BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heydər Əliyev çox əziyyətlər çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi” - Kamilə Əliyeva

“Uca yaradan Azərbaycan dövlətini yıxılmaqdan, Azərbaycan xalqını məhv olmaqdan qorumaq üçün xalqımıza Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bəxş edib. Ulu öndər Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qaldı. Bu müqəddəs yolda Heydər Əliyev çox əziyyətlər çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki Heydər Əliyev öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı. Ulu öndər Heydər Əliyev öz xalqının tarixini, mədəniyyətini, adət ənənələrini gözəl bilirdi və hər zaman bu kökdən gələn mirası yaşatmışdır. Azərbaycançılıq ideologiyasının da müəllifi məhz Heydər Əliyev olub”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat xatırladıb ki, 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevə qədər Azərbaycan Sovetlər birliyində ən yoxsul respublikalardan idi:

 

“Bunu Heydər Əliyev yaxşı bilirdi. Rəhbərliyə başladığı ilk illərdən Heydər Əliyev heç kəsin cürət edə bilməyəcəyi inqilabi qərarlar qəbul etdi. Qısa vaxt ərzində Azərbaycan iqtisadi cəhətdən sovet respublikaları arasında ön sıralara yüksəldi. Ulu öndərin Azərbaycan dilinin ana dili olması barədə bəndinin Azərbaycan SSRİ-nin Konstitusiyasına salınması böyük cəsarət və qətiyyət tələb edirdi. 70-ci illərdən başlayaraq Azərbaycanda sənaye, kənd təsərrüfatı, xüsusən neft sektoru sürətlə inkişaf etməyə başladı. O zamanlar Sovet rəhbərliyi azərbaycanlı gənclərin hərb sahəsində təhsil almalarına maneə olurdu. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəb və Ali Hərbi Komandirlər Məktəbi yaradıldı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin ən böyük ali hərbi məktəblərində təhsil almağa göndərildi”.

 

K.Əliyeva deyib ki, müstəqil Azərbaycanın inkişafında səmərəli fəaliyyəti ilə seçilən yüksək ixtisaslı kadrlar ulu öndər tərəfindən 1970-1980 ci illərdə Sovetlər İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərilərək təhsil almış insanlardır:

 

“1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa edilmiş Dərin Özüllər Zavodu bu gün müstəqil Azərbaycanın neft sənayesinin inkişafına böyük töhfə verməkdədir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir. 70-ci illərdə keçmiş “Dağlıq” Qarabağda erməni separatizmi baş qaldırmışdı.  Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi ideyasını qaldırmışdılar. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilər yerində otuzduruldu. H.Əliyev dahi, uzaqgörən siyasətçi,  güclü diplomat idi. Ulu öndər bilirdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq. Onun Azərbaycan üçün gördüyü işlər Azərbaycan dövlətinin müstəqilliyinə hesablanıb. 3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində şanlı bir gün oldu. Xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi. Prezident seçilən Heydər Əliyev məhv olmaq təhlükəsizliyi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən qurtardı, ölkəmizi tərəqqi, inkişaf yoluna çıxartdı. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb,  bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan  20 Yanvar, Xocalı, Şuşa  Laçın, Kəlbəcər, Ağdam və bir çox faciələrlə üzləşməz, torpaqlarımızın 20%-i işğal altına düşməzdi”.

 

Deputat vurğulayıb ki, ulu öndər 1993-cü ildə Prezident seçildikdən sonra ölkədə hüquqi, ictimai-siyasi sabitliyi təmin etdi, ölkə daxilindəki qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, ən əsası vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı:

 

“Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin qarşısını aldı, müasir, peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdi. 1991-1993-cü illərdə Azərbaycanda özbaşınalıq, hərc mərclik hökm sürürdü. O vaxtlar Azərbaycana səriştəsiz, siyasətdən uzaq insanların rəhbərlik etməsi ölkədə olduqca ağır vəziyyət yaratmışdı. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədikləri, eləcə də baş verə biləcək təhlükənin qarşısını ala bilməyəcəklərini anlayıb, Heydər Əliyevdən imdad istədilər. 1993-cü il iyunun 9-da xalqın və hakimiyyətdə olan insanların təkidi ilə ulu öndər Bakıya gəldi. Xalqının xilası naminə Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Gəncəyə getdi və Azərbaycan xalqına misli görünməmiş fəlakət gətirə biləcək qiyamın qarşısını aldı. Müstəqillik illərində qarşıya çıxacaq bütün çətinlikləri, problemləri həll edə biləcək yeganə şəxs Heydər Əliyevin olduğunu xalq çox gözəl bilirdi. Heydər Əliyev fitri istedada, zəkaya malik fenomen bir şəxsiyyət, dünya siyasətinin kamil bilicisi, müdrik dövlət başçısı idi.  Dünya liderləri Heydər Əliyevi XX əsrin ən güclü siyasətçilərindən biri hesab edirdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycan dövlətinin imicini beynəlxalq aləmdə yüksəltmək, Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq təşkil edirdi”.

 

K.Əliyeva əlavə edib:

 

“Heydər Əliyev müstəqill Azərbaycan dövlətinin təməlini qoydu, vətəndaş cəmiyyətini formalaşdırdı, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynadı. Qərbə inteqrasiya yolunu seçən Heydər Əliyev hər zaman milli mənafeyini, milli maraqları üstün tuturdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu dahi insanın qətiyyəti və iradəsi nəticəsində reallaşdı. Qərb dövlətlərinin və nəhəng neft şirkətlərinin "Əsrin müqaviləsi"nə imza atmaları onların Heydər Əliyevə olan inamından irəli gəlirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin imzası xalqın milli marağını ifadə edir və Azərbaycan xalqı bu dahi şəxsiyyəti sevir və ona güvənir. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri başladı. Ulu öndər respublikamızda rüşvətxorluqla, korrupsiya, terrorizmlə mübarizədə qətiyyətli qərarlar qəbul etdi. Heydər Əliyev hər kəsə başa saldı ki, qanun hər kəsdən, hər şeydən ucadır. O, Azərbaycanda qadın hüquqlarının qorunmasına xüsusi diqqət ayırır, cəmiyyətdə qadınların istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə yüksək vəzifələrdə  çalışmalarına böyük dəstək verirdi. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan bir dövlətə çevrildi. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində qısa müddətdə xarici siyasət sahəsində Azərbaycan böyük uğurlara imza atdı. Dünyanın böyük dövlətləri Azərbaycana maraq göstərməyə başladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq təşkilatların gündəliyinə salındı. Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi bəyanatların qəbul olunmasına nail olundu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti əbədi yaşayacaq. Əsrlər keçəcək gələn nəsillər bu dahi insanı hər zaman öz qəlblərində yaşadacaqlar”.

Tarix: 3 Oktyabr 2022, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin