BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda tanışını öldürüb basdıran şəxs hökmdən narazıdır

Rəsmi sənədləri saxtalaşdırmaqda, dələduzluqda və tamah məqsədilə qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 35 yaşlı Fuad Mustafayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə araşdırılacaq şikayət noyabrın 11-nə təyin edilib.

 

Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.

 

Qeyd: Qətl hadisəsi 2018-ci ildə Abşeron rayonu ərazisində baş verib. Bakı şəhər sakini 55 yaşlı Əli Rəsulovun itkin düşməsi ilə bağlı araşdırmalar aparılarkən onun  öldürüldüyü, eləcə də mənzilinin dələduzluq yolu ilə ələ keçirildiyi üzə çıxıb.

 

İstintaq müəyyən edib ki, Fuad Mustafayev Xırdalan şəhəri, Quşçuluq massivində, özünə məxsus mənzildə ailəsindən ayrı və tək yaşayan Əli Rəsulovu öldürüb mülkiyyətini ələ keçirmək qərarına gəlib. Bu məqsədlə onu 2016-cı ilin sentyabrında istirahət etmək adı ilə Pirşağı qəsəbəsində “Koşkin dom”un yaxınlığındakı bağ evinə dəvət edib. Tiryəkin təsirindən qonağının sərxoş olduğunu, qurduğu planı həyata keçirmək üçün əlverişli şərait yarandığını görən Fuad vaxtı itirməyib. O, Ə.Rəsulovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl zərbələr endirib. Onun öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti selefona bükərək həyətdə basdırıb.

 

İcarəyə götürdüyü bağ evini təhvil verməli olan Fuad Mustafayev meyitin aşkar ediləcəyindən qorxuya düşüb. Ona görə də bağı təhvil verməmiş cinayətin izlərini silmək qərarına gəlib. 2017-ci ilin aprel-may aylarında yenidən bağa gələn Fuad Mustafayev meyiti basdırdığı yerdən qazıb çıxarıb, cəsədi hissələrə ayırıb torbalara yığaraq yaxınlıqdakı boş sahədə basdırıb. Bundan sonra mərhumun vaxtilə tək yaşadığı evdəki məişət əşyalarını alqı-satqı elanları vasitəsilə satıb, eləcə də mənzilə aid sənədləri saxtalaşdırmaqla ələ keçirib. Öldürdüyü şəxsə məxsus mənzili özününkü kimi göstərməklə 23 min manata Tural Mirzəliyevə satıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 10 Noyabr 2022, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin