BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yafəs təqaüdünü mənə verib ki, get özünə nişan üzüyü al...”

ƏLVİDA, YAFƏS...

 

Yafəs... Onu mənim qədər yaxından kim tanıya bilərdi ki?! O, talesiz adam idimi? Bəlkə də... Amma bu talesizlikdən özünə böyük mənada TALE yaratmış adam idi! Taleyini poeziyaya çevirməyi bacarmışdı...

Yafəsin içindəki fırtınalar onu sabit bir həyat yaşamağa qoymurdu. Yafəs bütün çərçivələrə meydan oxuyan adam idi. Bütün qeyri-adilikləri içindəki talesiz adamı ovutmaqdan ötrü idi... Düşündüyünü birbaşa dilə gətirməkdən heç vaxt çəkinməzdi.

Yafəs öz HƏQİQƏTİNƏ son nəfəsinə qədər sadiq qalmağı bacardı. Həmişə öz HƏQİQƏTİ uğrunda döyüşdü, savaşdı. Buna görə təhdidlərə məruz qalsa da, qınaq obyektinə çevrilsə də, çox şeylərdən məhrum olunsa da inandığı HƏQİQƏTƏ heç vaxt xəyanət etmədi.

Biz Yafəslə bir dilim çörəyi duza batırıb yemişik. Biz Yafəslə çətin, ağır günlər yaşamışıq. Yafəs məni yıxılmağa qoymayan adam olub. Dar günümdə həmişə yanımda Yafəsi görmüşəm. Yafəs mənə bütün dostlarımdan vəfalı çıxıb. Çünki bizim dostluğumuzda təmənna anlayışı olmayıb! Yafəs övladının gödəkçəsini mənə verib ki, qışda soyuqdan donmayım. Yafəs təqaüdünü mənə verib ki, get özünə nişan üzüyü al. Yafəs çarəsiz günlərimdə yanımda oturub hönkür-hönkür ağlayan adam olub. Yafəs məni sınmağa, əyilməyə qoymayıb. Yafəs ağır xəstə yatdığım vaxtlarda qapı-qapı düşüb pul yığıb, hər gün bazarlıq edib gətirib, dərmanlarımı alıb, məni xəstəxanaya çatdırıb.

Yafəsin mənim boynumda o qədər haqqı var ki, onun borcundan heç vaxt çıxa bilməyəcəyəm...

Heç vaxt bunları yazmamışam. Özü də istəməzdi ki, yazım... Biz Yafəslə iki mininci illərdə "Yazar" ədəbi qəzetini birlikdə nəşr etmişik. Minbir zülmlə çıxartmışıq o qəzeti! Yafəsin ədəbiyyat sevgisi sonsuz idi. Ədəbiyyat onu yaşadan, təsəlli verən, həyata bağlayan yeganə qüvvə idi.

Yafəs o qədər diri adam idi ki, mən heç cür onun ölümünü təsəvvür edə bilmirəm... Ağlıma sığışmır...

Cəbrayıl azad olunanda ona zəng vurub təbrik elədim. Telefonda səsi boğuldu. Sonralar Cəbrayıla getməkdən qorxurdu. Deyirdi təsəvvürümdəki Cəbrayılı görə bilməsəm, dözə bilmərəm, ürəyim partlayar... Yafəs doğulduğu torpağa qayıda bilmədi... Amma ruhu o torpaqlardadır, əminəm...

Narahat ruhun dinclik tapdı yəqin ki...

Səni doyunca ağladım, şair... Sənli xatirələr üstümə hücum çəkdi bu axşam... Acılı-şirinli xatirələr...

Sınmayan, əyilməyən adam... Xəstəliyə niyə yenildin axı?!...

Əlvida, Yafəs... Narahat adam, kövrək adam, böyük şair... Görüşənədək!..

 

Kənan Hacı

Tarix: 18 Oktyabr 2022, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin