BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın üzləşdiyi çağırışlara xalqın tarixi cavabı idi”

Müstəqilliyin ilk illərindən Azərbaycan ciddi çağırışlarla üz-üzə qaldı. Bu bir tərəfdən təcavüzkar Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində separatizmi alovlandırması, digər tərəfdən isə SSRİ-nin çöküşündən sonra müstəqil Azərbaycanda dövlətçiliyin formalaşmaması və ümumiiyyətlə, işlək dövlət institutlarının olmaması ilə bağlı idi. Eyni zamanda, bu fonda hökm sürən siyasi hərc-mərclik, iqtisadi tənəzzül və hakimiyyətə rəhbərlik edənlərin səriştəsizliyi vəziyyəti daha da çıxılmaz etdi. Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Bu həyati əhəmiyyətli, müstəqil dövlətçiliyimiz üçün ölüm-dirim məsələsi olan çağırışlara Azərbaycan xalqının cavabı Heydər Əliyev oldu. Xalq təkidlə Heydər Əliyevi paytaxt Bakıya, Azərbaycanı xilas etməyə dəvət edirdi. “Ömrümün bundan sonra qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev xalqın səsinə səs verdi, Bakıya qayıtdı və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Daha sonra 3 oktyabr 1993-cü ildə demokratik seçkilərdə xalqın mütləq əksəriyyəti ona səs verərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Prezident kimi Azərbaycan dövlətçiliyinin qurtuluşuna və xalqımızın əmin-aman və firavan həyatına aparan yolda öndərlik etməyə başladı.

 

Qarşıda dayanan təhdidləri aradan qaldırmaq və çağırışlara adekvat cavab vermək üçün Ulu Öndər bir çox fərqli istiqamətləri əhatə edən kompleks yanaşma tətbiq etdi. İlk növbədə, ölkədə ictimai asayişin və qayda-qanunun bərpasına yönəlmiş tədbirlər görüldü. Bir neçə dövlət çevrilişi cəhdinin qarşısı alındı. Bir sözlə, ölkədə sabitlik təmin edildi. Amma bir cümlə ilə ifadə etdiyimiz sabitliyin təmin olunması məsələsi ağır zəhmət və çətin mübarizə hesabına başa gəlmişdi. İctimai asayişin və sabitliyin təmin edilməsi ilə yanaşı, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizədə peşəkar ordu quruculuğu və xüsusən də silahlı qüvvələrimizdə vahid komandanlığın yaradılması əsas prioritetlərdən biri idi. Ümummilli Lider bu son dərəcə mühüm vəzifənin də öhdəsindən gəldi. Ordu quruculuğu sahəsində əldə edilmiş uğurun ilk qığılcımı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məşhur Horadiz əməliyyatı oldu. Nəticədə Ermənistan 1994-cü ildə Azərbaycanla atəşkəs razılaşmasını imzalamağa məcbur oldu.

 

Atəşkəs razılaşması o zaman Azərbaycanın iqtisadi-siyasi və digər baxımlardan nəfəs dərməsi və özünə gəlib toparlanması, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini formalaşdırması üçün olduqca zəruri idi. Atəşkəsdən bir neçə ay sonra 1994-cü il sentyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin neft strategiyasının onurğa sütunu hesab olunan "Əsrin müqaviləsi” imzalandı. 8 ölkənin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Daha sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi Azərbaycanın iqtisadi müstəqilliyində həlledici rol oynadı. Bu layihələrin o dövrün çətin beynəlxalq şəraitində həyata keçirilməsi Heydər Əliyev dühasının Azərbaycana bəxş etdiyi əvəzsiz töhfələrdir.

 

Neft müqavilələrinin imzalanması və həyata keçirilməyə başlanması, o cümlədən yeni transmilli  neft və qaz ixrac boru kəmərlərinin inşası Azərbaycan iqtisadiyyatının inkişafının hərəkətverici qüvvəsi kimi çıxış etməklə yanaşı, onun xarici siyasətinin səmərəliliyinin yüksəldilməsində və beynəlxalq münasibətlər sistemində səsi eşidilən və hesablaşılan dövlət kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı. Bu isə Azərbaycanın Ermənistanın işğal siyasəti baxımından Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq dəstək qazanması üçün uyğun şərait yaratmışdır.

 

Ulu Öndərin  uzaqgörənliyi  və müdrik siyasəti 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük zəfərə aparan yolun təməlini qoymuşdur.

 

Adil Əliyev

Milli Məclisin sədr müavini

 

 

Tarix: 3 Oktyabr 2022, 11:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin