BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kriminal aləmə yaxın şəxsi öldürənlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Taryel Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətə həbs cəzasına məhkum edilib.

 

Qeyd: Bu il dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Araşdırmalar zamanı məlum olub ki, hadisə baş verən gün Allahverdi Mirzəyev yaşadığı evə gələrək həyat yoldaşını döyüb və onun qızıl boyunbağısını dartıb çıxarıb.

 

Belə ki, həmin gün A.Mirzəyevin özündən 19 yaş kiçik olan və qeyri-rəsmi nikahda yaşadığı sevgilisindən olan övladının doğum günü olub. Bu səbəbdən o, uşağına hədiyyə almaq qərarına gəlib və yaşadığı evə gələrək həyat yoldaşının mobil telefonunu və qızıl boyunbağısını zorla alıb, onu alın nahiyəsindən vuraraq xəsarət yetirib. Bundan xəbər tutan A.Mirzəyevin qayını Taryel Qurbanov daha əvvəl də bu tip hadisələrin baş verdiyini bilərək yeznəsini qətlə yetirmək qərarına gəlib.

 

O, bacısıgildə yeznəsinin bacısını döydüyünü gördükdən sonra yaşadığı evə gəlib və zirzəmidə gizlətdiyi tüfəngi götürərək geri qayıdıb. Taryel Qurbanov yeznəsinin evinə gələrək tüfəngi ona məxsus “İkarus” markalı avtobusun altında gizlədib və evə qalxıb. Allahverdi Mirzəyevin evdə olmadığını öyrənən Taryel Qurbanov daha sonra evi tərk edib və bacısıgildə evdən uzaqlaşması təəssüratını yaradıb. Lakin o, bir neçə dəqiqə sonra açıq qalan həyət qapısından geri qayıdaraq tüfəngi götürərək həyətdəki əl damına girib. Burada gizlənən Taryel Qurbanov yeznəsinin evə qayıtmasını gözləyib. Bir qədər sonra A.Mirzəyevin “Galendewagen” markalı avtomobillə gəlib həyətə daxil olduğunu gördükdən sonra tüfəngi götürərək ona yaxınlaşıb və silahın lüləsini onun çənəsinin alt hissəsinə dirəyib. O dərhal atəş açaraq yeznəsini qətlə yetirib.

 

Araşdırmalar zamanı məlum olub ki, Allahverdi Mirzəyev əvvəllər xuliqanlıq əməlinə görə 3 il həbsxana həyatı yaşayıb. O, özünə məxsus 10-a yaxın iritutumlu avtobusu “Azərsun” və digər şirkətlərə icarəyə verərək aylıq 10-15 min manat gəlir götürürmüş. Elə həmin vaxt, yəni 2020-ci ildə Allahverdi Mirzəyev “Azərsun”da çalışan 1997-ci il təvəllüdlü, əvvəllər ailəli olmuş qadınla tanış olaraq onunla sevgi münasibətinə başlayıb. Bundan sonra onun ailədəki münasibətləri pisləşib. A.Mirzəyev sevgilisinə ev tikdirib, əldə etdiyi pulların böyük hissəsini ona xərcləyib.

 

Xatırlatma: Allahverdi Mirzəyev Bakıda kriminal aləm üzvlərinə yaxınlığı ilə tanınırdı.

 

Kamal Məmmədov

Tarix: 22 Oktyabr 2022, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin