BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mətbuat Şurası MEDİA-nın təcrübəsindən də yararlana bilər”

Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət edib. Müraciətdə qeyd edilir ki, internet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb.

 

Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır: “Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər. Bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq”.

 

Mətbuat Şurasının məlum müraciəti ictimaiyyət tərəfindən xoş qarşılanır.

 

Əməkdar jurnalist,  Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Mətbuat Şurası media ilə bağlı ölkə vətəndaşlarını narahat edən bütün məsələlərə diqqətlidir: “Təəssüflər olsun ki, sosial media istifadəçiləri arasında yeni texnologiya imkanından sui-istifadə edənlər az deyil. Məlumdur ki, sosial mediada paylaşılan bəzi məlumatlar media əhli üçün informasiya rolu oynayır. Təəssüf ki, bəzi naşı həmkarlar həmin məlumatlardan istifadə edərək xəbər, yazı hazırlayırlar. Nəticədə isə bu faktlar cəmiyyətə yanlışlığa aparır. Bu baxından da Mətbuat Şurası hesab etdi ki, sosial media istifadəçilərinə müraciət olunsun. Onlara çağırış edilsin ki, negativ, əsassız paylaşımlardan çəkilsinlər və ümumi informasiya mühitini lazımsız şaiyələrlə doldurmasınlar. Mətbuat Şurasının məlum müraciəti Azərbaycan cəmiyyətinin narahatlığı kimi qəbul edilməlidir”.

 

Həmsöhbətimiz onu da əlavə etdi ki, biz sosial medianın azadlığını qəbul edirik, ancaq bununla yanaşı bu platformanın zərərli vərdişlərə görə istifadə olunması düzgün deyil: “Əldə olan imkanlardan faydalı şəkildə istifadə etmək lazımdır. İnsanları maarifləndirmək, doğru informasiyalar yaymaq lazımdır. Əks təqdirdə xoşagəlməz hadisələr yaşanır”.

 

“Demokrat Media”nın direktoru Vasif Həsənli qəzetimizə açıqlamasında qeyd etdi ki, bu günlərdə Azərbaycan Mətbuat Şurasında sosial mediada fəal olan kanal rəhbərləri və səhifə idarəçiləri ilə keçirilmiş görüş çox vacib tədbir idi. Bildiyimə görə, bu görüşdə Azərbaycanda sosial şəbəkələrin vəziyyəti müzakirə edilib, sosial şəbəkə istifadəçilərinə müraciət qəbul olunub. Bu formada görüşlər Facebook, Youtube və digər seqmentlərdə aktiv olan şəxslərlə də davam etdirilməlodir. Çünki sosial şəbəkələr həyatın ayrılmaz parçasına, günümüzün trendinə çevrilərək, yeni media reallıqları yaradıb. Bu gün demək olar ki, əksərimiz sosial şəbəkələrdən hər gün istifadə edirik, istənilən məlumat daha çox sosial şəbəkələrdə sürətlə yayılır. Sosial şəbəkələrdən istifadəyə müsbət və ya mənfi yöndə baxmaq olar. Amma sosial şəbəkələrin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Bu baxımdan mediamız da sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanmalıdır və hazırda da bu iş gedir. Misal üçün, MEDİA agentliyi tərəfindən sosial şəbəkə fəalları və blogerlərlə bağlı müxtəlif görüşlər və tədbirlər təşkil edir. Ümumiyyətlə, Mətbuat Şurası MEDİA agentliyinin təcrübəsindən də yararlana bilər. Hesab edirəm ki, Mətbuat Şurası sosial şəbəkə fəalları ilə görüşləri intensiv təşkil etməli, həmçinin, təkcə fəal səhifə istifadəçiləri ilə deyil, eyni zamanda tanınmış blogerlərlə də görüşlər keçirməlidir. Bütövlükdə, bu cür addımlar mediamızın yeni dövrün çağrışları ilə ayaqlaşmasını sürətləndirəcək.

 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli təəssüf hissilə qeyd etdi ki, insanların şəxsi həyat toxunulmazlığı, işğüzar nüfuzunun zədələnməsi, şər, böhtan tipli informasiyalar son zamanlar sosial şəbəkələrdə daha çox yayılır. Bundan başqa sosial mediada dezinformasiyalara, feyk xəbərlərə də rast gəlirik: “Bu da çox vaxt insanlar tərəfindən qınaqla qarşılanır və Azərbaycan mətbuatı haqda da neqativ fikirlər yaranır. Bilisiniz ki, hazırda informasiya məkanı genişlənib və sosial platformalar da xəbər istehsalçısı, xəbər yayımçısı rolunu oynayır. Azərbaycan jurnalistləri, peşəkar KİV-lər etik davranış qaydalarına riayət etsə də, sosial mediada bu prinsiplərin tez-tez pozulması hallarına rast gəlirik. Mətbuat Şurası da bütün bunlar nəzərə alaraq sosial şəbəkə istifadəçilərinə müraciət etdi. Bu müraciətin əsas məqsədi sosial mediada etik davranışlara, milli-mənəvi dəyərlərə, şəxsi həyat toxunulmazlığına çağırış etməkdən ibatətdir”.

 

H.Heydərli hesab edir ki, cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. İlk növbədə maarifləndirmə tədbirləri olmalıdır ki, sosial media fəalları informasiyaları təhlil edib, düzgün nəticə çıxara bilsinlər. Bu müraciət sosial şəbəkə istifadəçilərinə tövsiyə xarakterlidir: “Düşünürəm ki, sosial mediada hər kəs məsuliyyətini anlasa, informasiya təhlükəsizliyinə fərdi qaydada töhfə vermiş olar”./Bakı Xəbər

Tarix: 25 Oktyabr 2022, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin