BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamilə Əliyeva: “İlham Əliyevin başçılığı altında Azərbaycan xalqı yeni reallıqlar yaratmağı bacardı”

“Çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan yurdu olan Qarabağa köçürülməsindən 200 ildən çox vaxt keçib. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və bu çirkin əməlləri bu gün də davam etdirirlər. ХХ əsrin əvvəllərində, 1905-1907 və 1920-ci illərdə 100 minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. 1918-1920-ci illərdə erməni silahlı quldurlarının amansız, misli görünməmiş qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu illərdə qədim Azərbaycan torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və bir çox digər ərazilərimizdə dinc azərbaycanlı əhalisi ermənilər tərəfindən işgəncələr verilərək qətlə yetirilib, xalqımız soyqırımına məruz qalıb, öz ata ocaqlarından qovulublar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat xatırladıb ki, Sovetlər dövründə də ermənilər soyqırım siyasətlərini davam etdiriblər: “1948-1953-cü illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqları olan ərazilərdən 150 min, 1988-ci ildə isə 300 min soydaşımız deportasiya olunaraq Azərbaycana yerləşdirilib. Həyata keçirilən bu deportasiya zamanı 10 minlərlə insan qətlə yetirilib, evləri dağıdılıb, yurd yerləri viran qoyulub. Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırımına ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Azərbaycan torpaqlarınının 20%-I Ermənistan tərəfindən işğal edildi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər böyük vəhşiliklər törədir, soydaşlarımızı qətlə yetirirdilər. 1992-ci il fevralın 26-da ermənilər XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını həyata keçirdilər. Yüzlərlə qadın, uşaq, qoca ən ağır işgəncələrlə qətlə yetirildi”.

 

K.Əliyeva bildirib ki, “Dağlıq” Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələnin həllinə yox, dondurulmasına yönəlib: “Elə bu səbəbdən də illərlə davam edən danışıqlar nəticəsiz qalıb. Beynəlxalq təşkilatlar bu problemə ciddi yanaşmamışdılar. BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. BMT bir dəfə də olsun Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərmədi. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovuldu. Tarixi, mədəni, dini abidələrimiz dağıdıldı, şəhər və kəndlərimiz yerlə yeksan edildi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər erməni təxribatları nəticəsində həlak olurdular. Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycan xalqının bu işğalla barışmayacağını bəyan edib. 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Ermənistan bu dərslərdən nəticə çıxarmadı, təxribatçı hərəkətlərə, bəyanatlarına son qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv top və raket zərbələri endirməyə başladı. Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam, Füzuli rayonlarını top atəşinə tutması nəticəsində hərbi qulluqçularımızla yanaşı 11 dinc sakin, o cümlədən 2 uşaq həlak olub. Ermənistanın bu genişmiqyaslı hərbi təxribatının qarşısını almaq və bu təxribatlara son qoymaq üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 27 sentyabr tarixindən Azərbaycan Ordusunun başladığı əks hücum zamanı  Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük igidlik və mərdlik göstərdilər. 44 günə Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı işğaldan azad etdi”.

 

K.Əliyeva vurğulayıb ki, mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı: “10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli bəyannamə imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu.  44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan əsgəri şəhid oldu, amma bir addım belə geri çəkilmədi. Vətən Müharibəsində 2907 şəhid verdik, 1000 dən çox hərbiçimiz yaralandı, 7 nəfər itkin düşdü. Bu, Azərbaycan xalqının dönməz iradəsinin nümunəsidir. Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi. Bir çox hərbi əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Prezident Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasəti nəticəsində Kəlbəcər, Laçın, Ağdam rayonları bir güllə atılmadan, heç bir şəhid vermədən Azərbaycana qaytarıldı”.

 

Deputat bildirib ki, Vətən Müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu: “Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Ölkəmiz qalib ölkə, müzəffər xalq kimi əbədi yaşayacaq. Vətən Müharibəsində qəhrəmanlıqla vuruşaraq Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda şəhid olmuş zabit və əsgərlərimizə ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabr-Vətən Müharibəsinin  başladığı günü-Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə 2 dekabr 2020-ci ildə Sərəncam imzaladı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında böyük Zəfərə imza atdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sıralarında yer alır. Azərbaycan Ordusu MDB də döyüş hazırlığına görə ön sıralarda gedir. Eləcə də Cənubi Qafqazda ən güclü ordudur. Bu, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatların, silahlı qüvvələrin maddi - texniki, hərbi potensialının artırılması istiqamətində apardığı böyük işlərin məntiqi nəticəsidir. Vətən Müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası dünya hərb tarixində yenilik hesab edilir. Bir çox qərb dövlətlərinin orduları, eləcə də ABŞ Hərbi Akademiyası və Pentaqon, Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsinin zəruri olduğunu qeyd ediblər. Vətən Müharibəsi zamanı Ermənistan rəhbərliyi və hərbiçiləri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini anladıqları üçün hərbi cinayətə əl atdılar. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy şəhərlərini top, raket atəşinə tutdular. Nəticədə 100-ə yaxın dinc, günahsız insan həlak oldu, 400-dən çox insan yaralandı. Minlərlə fərdi ev, onlarla çoxmərtəbəli yaşayış evləri dağıdıldı. Ermənistan rəhbərliyinin daha bir hərbi cinayəti işgal zamanı torpağa basdırılmış və onlarla vətəndaşımızın həlak olmasına səbəb olan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsidir. Beynəlxalq təşkilatlar mina xətitələrini Azərbaycana verməməsinə görə Ermənistanı qınamalı və hərbi məsuliyyətə cəlb etməlidir”.

 

K.Əliyeva deyib ki, bu gün cənab Prezident İlham Əliyev başda olmaqla bütün xalqımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə və yaralanmış əsgər və zabitlərimizə böyük ehtiram göstərir: “Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə təsis edilmiş orden və medallar bu qələbənin əbədiləşdirilməsinə və iştirakçılarına ayrılan diqqətin nümunəsidir. Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə igid və qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunublar. "Zəfər" və "Qarabağ " ordenləri ilə yanaşı, "Vətən Müharibəsi Qəhrəmanı" medalı da daxil olmaqla 15 yeni medal təsis edilib. Bu gün dövlət tərəfindən bütün şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş yaralılar ən son texnologiyalarla hazırlanmış protezlərlə təmin edilir. On mindən çox şəhid ailəsi və qazilər mənzillərlə təmin edilmişdir. I və II Qarabağ müharibəsi əlillərinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda bu ilin sonuna qədər mənzillər veriləcək. Müharibədə əlil olmuş hərbiçilərimizə 7000-dən çox avtomobil verilib. Dövlətimizin həyata keçirdiyi bu qayğıya dəstək olaraq vətəndaş cəmiyyəti "Yaşat Fondu" yaratmışdır. "Yaşat Fondu"na indiyə qədər 75 milyon manat vəsait toplanıb və bu vəsait şəhid ailələrimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də qazilərimizin sağlamlığının bərpasına sərf olunur. Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir”.

Tarix: 26 Sentyabr 2022, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin