"Ölkədə yaranmış ağır vəziyyəti Prezidentin çiyninə yıxmaq doğru deyil" - Razi Nurullayev

"Bu gün koronavirusla bağlı ölkədə yaranmış ağır vəziyyəti ölkə Prezidentinin və hökumətin çiyninə yıxmaq və ancaq tələb etmək doğru deyil".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu pandemiya dünyanın əksər ölkələrini çətin vəziyyətə salıb: "Onun üçün də hər bir ölkə vətəndaşı vəziyyətdən ən az itki ilə çıxmaq üçün əlindən nə gəlirsə onu etməlidir. Birinin pulu varsa, yaradılan Fonda pul köçürərərsə, töhvə vermiş olar, kimisə evdə oturmaqla ciddi yardım etmiş olar.

Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun iki yanaşması diqqətimi çəkdi və cənab naziri dəstəkləyir və bu məsələlərdə israrlı olmağın vacib olduğunu vurğulayıram. Nazir işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə səsləyib və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

Həqiqətən, bu çox ciddi məsələdir və insanların çörəyi, qazancı ilə oynamaq olmaz. İndi daha çox qazanmaq zamanı yox, yardım etmək, paylaşmaq zamanıdır. Əgər ölkə Prezidenti və Birinci vitse-prezident bir illik əmək haqlarını Fonda köçürdülərsə, bu hər kəs bir-birinə yardım etsin, paylaşsın deməkdir.

İkinci məsələ isə işəgötürənlərin icarə haqlarını dondurması məsələsidir. Cənab nazir də bununla bağlı vurğulayıb ki, "işəgötürənlər icarə haqlarının dondurulmasını müzakirə etməlidirlər”.

Bu məsələ də çox əhəmiyyət kəsb edir. İnsanlar icarə haqqını ödəmək üçün işə çıxır və virusun yayılma riskini artırırlar. Dediyim kimi, bu gün qazanc yox, paylaşmaq, yardımlaşmaq zamanıdır".

Tarix: 24 Mart 2020, 00:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin