BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Benzinlə bağlı mühüm açıqlama

“Neft qiymətləri ucuzlaşır, bu gün Brent-in ən ucuz partiyası $83.45-ə satılıb. 13 iyul tarixdə Ai-95 marlakı benzinin 1 litrinin qiyməti bazar iştirakçılarının “kartel” sövdələşməsi ilə (çünki yüksəkoktanlı benzinlərin qiyməti rəsmən dövlət tərəfindən tənzimlənmir) bütün Azərbaycanda 2 manat təyin edildi. Həm hökumət, həm də istehlakçılar seyrçi mövqe tutdular. Yəni hökumət bunun bazarda inhisar halı olmasını heç araşdırmadı. İstehlakçılar da etiraz etmədilər: yəni olan budur, alırsan al, almırsan maşınına milli istehsal olan 92 vur (xeyli istehlakçı elə sonuncu yolu tutub, çünki Ai-95-in satışları ötən illə, əsasən də 2020-ci illə müqayisədə xeyli azalıb). O zaman KİV nə yazırdı? Bəs dünya bazarında neftin qiyməti 100-ü aşıb, ona görə də idxal benzininin qiymətindəki artım da obyektivdir. İndi də KİV diqqəti ona çəkir ki, bəs dünya bazarında neftin qiyməti 85 dollardan aşağı düşüb, bu, özünü Ai-95 və Aİ-98-in qiymətlərində göstərəcəkmi? Məntiqlə göstərməlidir. Çünki hələ sentyabrın 7-də Brent markalı neftin qiyməti ilk dəfə olaraq 86 dollardan aşağı qiymətə ticarət edilməyə başlamışdı. Düzdür, sonrakı günlərdə 93-94-ə qədər yüksəlsə də, amma sentyabrın 22-dən 90 dollardan aşağı qiymət diapozonunda ticarət edilir. Azərbaycanda yanacaq bazarında (o cümlədən idxalda) real rəqabət mühiti olsaydı, təbii ki, hər YDM-də alıcılar müxtəlif qiymətlər görə bilərdilər və bu, daim üzü yuxarı gedən qiymətlər olmayacaqdı”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlham Şaban bildirib.

 

“Nədən sayı 900-ü adlamış YDM-lərdən birinin ağlına gəlməyib ki, dövlət tərəfindən tənzimlənməyən kateqoriya yanacağı öz qonşusundan 1 qəpik ucuzuna satsın? Və ya baha! Rəqabət nədir - taksi xidmətlərində görürük. Bəs yanacaqda niyə olmasın? Rəqabət bir yana heç hökumət açıqlamır ki, bazarda 1 manata satılan benzindən gələn gəlir necə bölüşdürülür: istehsalçıya nə qədər çatır, daşıyana və satana və hər litr yanacaqdan dövlətin büdcəsinə nə gəlir? Axı dövlət tərəfindən tənzimlənən bazarda belə şeylər kommersiya sirri ola bilməz? Xaricdə dövlətin tənzimləmədiyi bazarda belə bu məlumatlar açıqdır. Özü də qonşularımız Türkiyə və Rusiyada.  Daha bir maraqlı məqam açıqlayım - Azərbaycana 2022-ci ilin I yarısında ölkəyə idxal zamanı 1 ton Aİ-95 markalı benzinin qiyməti 978,17 dollardan rəsmiləşdirilib. Amma Ai-92 markalı benzinin 1 tonu daha baha idxal edilib - 1149,84 dollar. Siz təəccüblənməyin. Bu ilin ilk yarısında Azərbaycan bilirsiniz nə qədər aşağı oktanlı benzin idxal edib? Rəsmi statistikaya görə, 150,8 min ton və bunun üçün 173,4 mln dollar vəsait xərclənib. Elə bilməyin ki, Ai-92 markalı benzinin idxalı H.Əliyev adına NEZ-da aprelin 4-dən mayın 25-dək davam edən təmirlərlə əlaqəlidir. Bəli, əlaqəsi var, amma tam yox. Çünki cari ilin ilk rübündə, təmirdən əvvəl Azərbaycan 50 min tondan çox Ai-92 markalı benzin idxal etmişdi, İİ rübdə isə bu həcmlər 100 min tona çatıb. Elə iyulda da idxal olub. Bilirsiniz nə qədər? Gündə 1,5 milyon litr! Əgər Ai-92 markalı benzini ölkəyə gətirmək belə baha başa gəlirsə, onda nədən Ai-95-in qiymətini aşağı salıb onun satış həcmlərini artırmağı düşünmür bizim dövlət tərəfindən tənzimlənməyən bazarımızı tənzimləyən oyunçular?” – İ.Şaban qeyd edib.

Tarix: 26 Sentyabr 2022, 15:01   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin