BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda "Lotu Quli"nin adından istifadə edən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində tanınmış biznesmeni hədələyərək milyonlarla pulunu, bahalı əmlaklarını ələ keçirməkdə təqsirləndirilən Vüsal Axundovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Rusiyada fəaliyyət göstərən “PETON Holding”in sahiblərindən olan Emin Axundova hədə-qorxu gəlmə yolu ilə onun 12 milyon manata yaxın dəyəri olan mülkiyyətini ələ keçirən Vüsal Axundov barəsində açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Vüsal Axundovu Cinayət Məcəlləsinin 182.4-cü (Hədə-qorxu ilə tələb etmə - xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilərək ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.

 

Məhkəmə prosesində məlum olub ki, məşhur iş adamı olan əmisi oğlunu hədələyən Vüsal Axundov bu əməli törədərkən 2020-ci ilin əvvəllərində “qanuni oğru” “Lotu Quli”nin adından istifadə edib və bir neçə şəxsin köməkliyindən istifadə edib.

 

Belə ki, əvvəllər Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsində icra məmuru işləmiş, 1981-ci il təvəllüdlü Vüsal Axundov əslən Lənkərandan olan əmisi oğlu Eminin böyük maddi imkanlarının olduğunu bilib. O, Emin Axundovun 2016-cı ildə vəfat etmiş “qanuni oğru” Rövşən Lənkəranski ilə yaxın münasibətlərinin olmasından məlumatlı olub. Bu səbəbdən də Rövşənin ölümündən sonra Eminə onun Bakıda yaşayan ailəsi üçün “Lotu Quli” tərəfindən böyük təhlükə olduğunu deyib və “Quli”nin adamlarının onu axtardığını deyib.

 

O da məlum olub ki, Vüsal Eminin Bakıdakı bəzi texniki işlərini görürmüş və ondan aylıq 1500 manat alırmış. Vüsal dostu Hikmət Vəliyev və bir neçə digər şəxslə birlikdə əvvəlcədən qrup təşkil edərək onların “Lotu Quli”nin adamları olmasına Emini inandırıb. Bu yolla o, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Emindən ailəsinin toxunulmazlığı qarşılığında 20 milyon dollar tələb etdiyini bildirərək 2020-ci ilin yanvar ayının əvvəllərindən həmin ilin mart ayının ortalarınadək olan müddət ərzində ondan həmin məbləğdə pulu hədə-qorxu ilə tələb edib.

 

Beləliklə, Vüsalın təşkil etdiyi qrup üzvləri Emindən 2 300 000 ABŞ dolları, bir neçə gün sonra əlavə 3 000 000 ABŞ dolları nağd pul vəsaitini alıb. Həmçinin Emin Axundov 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində Buzovna qəsəbəsində yerləşən 3 200 000 manat dəyərində 2 hektar torpaq sahəsini Vüsala verdiyi etibarnamə əsasında onun “Quli”nin adamı kimi təqdim etdiyi Hikmət Vəliyevin arvadının adına rəsmiləşdirib. Həmin tarixdə qeyd edilən notariusda Emin Axundova məxsus 1 380 800 manat dəyərində 0,863 hektar torpaq sahəsi isə onun atası tərəfindən Hikmət Vəliyevin bildirdiyi qadının adına, 23 yanvar 2020-ci il tarixdə Emin Axundova məxsus olan Çex Respublikasının Karlovi Vari şəhərində yerləşən 1 500 000 manat dəyərində 0,15 hektar torpaq sahəsini Çex Respublikasının Azərbaycandakı səfirliyində Eminin atası Rövşən Axundov tərəfindən Hikmət Vəliyevin tanışı, Ukrayna vətəndaşı Nataliya Balitskaya adlı şəxsin adına, həmçinin 08 fevral 2020-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində Emin Axundova məxsus 450 000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 0,1183 hektar torpaq sahəsinin üzərindəki 394,8 kv.metr sahəsi olan villa tipli bağ evi Vüsala verilmiş etibarnamə ilə başqa bir şəxsin adına keçirilib.

 

Ümumilikdə isə Vüsal Axundovun əmisi oğluna məxsus 11 milyon 630 min 800 manat dəyərində əmlakı ələ keçirdiyi məlum olub.

 

Xatırlatma: bir müddət əvvəl mətbuatda iş adamı Emin Axundovun Rusiyadan Azərbaycana çamadanlarla pul daşıması, onun kriminal aləmlə əlaqələrinin olması barədə məlumatlar yayılmışdı.

 

Qeyd: N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən hotellərin birində başından 4 güllə ilə vurularaq öldürülüb.

Tarix: 30 Sentyabr 2022, 07:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin