BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əkrəm Əylisli, deyəsən, “Tənha narın nağılı”nda yazdıqlarını unudur, onun Allahı yoxdur”

“Əkrəm Əylisli əsərləri çox məhəbbətlə oxunan bir yazıçı olub. Amma Əylisli bir azərbaycanlı kimi son dövrlər əqidəsini dəyişdi. Bu, gözlənilən idi. Çünki ermənilərin müəyyən uğurları var idi, Əkrəm Əylisli bu uğurlara söykənərək elə bildi ki, ermənilər artıq Azərbaycan torpaqlarını işğal edirlər, bundan sonra ona böyük dəstək verəcəklər, bu da dünyada tanınmış bir ziyalı kimi şöhrətlənəcək, hətta “Nobel” mükafatına layiq görüləcək, bundan bəhrələnəcək. Amma bilmirdi ki, ermənilər xəyanətkardırlar, Əylisliyə də xəyanət edib əqidəsindən, yolundan döndərdilər. Mən “Daş yuxular”ı oxumuşam. Orda azərbaycanlıların xeyrinə heç nə yoxdur. Yalnız ermənilərə edilən “zülm”, azərbaycanlılar tərəfindən onlara verilən “işgəncələr”, “qanlarının axıdılması”, “incidilmələri” təsvir olunub. Bu da azərbaycançılıq deyil, ermənilikdir, ermənilərə xidmət etməkdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, belə çətin bir dövrdə, Azərbaycan özünün Xocalı soyqırımını təbliğ edəndə, dünyaya tanıtmaq istəyəndə Əkrəm Əylisli “Daş yuxular” meydana gətirib: “Göstərdi ki, əslində azərbaycanlılar tarixən guya ermənilərə zülm ediblər. Bu, dünyanın bir çox ölkələrində, xüsusilə ermənipərəst ölkələrdə böyük rezonans yaratdı. Elə bildilər, doğrudan da, azərbaycanlılar belə qəddardırlar, ermənilərə qarşı “soyqırım”lar törədirlər. Əkrəm Əylislinin bu gün ortaya çıxıb, özünə haqq qazandırmağa heç bir səlahiyyəti yoxdur. İstəyir ki, gəlib Azərbaycan xalqına yenidən dərs versin, özünü Azərbaycan xalqının tərəfdarı kimi tanıtsın. Müəyyən fikirlər söyləyir, Allahı misal gətirir. Deyir ki, Allaha inansınlar, Allahın, haqqın tərəfdarıdır. Amma Əkrəm Əylisli, deyəsən, özünün “Tənha narın nağılı” povestində yazdıqlarını unudur. Yazırdı ki, “Atamın fikrincə, Allah yer üzündə ən birinci yaramazdır”. Elə o, “Daş yuxular”ı yazanda da mən bu povestə istinad edib dedim ki, Əkrəm Əylisli Allahsız yazıçıdır, onun Allahı yoxdur. Əylisli elə o vaxt Allahsızlığı təbliğ edirdi, Allaha qarşı çıxırdı. Əkrəm Əylisli budur. İndi gəlib Allahdan, haqqdan danışır. Əylislinin insanların görüşünə çıxmasının tam əleyhinəyəm. Belə adamları yenidən gündəmə gətirmək olmaz. Azərbaycanlı o vaxt öz qətiyyətini göstərir ki, çətin dövrdə Vətəninin, xalqının dərd-sərinin, qaçqın-köçkününün yanında olur. Əylisli heç vaxt onların yanında olmayıb. Bir misal çəksin, desin ki, “o dövrdə mən hansısa qaçqının, köçkünün qapısını açdım, yardım etdim, sığınacaq verdim, görüşdüm”. Bunların heç birini Əylisli etməyib. Azərbaycan qalib gələndən, haqq-ədalət səsini dünyaya yayandan, ermənilərin iç üzləri açılandan sonra Əylisli indi dərk edir ki, o, artıq  uduzub, qatar gedib. Xal yığmaq üçün yenidən belə görüşlərə çıxır, adamları ətrafına yığır, müəyyən qüvvələrdən qidalanmaq istəyir. Çox təəssüflər olsun! Əkrəm Əylislinin yerinə kim olsa, bu millətlə üz-üzə çıxmaz...”

 

T.Rzayev deyib ki, Ə.Əylisli ilə görüş təşkil etməyi “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğludan gözləməzdi: “Şahbaz bəyə kitabları təbliğ edən biri kimi çox böyük hörmətim var. Gözləməzdim ki, Əkrəm Əylisli ilə görüşə təşkilatçılıq etsin. Başqası olsaydı, yenə gözləmək olardı. Amma Şahbaz bəyə heç vaxt haqq qazandırmaram. Əylisli ilə imza saatı təşkil edilən gün sərgiyə iki saat sonra mən də getdim. Bir çox kitab aldım. Şəhidlər haqqında da kitab yazmışdılar, bəyəndim, onu da aldım. Gənc yazıçıların da romanlarından götürdüm, onlarla söhbətləşdim. Kitabların təbliğ olunması çox yaxşı təşəbbüsdür. Çox möhtəşəm idi. Bundan sonra belə sərgilərə tez-tez gedəcəyəm. Əylisli ora gələndə mən də şəxsən orda olsaydım, ona deyərdim ki, siz gərək bu camaatla üz-üzə çıxmayasınız. Azərbaycanda az da olsa, “Əkrəm əqidəli” adamlar var. Sözsüz ki, görüşünə gələn adamlara da əvvəldən deyib. Əsl azərbaycanlı o görüşə getməz, tədbirdə iştirak etməzdi...”

 

Aytəkin Qardaşova

Tarix: 3 Oktyabr 2022, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin