BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli imkanlı şəxslərə səsləndi: “Şəhidin qardaşına ikiotaqlı mənzil hədiyyə etmək onlar üçün çətin olmaz”

““SOS” uşaq evində böyüyən Səbuhi Əhmədovun şəhid olması səhnələri hamımızın gözünün qarşısındadır. Xəbəri eşidəndə hər birimizin ürəyi qan ağladı, hədsiz dərəcədə həyəcanlandıq. Yaddan çıxmayacaq hallar idi. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni lap kollegiya iclasına çıxarmaqla şəhidin qardaşı Sənan Əhmədova ikiotaqlı mənzil verilməsi barədə qərar qəbul edə bilərdi. İnandırım ki, buna görə rəhbərlikdən heç kim onlara irad tutmazdı. Kollegial qərar olardı, xalq da təqdir edərdi, hamıya xoş gələrdi. Hətta indi də gec deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, nazirliyin şəhidin qardaşına təqdim etdiyi birotaqlı mənzil ikiotaqlı ilə əvəz olunmalıdır: “Bu, qərar kollegial şəkildə verilə bilər. Bütün cəmiyyət bunu yaxşı qarşılayar. Bu barədə adətən mübahisələr olur. Görürsən ki, şəhidə 11 min manat verilən müavinət pulunun kimə çatması, kimlər arasında bölünməsi mübahisə yaradır. Əgər bir ailədə böyüyüblərsə, problem deyil. Qardaşlar ayrı-ayrı böyüyüblərsə, bir az problem yaranır. Uşaq evində böyümələri də belə bir hal yaratdı. Çox həssas mövzudur. Qanunvericilikdə bu məsələ ilə bağlı düzəlişləri də düşünmək lazımdır ki, belə xüsusi hallarda müəyyən şəhid bacı-qardaşları varis kimi rol oynaya bilsinlər”.

 

T.Kərimli imkanlı şəxslərə də müraciət edib: “Hər şeyi hökumət etməli deyil ki. Düşünürəm, ay Allah, kaş böyük imkanlarımız olardı. Bəlkə, biz də bu uşağa köməklik göstərə bilərdik. Azərbaycanda ürəyi yanan imkanlı insanlar varsa, onlara səslənirəm. Şəhidin qardaşına ikiotaqlı mənzil hədiyyə etmək onlar üçün çətin olmaz”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Sentyabr 2022, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin