BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Həsrət “trol” məsələsinə bir daha aydınlıq gətirdi: “O saat ağıllarına Əli Həsənov gəlir, heç kimin adamı olmamışam...”

“Bir dəstə adam var, onlar “Əli Həsənov demaqogiyası”ndan başqa heç nə bilmirlər. Nə Əli Həsənov, nə onun adamları? Birincisi Əli Həsənov 2019-cu ildən vəzifədən azad edilib. Heç harada olduğunu biz bilmirik. Bu dəqiqə adam Azərbaycandadır, xaricdədir, vəziyyəti necədir, ümumiyyətlə, o, nə ilə məşğuldur, heç xəbərimiz yoxdur. Onun adını ikidə-bir hallandırıb, düşünürlər ki, bununla sanki kimlərisə gözdən salacaqlar. Bir dəstə qanmaz adam var ki, onlara izah edə bilmirəm “trolluq”la bağlı yazdığım yazı ancaq başlıqda yazdığımdan ibarət deyil. Yazının içində izah etmişəm ki, Azərbaycan dövlətinə xidmət etmək “trolluq”dursa, mən “trol”am. Azərbaycan dövlətinin mənafeləri üçün sinəni qabağa verib hər kəsin önünə çıxırsansa, bunu “trolluq” hesab edirlərsə, bəli, mən “trol”am. Mən bunu dünən etmişəm, bu gün də edirəm, sabah da edəcəyəm. Mən dövlətimin yanındayam. İndi kiminsə xoşuna gəlmir, deyir “bunu hardan vuraq?” Rüşvət almır, saxtakar, əliəyri deyil, piş işlərə bulaşmayıb. Düşünürlər “Azər Həsrəti haradan vuraq?” Fikirləşirlər, çaşıb qalırlar. Bir səbəb tapa bilmirlər. O saat da ağıllarına “Əli Həsənovun adamları” gəlir. Pah! Biz heç vaxt heç kimin adamı olmamışıq. Şəxsən mən, Azər Həsrət heç vaxt heç kimin adamı olmamışam, bu gün də heç kimin adamı deyiləm. Dövlətimin adamıyam, dövlətimin yanındayam, jurnalistəm, bu, öz yerində, bir vətəndaş olaraq da dövlətimin xidmətindəyəm. Əli Həsənovun vəzifəsinə başqa adam da gələcək. Kimsə gələcək, kimsə gedəcək. Bu vəzifələr, yaxud bu vəzifədəki adamlar əbədi deyillər ki. Dövlət isə əbədidir. Bu demaqogiya artıq o qədər çeynənib ki, şəxsən özüm iyrənirəm. Heç birinə heç vaxt reaksiya vermirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

 

O bildirib ki, Mətbuat Şurasının qurultayı tam şəffaf keçirilib: “Hər şey göz qabağında olub. Seçkilər tam şəffaf, qayda-qanun çərçivəsində olub. Hətta Say Komissiyası verilən səsləri düz 3 saat saymalı olub. 9 nəfərlik komissiya var idi. Əldə əvvəlcədən hazırlanmış siyahı var idisə, 3 saat orada nə ediblər? Belə saxtakarlığı, demaqogiyanı, şər-böhtan atmağı bəzi adamlar peşəyə çeviriblər. Bizim də vaxtımızı alırlar. Halbuki o cür yaramaz insanlara verəcəyim cavabları, xərclədiyim vaxtı ABŞ konqresmenlərinə, erməni uzantılarına, təbliğatçılarına cavab verərək xərcləyə bilərdim. Dövlətim, millətim üçün daha faydalı olardım. Bəzən olur ki, Nensi Pelosi qalır kənarda, bu cür ünsürlərə cavab verməli oluram. Bununla Azərbaycan dövləti itirir. Bu adamlar da bunu qanmırlar, çünki qandıqları bir şey yoxdur. O qədər qanmazdırlar ki, gözlərinə soxursan “ay bala, bax, fakt budur, görürsən?”, deyir “yox, mən elə düşünmürəm”. Sənin düşünməyindən mənə nə, qardaş? Sənə fakt, dəlil-sübut verirəm. Düşüncənə bunun nə dəxli var? Yəni adamlara qandırmaq mümkün deyil. İş olan yerdə tənqid də, fərqli fikirlər, bəyənənlər, bəyənməyənlər, də olacaq. Bunların hamısı normaldır. Şəxsən mən belə şeylərə dözümlü yanaşıram. Heç kimin ağzını tutası deyilik. Ağzı olan danışır. Bizim də vəzifəmiz deyil ki, hər kəsin ağzını güdək, “elə danışma” deyək. İnsanlar azaddır, sərbəstdir. Qurultayda hər hansı siyahıdan söhbət gedə bilməz. Bunu tam əminliklə deyirəm. Mətbuat Şurasının ən fəal üzvlərindən biri kimi, İdarə Heyətinin üzvlərindən, qurucularından biri, ümumiyyətlə mediada aktiv bir insan kimi şəxsən hansısa siyahı görməmişəm. Belə bir siyahı olsaydı, ən azından Azər Həsrətə deyilərdi axı. Bu proseslərin içindəki adamam. Mən görməmişəmsə, başqaları harada, necə görür? Bizə də göstərsinlər. “Facebook”da jurnalist xanımlardan birinə də bunu yazdım. Hətta o xanım Mətbuat Şurasının işində iştirak etmir. Necə olur ki, qurultay iştirakçıları, təşkilatçılar həmin siyahını görə bilməmişik, məsələrdə, ümumiyyətlə iştirak etməyən adamlar isə görüblər”.

 

A.Həsrət deyib ki, Mətbuat Şurasının İdarə Heyətinin tərkibində ciddi şəkildə dəyişikliklər olub: “Yeni üzvlər seçilib. Səhv etmirəmsə, 10 nəfər yeni üzv var. İdarə Heyətinin az qala 50%-i dəyişib. Mətbuat Şurasının 20 ilə yaxın sədri olmuş Əflatun Amaşov könüllü şəkildə sədrlikdən çəkilib, Rəşad Məcid seçilib. İndi isə deyirlər ki, Rəşad Məcidin adı bir ay əvvəlcədən bəlli idi. Normaldır. Rəşad Məcidin iddiası olub ki, mən sədrlik etmək istəyirəm. Amaşov da qurultay öncəsi yeni vəzifəyə təyinat aldı. Ondan sonra dedi ki, həm “Xalq qəzeti”nin baş redaktoru, eyni zamanda Şuranın sədri olmağım düzgün olmaz, geri çəkilirəm. Rəşad Məcidin sədrliyinə Amaşov bir növ yaşıl işıq yandırdı, qurultayda onun namizədliyini irəli sürdü. Biz də qurultay nümayəndələri olaraq hesab etdik ki, alternativ namizəd irəli sürmədən Rəşad Məcidi açıq səsvermə ilə seçək. Və seçdik. Burada anormal heç nə yoxdur, hər şey qaydasındadır. Rəşad Məcidin sədrliyi ilə bağlı aparılan təbliğat da normaldır. İstənilən seçkidə iddialı namizəd seçki öncəsi özünü tanıdır, təbliğ edir, bunu gizli, lap açıq şəkildə də edir. Əsas odur ki, seçki keçirilib. Hər hansı pozuntuya yol verilməyib. Bununla da məsələ öz obyektiv sonuna qovuşub. Kiminsə nəyisə müqayisələndirməsinin yeri yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Sentyabr 2022, 16:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin