BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 1 il gəbs verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Ravil Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə zalından həbsə olunub.

 

Ravil Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 20 fevral 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 09 nömrəli beton zavodun həyətində qeydə alınıb.

 

Hadisəyə səbəb zərərçəkmiş Rövşən Qasımovun bir neçə gün əvvəl təqsirləndirilən şəxsin ünvanına nalayiq söyüşlər söyməsi olub.

 

Məhkəmədə ifadə verən Ravil bildirib ki, Rövşənin onun arxasınca xoşagəlməz sözlər danışıb, onun yaxşı oğlan olmadığını deyib:

 

“Rövşənin özü mənə bu sözləri telefon vasitəsilə də söylədi. Mən Rövşəndən nə səbəbə belə dediyini soruşanda, o, “gəl görüşək, sənə bunun aydınlığını verəcəm” cavabını verdi. Rövşənlə razılaşıb Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən keçmiş beton zavodunun ərazisinə gəlməsini dedim. Evdən çıxıb həmin yerə getdim, orada məni Rövşən, onun qardaşı Zamiq və tanımadığım şəxslər gözləyirdi. Həmin şəxslərə yaxınlaşdıqdan sonra Rövşənin qarşısında durub nəyə görə məni oğlan kimi tanımadığını soruşdum. O, “sən kişi deyilsən, sənin “oğlanlığın” yoxdur və yaxşı etmişəm elə demişəm” deyərək yumruqla sol göz nahiyəmdən vurdu. Mən də Rövşəni vurdum və cibimdəki bıçağı çıxarıb bir dəfə onun sol ayağına, iki dəfə isə sol tərəfinə zərbə endirdim. Bu zaman Zamiq və yanındakı tanımadığım şəxslər üzərimə gəldilər. Həmin vaxt atam Mobilin səsini eşitdim. Atasın səsi gələn kimi həmin şəxslər oradan qaçdılar. Atam məndən kimlə dalaşdığımı soruşdu. Mən isə Rövşənlə dalaşdığımı və bıçaqla onu vurduğumu söylədim. Sonra atam ilə birlikdə evə getdik. Evdə olan zaman bıçağı atama verib Bərdə Rayon Mərkəzi Xəstəxanasına getdik. Xəstəxanada olan zaman polis əməkdaşları mənə yaxınlaşdılar. Törətdiyim əməli etiraf etdim və polis əməkdaşları məni şöbəyə apardılar”.

 

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ittiham irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 28 Sentyabr 2022, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin