BURADA REKLAMINIZ OLA
BİLƏR

Kimlər şəhidi və qardaşını öz siyasətinin alətinə çevirməyə cəhd edir?

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi hesab edilib-edilməməsi məsələsi Müdafiə Nazirliyinə məxsus arayışın yayılması ilə bir daha müzakirə mövzusuna çevrildi. Daha doğrusu, Sənan Əhmədovun qanunvericiliyə uyğun olaraq şəhid ailəsi hesab edilməməsi haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından sonra belə bir arayışın yayılması müxtəlif fikirlərə yol açdı. Xüsusilə “ƏƏSM yanlış məlumat verir” və kimi əsassız iddialar ortaya atılır. Halbuki, nazirlik dünən də verdiyi rəsmi açıqlamasında sadəcə qanunvericiliyin tələblərinə istinad etmiş, hətta qanunda nəzərdə tutulmasa belə Sənan Əhmədova bir otaql mənzil də təklif etmiş, sonuncu isə bundan imtina etmişdi.

 

Müdafiə Nazirliyinin arayışı ilə bağlı da əslində yanlışlığa yol verilir. ƏƏSM bu məsələyə aydınlıq gətirib.

 

Məsələnin mahiyyəti nədir?

 

Yayılan arayış ümumi xarakterli sənəddir və gizir Əhmədov Səbuhi Füzuli oğlunun şəhid statusu daşıdığını, onun ailə üzvlərinin isə şəhid ailəsi hesab edildiyini təsdiq edir. Lakin bu arayış Sənubi Əhmədovun qardaşı Sənan Əhmədovun “şəhid ailəsi” statusunda olduğu demək deyil.

 

Arayışda konkret olaraq hansı şəxsin şəhid Səbuhi Əhmədovun ailə üzvü hesab olunduğu barədə məlumat yazıılmayıb, hər hansı bir şəxsə şəhidin ailə üzvü kimi rəsmi status verilməyib.

Şəhid ailəsi statusu kimə şamil edilir?

 

Şəhidin ailə üzvü kimi rəsmi statusun verilməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na uyğun həyata keçirilir.

 

Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı, valideynləri, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək), o cümlədən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

 

Şəhidin qardaşı Sənan Əhmədovun isə 27 yaşı olduğu üçün qanunvericiliyə əsasən şəhid ailəsi statusunda olan şəxs hesab edilmir. Buna baxmayaraq Sənan Əhmədovun dövlət qayğısı ilə təmin edilməsi istiqamətində addımlar atılır. Onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ƏƏSM hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.

 

Qanunlar ortadadır, o zaman, sual yaranır ki, bu mövzu niyə kontekstdən çıxarılmış formada gündəmdə saxlanılır?

 

Məlumdur ki, müəyyən qruplar bu məsələdən siyasi ambisiyaları üçün istifadə edir, xüsusilə dövlətin sosial siyasətinə, şəhid ailəsi və qazilərlə bağlı genişçaplı layihələrinə kölgə salmağa çalışırlar. Hərçənd, bu məsələnin manipulyasiya edilməsi hər şeydən öncə şəhidimiz Səbuhinin daşıdığı adın müqəddəsliyini ucuzlaşdırmaq cəhdidir, o cümlədən, qardaş itkisi ilə üzləşən Sənanın narahat edilməsidir.

 

Vasif Həsənli

 

Demokrat.az saytının baş redaktoru

Tarix: 29 Sentyabr 2022, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin