BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə qadın ərini toyun səhərisi günü niyə bıçaqladı?

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə ərini bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Rahilə Rahibovanın (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.


İttihama görə, hadisə 15 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində Şəmkir rayonu, Qaralar kəndində qeydə alınıb.


Belə ki, qadın kənddə yaşadığı fərdi yaşayış evində əri Akif Rahibov (ad, soyadı şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə edib. Daha sonra kişi arvadını sözlə təhqir edib, əlləri və yumruğu ilə onu vurub. Bu zaman Rahilə əsəbləşərək qisas almaq niyyəti ilə evdə olan masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə qəsdən Akifə bir bıçaq zərbəsi endirib. Daha sonra o, şüşə butulka ilə ərinin baş nahiyəsinə vurub.


Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.


Polis əməkdaşları tərəfindən saxlanılan Rahilə Rahibovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


Məhkəmə iclasında qadın ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.


O, ifadəsində göstərib ki, Akiflə evliliklərindən iki övladı var.


Belə ki, Akif əvvəllər Rusiyanın Moskva şəhərində işləyib. 21 noyabr 2021-ci il tarixdə ər Rusiyadan Azərbaycana gəlib. Gəldikdən sonra yaşadığı evi təmir etdirib və oğlu Faiqə (şərti) sünnət toyu etmək qərarına gəlib. Akif evinə gəldikdən sonra qadın digər şəxslərlə əlaqə saxlamaq üçün istifadə etdiyi mobil telefonu ərinin dayısının mənzilinə qoyduğu əşyaların içində gizlədib.


11 dekabr 2021-ci il tarixdə oğlu Faiqin sünnət toyu Gəncə şəhərində yerləşən “Tural” şadlıq sarayında saat 15 radələrində başlayıb. Həmin günü qadın gözəllik salonunda olanda Akif dayısının evində qadının gizlətdiyi “Samsung” markalı mobil telefonu tapıb. Bir gün sonra o, həmin telefonu Akifin əlində görüb.


14 dekabr 2021-ci il tarixdə oğlu Faiqin evdə sünnəti olmuş və həmin günü onun, Akifin valideynləri və qohumları gəlib. Saat 23 radələrinə kimi qohumları evdə olub və bundan sonra onlar gediblər. Akif ondan yemək istəyib, qadına da araq süzüb. Kişi arağı onunla birlikdə içməyi tələb edib. Rahilə məcbur əri ilə araq içib və bundan sonra Akif ona gizlətdiyi mobil telefonu tapdığını deyib. Sonra telefonda olan səs yazılarına qulaq asdığını bildirdib, qadından danışdığı şəxslərin kimlər olduğunu soruşub. Rahilənin gizlətdiyi telefonda əvvəllər qadının tanış kimi vatsapda danışdığı şəxslərin səs yazıları olub. Qadın ərinə söhbəti bağlamasını və sonra bu barədə danışmağı təklif edib. Akif onunla sözlə mübahisə edib. Rahilə ərinə oğlunun yeni sünnət olduğunu və sakitləşməsindən ötrü dərman içib uzandığını deyib. Kişi bundan sonra sakitləşib. Akif yerindən qalxıb və yenidən araq içərək səslərə qulaq asıb, qadını sorğu-sual edib. Kişi qadına “sənin atan və qardaşına zəng edib evə çağıracam” deyib. Rahilə ərindən xahiş edib ki, valideynlərinə sabah desin. Akifin ona başqa kişilərlə danışdığını hamıya deyib qadını insanların yanında biabır edəcəyini bildirib. O, ərinə bu barədə heç kimə deməməsi üçün yalvarıb. Akif əlləri ilə qadının başına və üzünə bir-iki dəfə vurub. Rahilə oğlunun yatdığından sakit dayanıb və Akifdən ondan uzaqlaşmasını, onu vurmamasını istəyib.


Daha sonra qadın ərini qorxutmaq məqsədilə masanın üzərində olan mətbəx bıçağını götürüb. Akif əlində olan mobil telefonu onun üzünə vurub və çönüb gedib. Bu zaman qadın bıçaqla ərinin kürək nahiyəsindən bir dəfə zərbə endirib. Akif onun üstünə gələrək qadını vurmaq istədikdə masanın üzərində olan araq butulkasını kişinin başına vurub cə sonra evdən çölə çıxıb. Akif arxası ilə çölə gəlib qışqıranda kişinin qardaşı və onun arvadı səsə onlara gəliblər. Həmin şəxslər yaralının qonşunun avtomobili ilə xəstəxanaya aparıblar. Sonra hadisə yerinə polislər gəliblər.


Rahilə Rahibova dindirilərkən söyləyib ki, hazırda Akiflə ər-arvad kimi yaşayırlar, həyat yoldaşı işləmədiyi üçün Rusiyaya gedib: “Əməlimdən peşmanam”.


Kamal Məmmədov 

Tarix: 25 Sentyabr 2022, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin