BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyin növləri müəyyənləşir

Mikro, kiçik və orta sahibkarlığın inkişafına göstəriləcək dəstəyin növləri müəyyənləşir.

 

Pravda.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları və göstərilməsi qaydası Azərbaycan Respublikasının qanunlarında, digər normativ hüquqi aktlarda, habelə mikro, kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramlarında müəyyən edilir. Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları və qiymətləndirməni həyata keçirən qurum müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Eyni zamanda layihədə qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyi Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müəyyən edilən hallarda və qaydada dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) müxtəlif güzəştlər şəklində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən göstərilir.

 

Həmçinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi aşağıdakı formalarda göstərilir:

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə təlimlərin, tədris seminarlarının və elmi-praktiki konfransların təşkili;

 

- xarici ölkələrdə təcrübə keçirilməsinin təşkili;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin həyata keçirilməsi təcrübəsi, yeni texnologiyalar bazarı haqqında metodiki vəsaitlərin, informasiya bülletenlərinin yayılması;

 

- məsləhət, informasiya, hüquq, marketinq və digər sahələrdə xidmətlərin göstərilməsi, habelə regionlarda informasiya və məsləhət mərkəzləri şəbəkəsinin yaradılması;

 

- qabaqcıl xarici və yerli texnologiyalara əlçatanlığa yardım göstərilməsi;

 

- yerli malların (işlərin, xidmətlərin) ixracına yardım məqsədilə informasiya dəstəyinin göstərilməsi.

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya dəstəyinin göstərilməsi məqsədilə səlahiyyətli qurum öz rəsmi internet səhifəsində aşağıdakı məlumatları yerləşdirir:

 

- mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş dövlət proqramları və digər proqramlar və onların həyata keçirilməsi barədə məlumatları;

 

- iqtisadi fəaliyyət növləri üzrə bölünməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı barədə məlumat;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar və onlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi şərtləri və qaydası barədə məlumat;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə;

 

- sahibkarlıq, investisiya mühitinin və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun təhlilinin nəticələri barədə məlumatlar;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün tələb olunan digər məlumatlar (iqtisadi, hüquqi, statistik, marketinq və s.), o cümlədən səlahiyyətli qurumun fəaliyyət sahəsinə aid olan məlumatları.

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığına, təkrar hazırlığına və ixtisaslarının artırılmasına dövlət dəstəyi aşağıdakı formalarda göstərilir:

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı və ixtisaslarının artırılması proqramlarının hazırlanması;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçiləri üçün vahid təlim, məsləhət və müxtəlif formatlardan (praktiki məşğələlər, işgüzar oyunlar, mühazirə kursları) istifadə etməklə distant təlim xidmətlərinin göstərilməsi;

 

- işaxtaranların sahibkarlıq fəaliyyətinin əsaslarına yiyələnməsinin, gənclər arasında sahibkarlığın, habelə ailə və qadın sahibkarlığının təbliği;

 

- qabaqcıl texnologiyaların tətbiqi və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakına kömək göstərilməsi;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinə təlim keçən təlimçilərin hazırlanması.

 

Aşağıda nəzərdə tutulan xidmətlər biznes inkubatoru ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər arasında bağlanılmış müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında təqdim edilir. Biznes inkubatoru ilə inkubasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər biznes inkubatorunun rezidenti sayılır.

 

Biznes inkubatoru inkubatorun rezidentinə əmlak, idarəetmə, biznes tərəfdaşların axtarılması və maliyyə resurslarının əldə edilməsi, kadr hazırlığı, texniki, informasiya, məsləhət, hüquqi, marketinq, icarə, lizinq və digər dəstək xidmətlərinin göstərilməsini təmin edir.

 

Biznes inkubatorları məqsədli təyinatından asılı olaraq çoxsahəli və ya ixtisaslaşmış ola bilərlər.

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən dəstəklənməsi aşağıdakı formalarda həyata keçirilir:

 

- ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və seleksiya nailiyyətlərinin patentləşdirilməsinə, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılan intellektual fəaliyyətin digər nəticələrinin dövlət qeydiyyatına alınmasına kömək göstərilməsi;

 

- vençur sahibkarlığın inkişafına kömək göstərilməsi;

 

- innovasiyalar, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində satınalma müqavilələrinin bağlanılmasına mikro, kiçik və orta sahibkarlıq subyektlərinin cəlb edilməsi üçün şəraitin yaradılması;

 

- xarici investisiyaların cəlb edilməsinin və qarşılıqlı faydalı beynəlxalq innovasiya əməkdaşlığının inkişafının həvəsləndirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən iri sahibkarlıq subyektlərinə aid edilmiş sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif stimullaşdırıcı tədbirlər vasitəsilə tətbiq edilməsi.

 

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, eləcə də dövlət proqramları ilə dəstək tədbirləri müəyyən edilərkən bu Qanunla müəyyən edilmiş forma, istiqamət, prinsip və şərtlər əsas götürülməlidir.

 

Qeyd olunub ki, bu Qanunun tətbiqi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.

 

Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

 

Bu Qanun qəbul ediləcəyi təqdirdə dərc olunduğu gündən qüvvəyə minəcək.

 

Bu Qanun qüvvəyə mindiyi gündən “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanun ləğv ediləcək.

Tarix: 29 Sentyabr 2022, 12:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin