BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev Azərbaycan xalqını məğlubdan qalibə, itirəndən qazanana çevirdi” - RƏY

“Vətən müharibəsində Azərbaycanın zəfəri siyasi-hüquqi nəticələrinə görə həm regional, həm də qlobal miqyaslı hadisədir. Ölkəmiz Ermənistanı məğlub etməklə ilk növbədə beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin, eyni zamanda BMT Nizamnaməsi ilə təşkilatın üzvləri qarşısında qoyulmuş imperativ tələblərin işğal formasında ehtiva olunan kobud pozuntusunu aradan qaldırdı. Digər tərəfdən, işğala son qoymaqla Azərbaycan qlobal problem olan təcavüz aktına, eləcə də işğalla bərabər törədilmiş və o zaman da davam edən müharibə cinayətlərinə son qoyulmaqla bəşəri dəyərlər uğrunda yüksək iradə nümayiş etdirdi. Habelə, Azərbaycanın zəfəri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələri başda olmaqla, həllini gözləyən çoxsaylı hüquqi aktların icrası baxımından həm də beynəlxalq hüququn aliliyini təmin etmiş oldu”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 8 Noyabr – Zəfər Günü ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, regional müstəvidə təhlil edəndə cənab İlham Əliyev İrəvanı kapitulyasiyaya məcbur etməklə ilk növbədə Cənubi Qafqazda qüvvələr balansının dəyişməsini rəsmiləşirib: “Çoxsaylı dəstəkçiləri hesabına özünü bölgənin əsas hərbi-siyasi gücü elan edən Ermənistanın mifini qırmaqla İrəvanın digər qonşularına, o cümlədən Azərbaycanın o zamankı təmas xəttindən çox uzaqda yerləşən ərazilərinə qarşı ərazi iddiaları fonunda yeni total gərginlik perspektivlərini heçə endirdi. Bütün istiqamətlərdə əməliyyat şəraiti Azərbaycanın nəzarətinə keçməklə Azərbaycan bölgədə sülh və əmin-amanlıq mühitini yekun sülh müqaviləsinə qədər sığortaladı. Sonrakı dövrlərdə, ermənilərin Fərruxda, Kəlbəcər-Laçın istiqamətlərində təxribat cəhdlərinin ciddi formada fiaskoya uğraması, cənab İlham Əliyevin qətiyyətli cəza tədbirləri Bakının bu məsələdə nə qədər ciddi mövqe ortaya qoyduğunu və bu mövqeyin pafos və təbliğata deyil, sözün əsl mənasında, gücə söykəndiyini dünya gördü”.

 

B.Məhərrəmov deyib ki, artıq bölgədə marağı olan istənilən subyekt üçün Cənubi Qafqazda hesablaşmalı gücün Azərbaycan olduğu qəbul edilib: “Düzdür, İran, Fransa kimi bu reallığı dərk etməkdə çətinlik çəkən tərəflər var, amma dəyişən geosiyasi mənzərə və reallıq Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıqdan başqa alternativin olmadığını aydın formada göstərməkdədir. Vətən müharibəsindəki zəfərimiz eyni zamanda bölgənin iqtisadi inkişafı üçün tarixin heç bir dövründə olmadığı qədər imkanlar açdı. Bütövlükdə cərəyan edən qlobal proseslər, enerji böhranı, Qərb-Rusiya antaqonizminin pik həddə çatması, Azərbaycanın simasında regionumuzu böyük güclər üçün ən etibarlı tranzit habına çevirməyə başladı. Ümummilli liderin əsasını qoyduğu və cənab İlham Əliyevin tam yeni məcrada reallaşdırdığı neft və qaz strategiyasının, eləcə də regional infrastrukturların da əsl əhəmiyyəti məhz bu dövrdə bir daha meydana çıxdı. Ən nəhayət, müharibədəki qələbəmiz Azərbaycan xalqının milli məfkurəsi, bir xalq kimi özünüdərki prosesinin pik mərhələsi hesab olunmalıdır. Cənab İlham Əliyev böyük güclərin oyununu özləri belə gözləmədən pozaraq 200 ildən artıq bir periodda cərəyan edən proseslərin axarını dəyişərək bizi məğlubdan qalibə, itirəndən qazanana çevirdi. Eyni zamanda biz bir xalq olaraq həmrəy ola bildiyimizi, bir amal uğrunda, vətən, torpaq, dövlət uğrunda qan tökə, can verə bildiyimizi ilk növbədə elə özümüzə isbatladıq. Post-müharibə dövründə isə zəfərimizin nəticələrinin qorunması, yad ünsürlərin qələbəmizin nəticələrini əlimizdən almaq xülyalarını da məhz bu əzmimiz, xalq-ordu-hakimiyyət birliyimiz puç etdi”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Noyabr 2022, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin