BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Bizim də “Çanaqqala”mız olacaq, ciddi hazırlaşmalıyıq...”

“Dünən qondarma “Artsax”ın saxta “təhlükəsizlik şurası” 6 bənddən ibarət bəyanat yayıb, əsas və diqqətlə izləməli olduğumuz məqamlar: “Artsax”ın beynəlxalq tanınması yoxdur, amma bu “Artsax” xalqının öz müqəddəratənı təyin etmək hüququnu məhdudlaşdırmır və bu hüquq uğrunda mübarizə davam edəcək, “Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq, Azərbaycan müstəqilliyini elan edəndə artıq “Artsax” bu ölkənin tərkibində deyildi, referendum keçirib Azərbaycanın tərkibindən çıxmışdıq, Ermənistan Respublikasının rəhbərliyi danışıqları “Artsax”dan gozlətməməli, bütün bəndləri bizlə məsləhətləşməlidirlər, razı olmadığımız mətnə imza atmamalıdırlar. Ermənistan daim “Artsax”ın yanında durmalıdır, amma son 2 ildə biz bunu tam hiss etmirik, Rusiyanın bölgədə yerləşən sülhməramlıları “Artsax” xalqının təhlükəsizliyinin əsas qarantıdır, daim burda qalmalıdır, son zamanlar əsas və əbədi müttəfiqimiz olan Rusiyaya qarşı Ermənistanda gedən təbliğatı, münasibətlərin pisləşməsini narahatlıqla izləyirik, diaspor təşkilatlarımız “Artsax”ın subyekt kimi tanınması üçün səylərini gücləndirməli, bunun üçün bütün addımlar atılmalıdır, “Artsax” Azərbaycanla birbaşa danışıqlardan qaçmır, amma bu danışıqlarda bərəbərhüquqlu tərəf kimi iştirak etməlidir. Mətndən də görünür ki, Ermənistan Qarabağ yükünü üzərindən atmaq istəyir, amma bunu Azərbaycanın ərazi bütüvlüyünü tanımaqla deyil, bölgəni Rusiyaya yükləməklə etməyə çalışır. Yəni, Ermənistan deyir ki, rəsmi Bakı ilə danışıqlarda Qarabağ mövzusu olmamalı, iki ölkə arasında olan problemlər ayrıca masaya yatırılmalı, Qarabağla isə Azərbaycan ayrıca özü danışmalıdır. Qondarma qurumun son bəyanatında qələmin Kreml tərəfindən tutulduğu aydın görünür, son 2 ildə dəfələrlə ictimai çıxışlarımda xəbərdarlıq etmişdim ki, sonda Xənkəndi məsələsi Rusiya ilə münasibətləri dalana dirəyəcək, Moskva Ukraynada uğur qazana bilsə (Allah eləməmiş), o zaman eyni ssenarini (referendumla öz ərazisinə qatmaq, Kalininqrad kimi eksklav şəklində) Qarabağda da təkrarlaya bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, son zamanlar yayılan videotəxribatların, Ermənistanla sərhəddə qonşu dövlətin müxtəlif maraq qruplarının törətdiyi təxribatlarının yeganə məqsədi Brüsselin moderatorluğunda davam edən sülh prosesini baltalamaq, yenidən bütün iplərin Kremlin əlinə keçməsinə şərait yaratmaqdır: “Azərbaycan tərəfinin atmalı olduğu addımların ardıcıllığı belə olmalıdır: 1. Sülh danışıqlarını bacardıqca intensivləşdirmək, il sonuna qədər çərçivə anlaşmasının imzalanmasına nail olmaq,

 

2. Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşların) Azərbaycana inteqrasiyasının yol xəritəsini elan etmək, bura Xankəndi və ətrafındakı yaşayış məntəqələrində seçkili yerli orqanların da olacağına zəmanət vermək,

 

3. Moskvaya son xəbərdarlıq edərək oktyabr ayının sonuna qədər “rusməramlıların” nəzarətində olan bölgələrdə onlardan başqa əlində silah olan kimsənin qalmamasını tələb etmək, tələb yerinə yetirilməsə öz qanuni ərazilərimizdə “rusməramlılardan” başqa əlində silah olan hər kəsi terrorost, zərərsizləşdirmək üçün qanuni hədəf elan edərək anti-terror əməliyyatlarına başlamaq,

 

4. “Rusməramlılar” bu əməliyyatlara mane olsalar, Milli Məclisin geniş tərkibli iclasını elan etmək, deputatlardan başqa bütün əsas siyasi qüvvələrin iştirakı ilə müzakirələr apararaq “rusməramlılar”ın ərazimizdəki fəaliyyətini qeyri-qanuni elan etməklə onların məmləkətdən çıxması ümün 48 saat vaxt vermək,

 

5. Anti-terror əməliyyatlarından sonra Xənkəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların icma nümayəndələri (məhz icamalar formatında) ölkənin Daxili İşlər Nazirliyi və digər daxili məsələlərlə məşğul qurumları görüşə, inteqrasiya məsələlərini müzakirə edə bilərlər. “Artsax”ın son sarsaq bəyanatı daha çox Ermənistana ünvanlansa da, bizim üçün də təhlükəli məqamları çoxdur. Dünyanın indiki qarışıq zamanında hələ də 1 noyabr 2020-ci ildə (44 günlük müharibənin bitməsinə 9 gün qalmışdı) yazdığım fikirdə qalıram, indiki durmanda bizim də öz “Çanaqqalamız” olacaq, buna ciddi hazırlaşmalıyıq...”

Tarix: 4 Oktyabr 2022, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin