BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bunun sonu zorla, hərbi yolla da nəticələnə bilər, səbrimizin də həddi-hüdudu var”

“2020-ci ilin 10 noyabr sazişindən sonra hər bir tərəf üzərinə müvafiq öhdəliklər götürmüşdü. Üç dövlət rəhbərinin məhz bu sazişdə imzası var. Cənab Prezident də 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışı ilə bildirmək istədi ki, hər bir imza söz deməkdir, hər bir tərəf də imzasına layiqincə yanaşmalıdır. Azərbaycan tərəfi götürdüyü öhdəliklərin hamısını yerinə yetirib. Biz sülh sazişinin imzalanmasına hazırıq. Ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizidir. Lakin ermənilər ciddi cəhdlə havadarları vasitəsilə öhdəliklərini yerinə yetirmirlər. Bu gün istər dəmir, avtomobil yolları, istər digər kommunikasiyalarla bağlı hər hansı bir addım atılmayıb. Əsas məqam da bundan ibarətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməməsinə birbaşa imza sahibləri cavabdehdirlər: “Məlumdur ki, Rusiya Ermənistana bu məsələlərlə bağlı ciddi təsir göstərə bilər. Moskva İrəvandan imzasına hörmətlə yanaşmasını istəməlidir. Təəssüf ki, iki ildir, söhbət danışıqlardan o tərəfə keçmir. Baxmayaraq ki, delimitasiya və demarkasiya ilə bağlı komissiyalar işləyir, sülh sazişinin imzalanması ilə əlaqədar Brüssel, Rusiya sənədləri ortadadır. Lakin ermənilər ciddi cəhdlə “status-kvo”nu saxlamaq istəyir, üzərilərinə düşən məsuliyyəti, cavabdehliyi isə yerinə yetirmək istəmirlər. Həm imza sahibləri, həm də bütün beynəlxalq təşkilatlar, qurumlar bilmədirlər ki, Azərbaycanda, yaxud regionda baş verən hər hansı hadisə beynəlxalq səviyyədə öz əks-sədasını verəcək. İstənilən halda keçiriləcək anti-terror əməliyyatlarının, hərbi qarşıdurmaların beynəlxalq səviyyədə də səsi çıxmalıdır. Bu barədə düşünməlidirlər. 10 noyabr bəyanatında göstərilən müddəalara, eyni zamanda Baş nazir müavinlərinin səviyyəsində olan komissiyaların verdikləri qərara diqqətlə yanaşılmalıdır”.

 

A.Nağıyev vurğulayıb ki, Azərbaycan gözləmə mövqeyi seçə bilməz: “Hansı kommunikasiyalardan söhbət gedir? Bu, Naxçıvan və Azərbaycan arasında yoldur, delimitasiya-demarkasiya və bir sıra mühüm məsələlərdir. Beynəlxalq təşkilatlar da gələcəkdə logistikanın, daşınmaların yüksək səviyyədə həyata keçirilməsini istəyirlərsə, bu problemlərin həllində daha maraqlı olmalıdırlar. Cənab Prezidentin Şuşadan verdiyi mesajında əsas məqam məhz bundan ibarət idi. Bunun sonu zorla, hərbi yolla da nəticələnə  bilər. Bu, kiminsə fikirlərini başqa tərəfə yönəltməsi ilə də alına bilər. Lakin bizim səbrimizin də bir həddi-hüdudu var. Ona görə də ermənilər və onların havadarları bu haqda ciddi düşünməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Noyabr 2022, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin