azadlğını səhv anlayırlar. Bir sıra hallarda da yanlış addımlar atdıqlarının, məsələlərə düzgün yanaşılmadığının şahidi oluruq. Əlbəttə ki, bu da vətəndaşlarımız tərəfindən normal qarşılanmır. Burada bir incə sərhəd var. Bu incə sərhədi heç kim keçməyə çalışmasın”.

 

Politoloq Qabil Hüseynli isə ölkəmizdə siyasi plüralizmin inkişafından söz açıb:

“Azərbaycan hələ inkişaf mərhələsindədir. Ölkəmizdə siyasi plüralizmin mühüm elementi olan çoxpartiyalılıq sistemi inkişaf edir, möhkəmlənir. Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi gözlənilir. Fikir, söz və məlumat azadlığı barədə müəyyən tərəqqiyə nail olmuşuq. İnformasiya almaq, informasiyanı yaymaq azadlığı informasiya portalları, müxtəlif saytlar, eyni zamanda internet televiziyaları səviyyəsində geniş inkişaf edib. İstənilən informasiyanı yaymaq üçün lazım olan bütün imkanlar var. Bu baxımdan ölkəmizdə informasiya və söz azadlığı, siyasi və fikir plüralizmi müəyyən inkişaf mərhələsinə çatıb, inkişaf etməkdə davam edir”.

 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, fikir, söz və məlumat azadlığı cəmiyyətlərin əsas inkişaf göstəricilərindədir:

“Söz, fikir, məlumat azadlığı eyni zamanda hüquqi dövlətin parametrlərinə aiddir. Cəmiyyətlərin inkişaf etməsi və onların keçdikləri yol, islahatlar, həm də digər sahələrdə inkişaf etmələri ilə bağlı ciddi alternativlər yaradır. Söz, fikir azadlığı ideyaların səsləndirilməsinə və tətbiqinə gətirib çıxarır. Fikir verin, bir çox ölkələrdə təklif olunan layihələrin əksəriyyətinin kökündə kreativ ideyalar dayanır. Bir çoxlarının yeni tətbiqləri, yeni istehsalları bütövlükdə ortaya qoyduqları uğurlu yanaşmaların əsasında baş verir. İlk növbədə “təsisat işi” adlandırılan ümumi baxış var. Bu, mütləq şəkildə demokratiyanın əsas hissəsini təşkil edir. Əmin olun ki, bu ümumi fikrin arxasında gizlənən ən vacib məqamlardan biri dövlətlərin uzun mübarizə və münaqişə yolu keçməsidir. Bu dönəmi formalaşdırmaq üçün cəmiyyətlər böyük qurbanlar verirlər. Bu mənada, digər ölkələrin yüz ilə keçdikləri yolu Azərbaycan az müddətdə keçə bildi. 30 il müstəqillik dövründə qəbul edilmiş qanunlar, onların dünya standartlarına uyğunlaşması çox müsbət addımlardır. Sadəcə, zaman baxımından müəyyən məsələlərin tətbiqinə ehtiyac qalır. Bu da fikir və söz azadlığının dərki prosesi ilə bağlıdır. Dərk prosesinin içində gizlənən şey insanların hüquqlarını bilmələri, bunu tələb etmələri və riayət etmələridir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 24 Sentyabr 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin