BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalq Vətən həsrəti, sevgisini ürəyində daşıdı, Prezident İlham Əliyevə arxalandı və qələbə qazandı” - RƏY

Tarixin müxtəlif dövrlərində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı təcavüzkar Ermənistan Azərbaycana qarşı çox saylı cinayət əməlləri, vandalizm aktları törətməklə, Azərbaycan əleyhinə terror və təxribat hərəkətlərinə yol verməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub. Buna baxmayaraq, Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə dövlətinin milli gücünü, xalqının mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi, tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

 

Bu barədə Pravda.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqı Zəfər Gününü böyük coşqu və sevinclə qeyd edir.

Deputat vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü həm də tariximizə milli ləyaqət, qürur və şərəf günü kimi yazılıb: “44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Bu savaşda Azərbaycan xalqı liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. “Güclü sərkərdəsi olan əsgər yenilməz” deyərlər. Belə də oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yalnız hərb meydanında deyil, həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya savaşında Azərbaycanın hayqıran haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə və təhdidlərə sinə gərdi, mövqeyindən dönmədi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev əzmkarlığı və dəyişməz siyasi iradəsi, ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Əslində isə bu münaqişə azərbaycanlılara və türklərə qarşı planlaşdırılmış 300 illik layihənin darmadağın edilməsi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edilməsi idi. “Qarabağ Azərbaycandır!” reallığı, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı - ya ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı, nəhayət, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı”.

 

M.İbrahimqızı deyib ki, 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gündür: “Bu, böyük Qələbə Günüdür! Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edir. Üçtərəfli bəyanata əsasən, “Dağlıq” Qarabağın heç bir xüsusi “status”u olmayacaq. “Dağlıq Qarabağ Muxtar Vilayəti” də tarixə qovuşdu. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. 10 noyabr bəyanatı Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur. Uzun illər ərzində millətimiz daim Vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Artıq iki ildir ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! Şərəf və ləyaqət rəmzi olan 44 günlük qəhrəmanlıq savaşımız Azərbaycan xalqı var olduqca daim qürur mənbəyimiz qalacaq! Allah əziz şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə xatırladıb ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq 1988-ci ildə Azərbaycan ərazilərinin ilhaqını nəzərdə tutan “Miatsum” hərəkatını başladıb:

“Bununla Sovet İttifaqı ərazisində milyonlarla insanın faciəsi ilə nəticələnən etnik separatizmə start verildi. Ermənistan ərazisində yaşayan 200 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı və dədə-baba yurdlarından didərgin salındı. Bundan sonra Azərbaycan əraziləri işğal edildi, Qarabağın kəndlərindən, qəsəbələrindən yerli əhali vəhşi üsullarla çıxarıldı. Əsrin cinayətlərindən sayılan Xocalı soyqırımı törədildi, yüzlərlə insan qətlə yetirildi. Xarici qüvvələrin yardımı ilə torpaqlarımızın 20%-i işğal edildi, şəhərlər, kəndlər darmadağın edildi, dini abidələrimiz təhqir edildi. BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələri 30 ilə yaxın müddətdə icra olunmadı. Vətən müharibəsinin gedişində Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri davam etdi. Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan qonşu dövlət daha çox dinc əhalini hədəf aldı. Müharibə zonasından kənarda olan şəhər və kəndlərimiz böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutuldu. Beynəlxalq konvensiyalarla qadağan olunmuş sursatlardan istifadə olunaraq yüzlərlə dinc insan-qocalar, qadınlar, uşaqlar qətlə yetirildilər. Ermənilər tərəfindən əsir düşən hərbçilərimizə insanlığa sığmayan işgəncələr verildi".

 

Partiya sədrinin sözlərinə görə, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri bu gün də davam edir: "Həm sərhəddə, həm də Qarabağ ərazisində ardıcıl təxribatlar törədən ermənilər bu davranışları ilə regionda sülhün və sabitliyin yaranmasını istəmədiklərini nümayiş etdirməkdən yenə də çəkinmirlər".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 5 Noyabr 2022, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin