BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloq: “Ermənilər belələrini bu cür vəhşicəsinə öldürüb basdırırdılar”

“Xocavəndin Edilli kəndində növbəti kütləvi məzarlığın aşkarlanması gözlənilən idi. Hər halda çox məzarlıqlar üzə çıxacaq. Çünki Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı itkilər vermişdi. O cümlədən hərbçilərimizin içində də çoxsaylı itkilər var idi. Həm təcrübəsizlik, səriştəsizlik, peşəkarlığın aşağı olması, həm də xəyanətin yüksək olması bir çox hallarda Azərbaycan əsgərlərinin əsir düşmələrinə gətirib çıxarıb. Həmin vaxtlar bu xəyanətlər var idi, çox şükür, demək olar, indi buna son qoyulub. Xocavənd ermənilərlə azərbaycanlıların ən çox qarşı-qarşıya gəldikləri rayonlardan biridir. Çünki orda bir neçə kənddə azərbaycanlılardır, çox qoçaq kəndlərdir. Edilli də bu kəndlərdən biridir, orda daim ermənilərlə üz-üzə durub vuruşan adamlar olub”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 

O, bildirib ki, Edillidə hərbi geyimdə aşkarlanın 12 nəfərin meyitinin  həmin bölgənin əsgərləri olduğunu düşünmür: “Onlar könüllü vuruşmağa gedənlərindir. Həmin vaxt Azərbaycanın milli ruhu indiki kimi çox yüksək idi. İnsanlar Azərbaycan torpaqları üçün canlarından keçməyə hazır idilər. Belə bir vəhşiliklə basdırılmaları sübut edir ki, deməli, onlar erməniyə əyilməyən, ruhundan dönməyən, heç bir satqınlıq etməyən insanlar olublar. Ermənilər belələrini bu cür vəhşicəsinə öldürüb basdırırdılar. Bu da həmin kütləvi məzarlıqlardan biridir”.

 

C.Nuriyev vurğulayıb ki, Azərbaycan mediası da bu məsələlərin  üzərinə getməlidir: “Bu sahədəki fəaliyyətimiz, hesab edirəm, o qədər də qənaətbəxş deyil. Medianın imkanları böyükdür. Çoxdilli saytlarımız da var, bir neçə dildə materiallar çap edirlər. Bunu dünyaya bəyan etməliyik. Bunu ancaq media portalları, sosial şəbəkələr vasitəsi ilə həyata keçirmək lazımdır. Həm də Azərbaycanda kifayət qədər xaricdə oxuyub gələn, bir neçə dildə danışa bilən gənclərimiz var. Yaxşı olar ki, Medianın İnkişafı Agentliyi bununla məşğul olsun. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün MEDİA bir layihə gündəmə gətirməlidir. Bunun əsasında da sadaladığımız işlər görülməlidir. Bu, çox vacib bir məsələdir, diqqətdən kənarda saxlaya bilmərik. Çünki ermənilər yenə də timsah göz yaşlarını tökürlər. Şaxsey-vaxsey vururlar ki, türklər bizi qırdı. Amma onların vəhşilikləri ilə bağlı “Caliber” saytı rus dilində videolar paylaşır. Düzdür, bu videolar şəhid ailələrinə əzab verir, əslində belə şeylərin əleyhinəyəm. Amma ermənilərin Edillidə törətdikləri vəhşilikləri də, hamısını hüquqi müstəviyə çəkmək lazımdır. Hələ bilinmir ki, tapılan meyitlər kimlərə aiddir. DNT analizi aparılmayıb. Lakin buna qədər bu məsələləri dərc edib erməni vəhşiliyinin bir nümunəsi kimi fotolarını paylaşmaq olar. Bizim həqiqətlərimiz realdır, ermənilərinki isə virtual. Ona görə də fəaliyyətimizi gücləndirməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Oktyabr 2022, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin