Deputat: “Dövlət koronavirusla mübarizədə ən yüksək səviyyədə tədbirlər həyata keçirir” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Eldar Quliyevin Pravda.az-a müsahibəsi:

 

- Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə qənaətbəxşdirmi?

 

- Deputatlar koronavirusla mübarizəyə tam dəstək verirlər. Yeni yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlər köçürülüb. Biz dövlətin həyata keçirdiyi tədbirləri dəstkələyirik, dövlət başçısının yanındayıq. Təşəbbüsümlə Azərbaycan Kooperasiya Universiteti və Kooperasiya Kolleci Fonda 100 min manat məbləğində vəsait ayırıb. İctimaiyyətə müraciət etdim ki, dövlətin həyata keçirdiyi işləri dəstəkləyək, çağırışlara qoşulaq, tövsiyələrə əməl edək. Virusun geniş yayılmaması üçün ilk növbədə cəmiyyət mübarizə aparmalıdır. Kimsə özünü kənara çəkməməlidir, mübarizə birlikdə aparılmalıdır. Sevindirici haldır ki, ayrı-ayrı sahələrdə çalışan insanlar çağırışlara qoşulub, Fonda dəstək verirlər. Bizim üçün prioritet məsələlərdən biri də aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bilirsiniz, bəzi yerlərdə işlər tamamilə dayanıb. Bura böyük ticarət mərkəzləri və başqa xidmət sahələri daxildir. Burada çalışan insanların dolanışığında çətinliklər yaranıb. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Bu, çox önəmli addımdır, seçicilər arasında bu işlərin təbliğatını aparırıq. Ən böyük tədbir vətəndaşın özü özünü qorumasıdır. Bununla həm də o, ailəsini qorumuş olur. Görürsünüz, bəzi ölkələrdə insanları evdən çıxmağa qoymurlar, Azərbaycanda isə bu qadağalar yoxdur, sadəcə, tövsiyə xarakterli məlumatlar yayılır. Vətəndaşlar da bunu başa düşməli, evdən çıxmağa az üstünlük verməlidirlər. Yəni küçə və parklarda toplaşmamalı, yığıncaqlar keçirməməli, xəstələrlə bağlı xəstəxanaya müraciət etməlidirlər. Şükürlər olsun ki, bu virus Azərbaycanda geniş yayılmayıb... Dövlət nə lazımdırsa, yüksək səviyyədə həyata keçirir. Baxın, ölkə rəhbərliyi var gücü ilə çalışır. Əgər ölkə rəhbərliyi belə çalışırsa, deməli, məmurlar da eyni qayda ilə çalışmalıdırlar.

 

- Bank kreditlərinin faizlərinin dondurulması ilə bağlı təkliflər səsləndirilir. Mümkündürmü?

 

-Doğrudur. Bu məsələ müzakirə olunur. Yəqin ki, banklara tapşırıq veriləcək ki, bir neçə aylıq kredit faizləri dondurulsun. Düşünürəm ki, bu, elə də maliyyə itkisi deyil. Ola bilər ki, kommunal xərclər də bir müddətlik dayandırılsın. Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub. Qərar dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq. Bu tapşırıqlara ciddi şəkildə əməl edilməlidir. Bunun müqabilində işgötürənlərə dəstək verilməli, güzəştlər olmalıdır. Mən imkanlı şəxslərə müraciət edirəm, hər şeyi dövlətdən gözləməyək, hamımızın ətrafında aztəminatlı ailələr var, onlara kömək edək. Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə iş bitmiş hesab olunmur. Kim aztəminatlı ailə tanıyırsa, onlara kömək etsinlər. Biz əl-ələ verib bu bəladan xilas ola bilərik. Biz özümüz Novruz bayramında 50 aztəminatlı ailəyə yardım etdik, bayram sovqatı yolladıq. Aztəminatlı ailələr bütün rayonlarda var, onlara kömək edilməlidir.

 

- Artıq, Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Növbəti tədbirlərin davamı kimi fövqəladə vəziyyət elan edilə bilərmi?

 

-Azərbaycanda fövqəladə vəziyyətə ehtiyac yoxdur. Əgər vəziyyət daha da gərginləşərsə, virus daha geniş ərazidə yayılarsa, insanlar tövsiyələrə əməl etməzsə, fövqəladə vəziyyət elan ediləcək. Bu zərurətdir. İnsanlar düşünməlidir, tövsiyələrə əməl etməlidirlər. Bu elə bəladır ki, dünyanın aparıcı ölkələrində geniş yayılıb. Avropa xəstəlikdən ölənlərin sayına görə birincidir. Bəzi hallarda uydururlar ki, guya vaksini tapılıb... Sadəcə, hər kəs qaydalara riayət etməlidir.

 

Kənan Mirzəyev

Tarix: 24 Mart 2020, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin